İmarət-Qərvənd (Kərəmli) kəndinin yandırılmasından 29 il ötdü

Qorxmaz Mustafayev

«24 Sentyabr -yaddaşımda qalan ən acı günlərdən biri! İmarət-Qərvənd (Kərəmli) -Dağlıq Qarabağ Muxtar Vilayətində ilk yandırılan və səsi heç yerə çatmayan Azərbaycan kəndi.İmarət-Qərvənd kəndi — ov tüfəngi ilə döyüşərək 15 şəhid verən kənd. » Vətən uğrunda, İmarət-Qərvənd və Ağdaban uğrunda qəhrəmancasına döyüşərək həlak olan həmkəndlilərimin əziz xatirəsini hörmətlə anıram.

Şəhidlərimiz: Mahmud (Mamoy) Mirzəyev, Azər Əliyev, Nüsrət Mirzəyev, Ağa Almasov, Tağı Almasov, Şahid Almasov, Natiq Həsənov, Dönməz Əzizov, Azad Bəhlul oğlu Süleymanov, Misir Əliyev, Dadaş Dadaşov, Xəlil Dadaşov, Tələt Alıyev, Azad Süleymanoğlu, Zeynəb Əliyeva. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirəm!

… «Qorxulu, həyacanlı, hələ də köməyə ümid bəslədiyimiz gecə 19 sentyabra keçməkdə idi.»

… Gündəliyimə baxıram, İmarət Qərvənddə 1991-ci il 18 sentyabrdan sonra baş vermiş hadisələri 12 oktyabr 1991-ci ildə dərsdə olan zaman qeyd etmişəm. «Fəlsəfə» dərsidir, qoca müəllimimiz asta-asta saralmış vərəqləri bir-bir çevirərək oxuyur, elə bil «laylay» deyir. Mən də yazıram, müəllim də güman edir ki, onun qiymətli mühazirəsini qeyd edirəm. (İndi bəzən tələbələrimiz də bu «priyom»lardan istifadə edirlər). Əslində isə yuxum gəlməsin deyə kəndimizin başına gələn hadisələri xatırlayıb qeydlər aparıram və bu gün işimə yaradı. Kəndimizin son günlərində iştirak etdiyim hadisələrin bir qismini qeydə alıram. İnanıram ki, o hadisələrin iştirakçısı olan hər bir həmkəndlimiz və kəndimizin fəxri qonaqları olan, sona qədər bizimlə döyüşüb qalan igidlər daha dolğun xatirələrə malikdirlər.

Və onların da hər birinin xatirələrini oxumaq və eşitmək mənim üçün xoş olacaq. Çünki kəndimizin üç tərəfdən müdafiəsini yarıb daxil olmağa cəhd edən müasir silahlarla təmin olunmuş erməni quldur dəstələrinə günlərlə müqavimət göstərən igid eloğullarım, İmarət Qərvənd — Kərəmli igidləri var. Ancaq uduzduğumuzdan qəhrəmanlıqdan danışa bilmirik, inanıram ki, öz yurdlarımıza dönəcəyimiz günləri tezliklə görəcəyik.

Sentyabrın 18-də axşamtərəfi saat 17:30-18:00 olardı. Çapar kəndinin aşağısından «Armudlu düz» dediyimiz yerdən atılan «Alazan» raketləri ilə kənd vurulmağa başladı. Kəndin hər tərəfi bombalanırdı, göydə üstümüzə alovnan gələn raketlərin qarşısında aciz idik. Bombaların nəriltisi, kurultusu bizi karıxdırsa da kəndin müdafiəçiləri ermənilərin irəliləməsinin qarşısını alırdılar.

