Müharibə veteranı, AVMVİB üzvü Pyotr Anatolyeviç Kuvşinovun qəhrəmanlığı sosial şəbəkələrdə yayınlanıb. O, dənizdə boğumaqda olan 2 nəfərin həyatını xilas edib.
AVMVİB Rəhbərliyi Pyotr Anatolyeviç Kuvşinovun bu qəhrəmanlığını Fəxri Fərmanla təltif etdi.

Sosial şəbəkədə yayılan məlumatda deyilir: «2 gün əvvəl 11 avqustda SOCAR Bakı Ali Neft Məktəbinin Bədən tərbiyəsi kafedrasının baş müəllimi, su polosu üzrə SSRİ idman ustası, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının məşqçisi olmuş 63 yaşlı Pyotr Anatolyeviç Kuvşinov qəhrəmanlıq göstərərək 2 insan həyatını xilas etmişdir.
…Xəzər sahilində «Şimal» DRES bölgəsindəki “Mayak” çimərliyi yaxınlığında ailəsi ilə birgə dincələn Pyotr dənizdən gələn kömək çağırışlarını eşidir. Təcrübəli üzgüçü dərhal vəziyyəti qiymətləndirir və köməyə tələsir. Sahildən boğulanların yerini müəyyənləşdirir – onlar 3 nəfər idilər. Güclü külək onları sahildən dənizin daxilinə tərəf uzaqlaşdırırdı. Pyotr həyat yoldaşına onu dənizdə istiqamətləndirməyi tapşıraraq, gecikmədən dənizə baş vurur.

Suda üzərkən o, boğulanları görmürdü – dalğalar hündür idi, həyat yoldaşı sahildən onu istiqamətləndirirdi… O, ilk qurbana yetişir və bir qolu ilə qızı tutaraq, sürətlə sahilə doğru üzür. Qız sağ idi…
Əlbəttə, Pyotr yorulmuşdu, lakin digər qurbanları da xilas etmək üçün o yenidən dənizə baş vurur. Bu dəfə o daha uzağa üzməli olur, axı dəniz boğulanları sahildən uzaqlaşdırırdı. Pyotr ikinci qurbana çatır – bu qızın anası idi. O arxası üstə uzanmışdı, dalğalar onun üstündən aşır və ağzına su dolurdu. Bir az da geciksəydi, qadın boğulacaqdı. Pyotr qadını qoltuğuna alıb, başını çiyninə qoyaraq, arxası üstə ayaqlarının köməyilə üzməklə sahilə çatır və qadını xilas edir.
Sahilə çatanda Pyotr 3-cü qurbana yaxınlaşan FHN-nin skuterini görür və taqətdən düşür… Təəssüf ki, 3-cü boğulanı – qızın atasını xilas etmək mümkün olmur – o artıq boğulmuşdu…
Pyotr Kuvşinov Qarabağ müharibəsi veteranıdır, orden və medallarla təltif olunub, bir neçə dəfə yaralanıb və kontuziya alıb, qəlpələrdən biri indiyədək onun bədənində qalıb. 2 il əvvəl ona xərçəng diaqnozu qoyulmuşdu. Bu diaqnoz çoxları üçün ölüm hökmünə bərabərdir. Lakin mübarizə aparmağa alışmış Pyotr ruhdan düşmür və həyat uğrunda mübarizəyə başlayır… O 12 kimyaterapeya prosedurundan keçir… və nəhayət, 63 yaşında xəstəliyə qalib gəlir. İki il reabilitasiyadan sonra… dənizə dincəlməyə gəlir. O, 2 il idi ki dənizə getmirdi…

Bütün bunlara baxmayaraq, o başqalarının həyatını xilas etmək üçün öz həyatını riskə atır…
Allah Pyotr Kuvşinova can sağlığı və uzun ömür bəxş etsin. Belə insanlar durduqca insanlıq da yaşayacaq.
(“Azerbaijan Water Polo Club” məlumat yayıb)
Hazırladı: Elnur Səlim