
Elnur Səlim
«Toydan sonra nağara» kompaniyasının ölkədə əks-sədası səngimək bilmir. Məclisə təşrif buyurmuş «mehriban düşmənlər» birdən birə ortaya çıxıb «koronavirusa meydan oxumaları» mediyamıza əməlli-başlı mövzu verib. Bu toy mərasiminə politoloqlar siyasi qiymət, iqtisadçılar iqtisadi qiymət, elm adamları elmi qiymət, ekoloqlar ekoloji, ekstrasenslər, «manıslar», həkimlər və s. kimi qiymət verməkdədirlər.
Diqqətimi bu rəylər və münasibətlər içində Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminə münasibəti cəlb etdi. Professor, BDU-nun sabiq rektoru Abel Məhərrəmovun toyda tost deyərkən səsləndirdiyi fikirləri tənqid edərək deyib: «Hər kəs fəaliyyət ilə öz portiretini çəkir. Necə ki, son günlər iki akademikimiz çəkdilər. Abel müəllimin çəkdiyi şəkil lap şedevr oldu. Akademik tostunda deyir: «Ramiz müəllim siz çox böyük adamsınız…, biz isə çox kiçik(!). Akademikin məntiqi çox dolaşıqdır. Belə ki, böyük adamların toyunda çox kiçik adamların nə işi? Yox, əgər toya çağrılanlar çox kiçiklərdirsə, toy sahibi çoxmu böyükdür?»
Doğrusu, bu akademik «razmerin» standartını aydınlaşdırmaq üçün «halay pozan» akademiklərimizin boylarını tutuşdurdum. Eyni gündə çəkilmiş fotolarını eyni miqyasda montaj edib yanaşı qoydum və baxdım ki, bu boy-zad məsələsi deyil. Hələ götürəndə Abel Məhərrəmov boyca Ramiz Mehdiyevdən bir neçə barmaq böyükdür. Çəki baxımından da Abel müəllim böyük çəkiyə malik olmasını danmaq insafsızlıq olardı.
Boylarına baxıb şükür eləyə -eləyə, elmlərinə baxıb fikir elədim. Elmi titulları da akademik olduğuna görə bu sahədə də bərabərlik gördüm. Yəni hər ikisi Elmlər Akademiyasının akademikidir. Nəmxuda hər ikisinin də elmi eyni dərəcədə bir şeyə yarayan deyil.
Bəs bu Abel müəllimin kiçikliyi nədir? Biznes imperiyasında bir balaca Abel müəllim kiçikdir. O satdığı «şərabın bərəkəti haqqı» mütləq bu kiçiklik buradan qaynaqlanır. Yəqin ki, Abel Məhərrəmovun biznesmen kimi idealı Ramiz Mehdiyev olmaqdır. Bu bir qədər ağla batan versiyadır.
Addakı hərf saylarına görə də Abel adında 4, Ramiz adında isə 5 hərfdən istifadə olunur. Bunu da kiçiklik əlaməti saymaq olar. Onu da xatırladım ki, Abel müəllim adıyla bağlı, hətta Vikipediyaya da belə yazdırıb: «Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur». Doğrusu burada yadıma Qarabağ münaqişəsinin başlanma fitini verən erməni akademik Abel Aqanbekyan düşdü. İstər-istəməz, məntiqi olan bir gic sual meydana gəldi ki, görəsən, bu Abelin «papası» çəkməçi Qaze riyaziyyatçı olmaya-olmaya, niyə onun adını Abel Nilsin şərəfinə Abel qoyub?
Ayaqqabı ölçüləri də təxminlərə görə Abel müəllimdə ayaqqabı 2 ölçü böyük görünür. Amma məlum olan bir şeyi unutmaq olmaz ki, Abel müəllim babat «vuranda» böyük gözünə kiçik, kiçik isə böyük görünür. Hətta elə olur ki, özünü o qədər böyük görür ki, gedib İspaniyaya az qala «müharibə elan edir». Ya da pilota deyir ki, təyyarəni «sür kosmosa». Şərab çıxaranın Allah evini yıxsın. Karantini pozmağı bir yana dursun, hələ durub «böyük-böyük» tostlar deyir.
Hərçənd mənim bu «böyük» sözünə xüsusi bir allergiyam və nifrətim var. Çünki bizim düşmənlərin çoxunun adının qabağına bu söz yazılıb: bÖyük Ermənistan, Böyük Rusiya (Velikorus)…
Yəqin ki, bu bir təsadüfdür...

