Dəfələrlə yazmışıq ki, bu ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda vuruşan müharibə veteranları ən baxımsız sosial təbəqəyə çevrilib. Bu işdə bəzi məlum kəsiyə aid olan millət vəkillərinin və məmurların da əli olduğunu yazmışıq. Uzaq bir məkanda yaşayan və qəlbləri Vətənlə döyünən soydaşlarımız öz boğazlarından kəsib bu döyüşçülərə və Azərbaycan insanlarına yardım etməyə çalışırlar.
Rusiya Federasiyasının Kamçatka vilayətində yaşayan soydaşlarımız tərəfindən maddi yardım şəklində yığılıb Vətənə göndərilən və AVMVİB tərəfindən Qarabağ qazilərinə çatdırılan xeyriyyə kampaniyası çərçivəsində 10 nəfərə yardım edildi. İlkin olaraq uzaq Əfqanıstandan gəlib qardaşıyla bərabər bizimlə birgə döyüşmüş, qardaşı Füzuli rayonu uğrunda şəhid olmuş, özü Ağdam uğrunda döyüşlərində iki gözünü itirmiş I qrup müharibə əlili Sühail Əlirezanın 4 övlad böyütdüyü evində olduq.
Uzaq Şərqdən göndərilən yardımı çatdırıb, hal — əhval tutduq. AVMVİB sdrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov, Kamçatkada yaşayan soydaşlarımıza təşkilatımız adından öz minnətdarlığını bildirdi. 67 min müharibə veteranı adından bu vətənpərvər insanlarımıza xeyriyyəçi əməllərinə görə minnətdarlığını bildirdi. Daha sonra Əfqanıstan müharibəsində iştirak etmiş, Qarabağ uğrunda döyüşlərdə əlil olmuş və vaxtsız vəfat etmiş Şəmsi Talıbovun ailəsinə yardımları çatdırdıq. Maştağa qəsəbəsində acınacaqlı vəziyyətdə yaşayan qazilərimizdən 3 nəfərə yardımları çatdırdıq.
AVMVİB sədrinin sosial və hüquqi məsələlər üzrə müavini Abbas Hüseynli də Rusiyanın ucqarında yaşayan soydaşlarımızı bu addımını alqışladığını bildirdi. Bu cür addımlar xalqımızın geniş qəlbli və xeyirxahlığının nümunəsidir.
Vəziyyəti ağır olan 5 veterana AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovun iştirakıyla yardım paketlərini təqdim elədik.
Bəzi veteranlarımız kadrlarda görünmələrini istəmədilər. Ona görə də onların adını və kadrlarını təqdim etmirik.
V. Abdurəhmanov da bildirdi ki, onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirik. Bu cür övladları olan Vətən basılmaz.
Həqiqətən də belə bir həssas məqamda köhnə döyüşçülərin yad edilməsi, onların adlarının anılması böyük əhəmiyyətə malikdir. Bu addımla bizlər ətrafda olanlara bir daha göstəririk ki, Vətənin müdafiəsində xidməti olmuş insanlarımız unudulmur və unudulmayacaqlar…
Elnur Səlim
Nurlan Məmmədli





