Mehriban xanımın 12 şəhidimizlə bağlı tapşırığı…

Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan intensiv atəşə tutması nəticəsində sərhədboyu kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o sıradan, infrastruktur obyektlərinə (qaz, işıq, rabitə xətləri) dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər görülməkdədir. İşin ən önəmli tərəfi odur ki, bu tədbirlər dövlət başçısının müvafiq Sərəncamı əsasında görülür.

Bu sözləri millət vəkili, Milli Məclisin ədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.

O bildirib ki, Tovuzda (mülki əhaliyə aid) 35 evə ziyan dəyib; digər dağıntılar da daxil olmaqla, bu işləri rayonun daxili imkanları hesabına da aradan qaldırmaq olardı:

“Ancaq dövlətin siyasi iradəsi və iqtisadi imkanları, o cümlədən məhz dövlət başçısının yanarürəkliliyi, vətənpərvərliyi bu kimi məsələlərin operativ həllini, ali dövlət qayğısını təmin edir. Yəni bu o deməkdir ki, əhalinin üzərində sıxıntı uzun müddət qalmasın; dövlət öz vəzifələrini hər yerdə, hər vaxt və hər cür şərtlər altında icra etməkdədir; Azərbaycan dövləti öz vətəndaşının yanındadır”.

Millət vəkili qeyd edib ki, müstəqil dövlətimiz ərazi bütövlüyümüz uğrunda vuruşanları, cəfa çəkənləri, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır:

“Yeri gəlmişkən, parlamentdə təmsil etdiyim Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğılarının öyrənildiyini və onların həlli istiqamətində addımlar atıldığını minnətdarlıq hissi ilə bildirmək istərdim. Cənab Prezidentin tapşırığı ilə şəhid generalıız Polad Həşimov və şəhid polkovnikimiz İlqar Mirzəyevin ailəsinə yeni mənzil verilib.

Çox hörmətli Mehriban xanım Əliyevanın Tovuz istiqamətindəki döyüşlərdə şəhid olmuş 12 hərbçimizlə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdiyini də qeyd etmək istərdim. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq; şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərə başlanıb.
Bəli, dövlətimiz, ali dövlət rəhbərliyimiz, ölkə ərazisində vətəndaşlarımızın təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır!”

Q.Paşayeva qeyd edib ki, düşmənin hərbi hücumu nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər rəsmi prosedura uyğun şəkildə Azərbaycan Prezidentinə təqdim ediləcək, ardıcıl şəkildə müvafiq rəsmi addımlar atılacaq:

“İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq.

Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb və artıq müəyyən tədbirlər həyata keçirilib. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunub. Sərəncamın icrası ilə bağlı Tovuzda təcili tədbirlər davam etməkdədir. Hücuma məruz qalmış kəndlərdə hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə gərəkən müayinə və ekspertiza işləri aparılır və dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Bununla da qiymətləndirmə məlumatları əsasında, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq.

Əsas ziyan Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü toplam, 6 kəndinə dəyib”.

Bu xəbəri paylaşın: