Əsas yolun kənarında dayanmış köhnə sovetdən qalma Buldozerin yanından ötüb Siyəzənə veteranların hayına getməmizdən 1 il 3 ay keçir…
AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynli, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov, AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu və Fedai.az saytının redaktoru Elnur Səlim yol boyu başçının veteranların yerinə gözünün düşməsinə inanmadığımız barədə söhbətlər etdik. Çünki elə həmin ərəfədə Ağdam rayonunda ölkə rəhbəri cənab İlham Əliyev Qarabağ müharibəsi veteranlarına diqqət və qayğının artırılması barədə göstəriş vermişdi. Yəni başçının bu göstərişin əleyhinə çıxması tam özgə siyasi mahiyyət daşıyırdı. Təfərrüatlara qayıdaq…
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Siyəzən rayon şöbəsinin qərargahına rayonun İcra Hakimiyyəti başçısı Novruz Novruzovun gözü düşməsi barədə məlumat alıb rayona yollandıq. Fakt təsdiqləndi. Rayonda olduğumuz müddətdə baş verən anormal hadisələr barədə qısa xülasə yazmaq yetərlidir ki, bu rayonun idarə edilməsindəki qeyri-ciddilikləri anlayasınız. Birinci rayon rəhbərliyi bizi «müxalifətçi» kimi şərləməyə cəhd edincə, göndərdiyi emissarlara başa saldıq ki, biz Dövlətin yanındayıq və Ali Baş Komandan cənab İlham Əliyevin əsgərləriyik. Daha sonra əraziyə polis və veteranların uzun illər icarəsində olan binanın balans sahibi kimi SOCAR əməkdaşları gəldilər. Biz məsələnin qanuni həllinin veteranların xeyrinə olduğunu anlatdıqdan sonra İcra Hakimiyyəti Başçısı ilə görüşmək və bu problemin həllində kömək göstərməsini demək istədik.

Lakin İcra Hakimiyyətində olduğunu gözümüzlə gördüyümüz Siyəzən rayonunun İcra Hakimiyyətinin hazırda 67 yaşı olan başçısı Novruz Novruzov qəflətən «yoxa çıxdı». Maşını da yerində yox idi. Bizi müavin qəbul etsə də bu adamın nə danışığını, nə də adını deməyə lüzum yoxdur. Çünki 3 cavabın ikisini başı N. Novruzovdan soruşdu. Bircə salamımıza öz iradəsiylə cavab verdi. Yəni bu məsələ bir başa Başçının maraq dairəsində olmasını YAP -ın rayon təşkilatının sədriylə görüşdə anlamışdıq.
Qeyb olan Novruz müəllimi gözləyərkən rayonda maklerliklə məşğul olanlardan bu yerin 75 min manata sövdələşiliyini öyrəndim. Yerin tələm-tələsik SOCAR-dan İcra Hakimiyyətinin balansına keçirilməsinin əsas məqsədi bu imiş. Prosesə ayllar öncə start verən Novruz müəllim veteranların, gah işığını, gah da qazını kəsməklə perik salıb. Bizimlə görüşə yolladığı emissarların maraqlı cəhəti onda idi ki, hərəsi bu 200 kv.m-lik yerin profilləri barədə söylədikləri idi. Yap rayon təşkilatında dedilər ki, Novruz müəllim bu kiçik yerdə Siyəzən tarix diyarşünaslıq muzeyi yaratmaq istəyir. Rayon İH Başçısının müavini bildirdi ki, Novruz müəllim burada kitabxana yaradacaq. Polislər dedilər ki, Novruz müəllim burada şəhidlər muzeyi yaradacaq və müharibə veteranlarına da bir otaq ayıracaq. Hətta deyənlər oldu ki, Novruz müəllim burada Veteranlar evi, Gənclər evi və s. açacaq. Həm də maklerlər dedilər ki, Novruz müəllim adəti üzrə buranı satacaq.
Müharibə gedən bir ölkədə, sizcə şəhidlər muzeyini dağıtmaqla, müharibə veteranları qərargahsız qoymaqla görəsən cənab başçı nə demək istəyir? Yəqin ki, buna aidiyyatlı orqanlar münasibət bildirəcəklər. Çünki etdiyimiz müraciətə 1 il 3 aydır ki, cavab verilməyib.
Bəli, Novruz müəllim bu ağsaqqal yaşında rayonda şəhidlər muzeyini dağıdıb və müharibə veteranlarının qərargahına da əl qoyub. Biz Prtezident Aparatına etdiyimiz müraciətə cavab olaraq bizə deyilmişdi ki, gözləyin hər şey veteranların xeyrinə həll olunacaq. Lakin bu günədək gözləsək də bir xəbər çıxmadı. Amma öyrəndik ki, Novruz müəllim sata-sata veteranların qərargahına çatıb. Yaxınlıqda yerləşən kitabxana binasını artıq satıb…

1 İL 3 AY ÖNCƏ VETERANLAR BİRLİYİNİN QAPISINI BU PLAKATLA KƏSMİŞDİLƏR 
1 İL 3 AY SONRA 2 MANAT VERİB QAPIYA QIFIL YERİ SALDIRIBLAR
Prezidentimiz İlham Əliyev, vətənpərvərlik və Vətən müdafiəçiləri haqqında çox saylı fikirlər söyləmiş və bu sahəyə diqqət ayrılması barədə onlarla göstəriş vermişdir. Siyəzən rayon İH Başçısı N. Novruzovun diqqətinə «Veteranlar haqqında» Respublika Qanunun bir maddəsini çatdırmaq istəyirik:
«Maddə 10. Veteran təşkilatlarının istehsal fəaliyyətinə təminat verilməsi
Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.
Veteran təşkilatları müəssisələrinin xammal, texnika və tikinti materialları ilə təmin edilməsinə üstünlük verilir.»
Bu Respublika Qanununun bir maddəsidir. Orada çoxlu belə maddələr var. Amma heç bir maddədə yazılmayıb ki, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı müharibə veteranlarının əlindən qərargahını alıb sata bilər…
Onsuz da bu mövzuya dönə-dönə qayıdacağıq və əks tərəfin mövqeyini dərc etməyə söz veririk.
Daha bir xatırlatma: Biz 1 il 3 ay öncə geri qayıdanda köhnə sovetdən qalma buldozeri maşına qoyub harasa aparırdılar.
AVMVİB Mətbuat Xidməti


