Xəzər rayon sakini, müharibə əlili, Xəzər batalyonunun keçmiş komandiri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Respublika Şəhid Ailələrinə Qayğı cəmiyyətinin sədri Müşfiq Əliyev öz iki oğlu ilə birlikdə Ali Baş Komandanın çağırışına cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon şöbəsində qeydiyyatdan keçiblər. İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. Müşfiq Əliyev mərasimdə ölkə rəhbərinin çıxışı ilə bağlı öz təəssüratlarını və Xəzər rayonu əhalisinin fikirlərini bizimlə bölüşüb.
Tovuz rayonunun erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan bir sıra mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olub. Allah şəhidlərimizə rəhmət eləsin!
Prezident İlham Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib və bu mərasimdə prezidentin çıxışı zamanı səsləndirdiyi fikirləri keçmiş döyüşçülər arasında ruh yüksəkliyi yaratdığını dedi. O, bildirdi ki, sakini olduğum Xəzər rayonunda yaşayan müharibə iştirakçıları və şəhid ailələri də prezidentin bu çıxışında göstərilən hədəfləri öz hədəfləri hesab edirlər. Xüsusən də Prezident cənab İlham Əliyevin: «Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ — Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm — beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin» -fikirləri bir daha xalqın istəklərini ifadə edir.
Prezident İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban Əliyevanın Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində pandemiya dövründə şəxsən iştirak etməsini biz müharibə əlilləri alqışlayır və bunu Dövlət Başçımızın bizlərə olan diqqət və qayğısi kimi qəbul edirik. Ali Baş Komandan bu təbəqədən olan insanları daim diqqət və qayğı ilə əhatə edib. Xatırladım ki, bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub.
Xəzər rayonunda yaşayan müharibə veteranları və şəhid ailələri adından bildirirəm ki, dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşərək, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminik. Xususən də ölkə rəhbərinin mərasimdə söylədiyi bu fikirlər nikbin olmağa əsas verir: «İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq.»
Yaxud da cənab İlham Əliyev həmin mərasimdə söylədiyi kimi: «Mənim fikrim nədən ibarətdir, siz hamınız yaxşı bilirsiniz. Azərbaycan öz tarixi keçmişinə sadiq olan ölkədir və tarixi yaxşı bilirik. Gələcəyi necə görmək istəyirik, onu da bilirik və Azərbaycan xalqı da bilir. Ona görə, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq.» Biz Komandanımızın bu fikirləriylə bir döyüşçü kimi şərikik.
İstənilən zaman Ali Baş Komandanın çağırışı ilə düşmənlə döyüşə atılmağa da hazırıq.

Müşfiq Əliyev
Xəzər rayon sakini, müharibə əlili, Xəzər batalyonunun keçmiş komandiri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Respublika Şəhid Ailələrinə Qayğı cəmiyyətinin sədri