… Keçən yazımda qeyd eləmişdim ki, «Üç tərəfdən erməni kəndləri ilə əhatə olunmuş kəndimiz tək qalmışdı. Böyük Azərbaycandan kömək istəyirdik, Azərbaycanın ortasında köməksiz qalmışdıq, «səsimizi heç kim eşitmirdi» desəm doğru olmaz…»

Bəli, eşidənlər var idi, Habil həkim kimi vətənpərvər oğullar var idi, İmişlidən idi, sona qədər camaatla bir yerdə oldu. Sentyabrın 11-də Daxili İşlər Naziri Məhəmməd Əsədov kəndə gəlmişdi, camaatın təkidindən sonra Kəlbəcərdən 13 nəfərlik milis dəstəsi göndərilmişdi, bir-neçə gündən sonra 10 nəfər OMON-da gəldi, bundan çox ruhlanmışdıq, elə bilirdik dünya bizimdir, çünki gələnlərin «avtomat»ı var idi. Qüvvəmiz tək bunlardan ibarət deyildi, «ordu»muz da var idi, kəndin mərkəzindəki məktəbdə dağılmaqda olan Sovetin bir döyüş batalyonu var idi. Onlar da BMP və BTR-lə silahlanaraq özlərini qoruyurdular, hərdənbir biz tərəfdən güclü müqavimət olanda mövqelərimizi vururdular. Biz də az aşın duzu deyildik, kəndin dəliqanlı oğlanları quzu kababı və zoğal arağı ilə onları tərəfimizə keçməyə də vadar edirdilər, ancaq yarım saatlıq, bir saatlıq.

… Sonra yenə ermənilər bizi top və raketlərlə bombalayırdılar, bizə isə mərmilərin uçuşuna baxmaq qalırdı. Kəndimizin 200 ətrafında işində yaşayış olan evi olsa da evlər bir-birindən aralı dağınıq idi, şərqindən qərbinə 3 km-ə qədər əraziyə yayılmışdı. Mərmi bir-iki dəfə bizim məhlələrə atılır, sonra digər məhlələrdəki evlərə atılanda bizə ancaq səngərdən çıxıb tamaşa etmək qalırdı… 18 sentyabrda 7 ev yandırıldı. Gecə atışma ara vermədi. Kənddə olan OMON və polis dəstəsi də ermənilərə güclü atəşlə cavab versələr də mərmilər qarşısında aciz idilər. Alazanların fısıltısını eşidən kimi başımızı çıxardıb hansı istiqamətə getdiyinə baxırdıq. …

19 sentyabr 1991-ci il — səhər tezdən hərə öz qohum-əqrəbasını axtarmağa başladı, qadınlar qəbristanlığın yanına yığışıb ağlaşırdılar…

Bu gün yaxın qohum-əqrəbanın yadına düşdü ki, mən tələbəyəm, təkidlə mənim Bakıya getməyimi və həm də başımıza gələn hadisələri xalqa çatdırmağımı istəyirdilər. Əsas kimi də yaxın qohum-əqrəbadakı qızları vertalyot gələndə Tərtərə aparmağımı deyirdilər, məlul-məlul üzlərinə baxırdım, getmək istəmirdim, hər an kömək gələcəyinə ümid edirdim.

… Həmin günlərdə (deyəsən 19 sentyabr idi) hərbi BTR-də kəndə jurnalistlər gəldi, gedib yanmış evləri çəkdilər, məni də bir türk jurnalisti danışdırdı, elə bildim ki, səsimizi dünya eşidəcək, jurnalist türkcə danışanda bizi kövrəltmişdi, indi fikirləşirəm ki, bəlkə də türkcə danışan erməni imiş, ya da elə Qoltsun yanında olan jurnalistlərdən imiş. T. Qoltsun «Azərbaycan gündəliyi»ni oxuyanda məlum olur ki, amerikalı jurnalist Tomas Qolts («dəliqanlı oğlan») kəndimizə gəlib, yanan evlərin sahiblərindən Validə Qafarovanı, sonradan şəhid olan Mahmud (Mamoy) Mirzəyevi danışdırıb, çəkib və xatirələri əsasında yazılmış kitabında rəsmi adı İmarət Qərvənd, kənar camaat arasında həm də Kərəmli kimi tanınan kəndimizin təsvirini verib. Bakıdan isə o zaman vertalyotla səhv etmirəmsə «Günün ekranı» adlı verilişindən gəlmişdilər, uzaqdan tüstülənən evləri çəkib getdilər.

