“Yunanıstanı üstümüzə Avropa İttifaqı ərköyünləşdirib göndərir”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Yunanıstan başda olmaqla, bizə qarşı gələnlərin hamısı haqlı olduğumuzu çox yaxşı bilirlər. Xüsusən də Avropa İttifaqı Yunanıstanı ərköyünləşdirib üstümüzə göndərərkən, sərgilədiyi ikili standartlarla öz prinsiplərini çeynədiyini görməlidir.
Ortada dolaşan mənasız xəritələr sabah ən böyük zərəri Avropa İttifaqının özünə verəcəyi unudulmamalıdır”, — Ərdoğan bildirib.
Xatırladaq ki, Yunanıstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Konstantin Florosun Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı ilə telefon danışığı olub. Danışıqdan dərhal sonra BƏƏ-nin Yunanıstanın Girit adasındakı Souda hərbi hava bazasına 4 ədəd “F-16” qırıcısı göndərmək barədə qərar verildiyi bildirilib.
Döyüş təyyarələrinin artıq adada yerləşdirildiyi açıqlanıb. BƏƏ ordusuna məxsus “F-16”-ların Yunanıstan Silahlı Qüvvələrinə aid qırıcılarla birlikdə təlimdə iştirak edəcəyi deyilir.
Gəlişmənin Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ Dövlət katibi Mayk Pompeo ilə bölgədəki vəziyyəti müzakirə etməsindən sonra baş verməsi də xüsusilə diqqət çəkib.