Bu gün müharibə iştirakçısı, şair Qəni Hüseynovun (Qəmli) 57 yaşı tamam olur.
Qəni Hüseynov, mən çoxdan, «eradan əvvəl» tanıdığım köhnə kişilərdəndi. Silahı əlindən alınmış bir Vətən fədaisidir. Qələmə sarılıb ki, yurd nisgilini kağızlarda ovutsun. Bu dərd kiriməz, Qəni Qəmli. Dərdi sev ki, səndən uzaq düşsün. Sevdiklərimiz həmişə bizdən uzaq olduğu kimi, lap elə Laçının dağları kimi…
Qəni Qəmli mənim üçün əziz olan tələbə yoldaşı, dost və qələm adamıdı.
Şair Qəni bir şeirində yazır:
Düyün bağlar, dərd icimdə,
Hərəsi də bir bicimdə,
Alovlanır od icimdə
Dərdə dava bilən gəlsin.
Nə müddətdir, nə zamandır,
Zaman həminki zamandır.
İnsan dəyişib amandır,
Dərdə dava bilən gəlsin…
Şair yadındadırmı məlum tələbəlik illərində mən də yazardım. Təsadüfən əlimə bir dəftər keçib. Bu şeiri sənə ərməğan edirəm (il 1982-ci il. Şuşanı xatırlayasan deyə yazdım):
Qoca dünya dərd kəfəni,
Hamını dərdinə bükər.
Kiminin bəxti gətirər
Kimini dördünə bükər.
Kimi biçər, kimi səpər,
Zaman çərxində üyüdər,
Kimi dərdini böyüdər
Kimi göz yaşların əkər.
Kimdən nə umasan, daha?
Zülməti yoldu sabaha,
Kimi sola, kimi sağa
Hərə öz dərdini çəkər…
Zaman bizləri dərd daşımağa göndərdi. Daşıya bildiksə, nə xoş bizə, şair…
Ad gününü təbrik edir, uzun ömür, can sağlığı, işlərində uğurlar və ailə səadəti arzulayırıq.
Bütün gözəlliklər sənin olsun və həyatın gözəlliklər içində keçsin. Həyatda arzuladığın qapıları açasan.
100 yaşa, Qəni bəy!
Xaqani Ədəboğlu