Getdilər, heç harda vermədilər, o zaman Ayaz Mütəllibov təzə prezident seçilmişdi, yəqin onun əhval-ruhiyyəsini korlamaq istəməmişdilər. Xalq da kəndimizin başına gələnlərdən xəbərsiz qaldı.

… Axşam qaranlıq düşənə yaxın Çapar tərəfdən yanar (trayser) güllələr göydə bir-birinin ardınca düzülmüş durna qatarı kimi üstümüzə gəlirdi, yenə ağır gecə başlamışdı. Kəndin Kərəmli hissəsinə iki mərmi düşəndən sonra biz tərəfi «döyməyə» başladılar. Arvad-uşaq ağlaşa-ağlaşa bir yerə yığışır, nisbətən təhlükəsiz yerdə gizlənirdilər. Çaparın üstündən atılan «snaryad»la «Ştab» adlandırdığımız «milis şöbəsi»ni vurdular. Hə, bizim milis şöbəmiz də var idi, kəndimizin 11 ya 13 nəfər milis işçisi də var idi, onlar da Şuşadan vətənpərvər oğulların göndərdiyi «beşatılan»larla silahlanmışdılar, üstəlik tapançaları da var idi, bu bizim kəndin özünün ən «silahlı» dəstəsi idi. Milis dəstəsinə də rəis Malik (familiyasını unutmuşam, baş leytenant, ona Malik müəllim deyirdik) rəhbərlik edirdi, əslən Ağsudan idi. Əvvəllər Qazaxıstanda xidmət etmişdi, müharibə başlayanda oradakı xidmətini buraxıb Vətənin köməyinə gəlmişdi. «Ştab» adlandırdığımız yer isə qonşumuz Sabirin evi idi, həmin ərəfədə orada yaşamadığından evi kənd polisimizin «Qərərgah»ına çevrilmişdi. «Ştab» vurulanda Hüseyini mərminin güləyi yıxdı. Hüseyn leytenant idi, o da Rusiyada xidmətdə ola-ola Vətənin dar günündə köməyə gəlmişdi, Qərbi Azərbaycandan, səhv etmirəmsə Göyçə tərəflərdən idi.

«Qərargah»ın vurulmasından sonra orada qalan «ratsiya», silah-sursatı bizim evə köçürdülər. «Silah-sursat» deyəndə birdən elə bilərsiniz top-tüfəngimiz var idi, bir neçə bağlama patron, polisə aid müxtəlif əşyalar idi. Kənddə işıq gəsildiyi üçün böyük «ratsiya»lar işləmirdi, onunla Yevlax və Xaldan postları ilə danışmaq olurdu, kiçiklər də uzaq məsafəni tutmurdu. Leytenant Hüseyn güman edirdi ki, balaca «ratsiya»larla haranısa məlumatlandırmaq olar. Üstünü kəsmişdik ki, «tez elə xəbər elə ki, ermənilər bizi qırır», o da həyacanla «bütün marşrutlara və yollara, bütün radiostansiyalara: erməni quldurları kəndi həır tərəfdən mühasirəyə alıb atəşə tutublar» deyirdi. Vəziyyətimiz nə qədər dəhşətli olsa da Hüseynin çağırışına gülüşdük. Ancaq dediklərinə görə həmin «ratsiya»lar 7-10 km məsafə ilə əlaqə saxlaya bildiyindən çağırışımızın faydası yox idi. … Bu gecə yeni evlər yanırdı, yanan evlərin sayı artdıqca vəziyyət daha da gərginləşirdi. Hər məhəllə və ayrı-ayrı evlər uğrunda az qala əlbəyaxa döyüş gedirdi. Ancaq uzaqdan vuran qurğuların qarşısında aciz idik. …Səhərə yaxın «Alazan» atan qurğular (deyirdilər əldəqayırmadır) partlayıb yanandan sonra sakitlik oldu. Kənddən qadınların çıxarılması şərt oldu. Hələ Xocalı və digər faciələr olmamışdı, ölümdən qorxmurduq, ancaq qadınların əsir düşüb namusunun ləkələnməsindən qorxurduq. Hesab edirdilər ki, qadınlar çıxsa daha rahat döyüşmək olar.

…Camaat kəndin mərkəzində yerləşmiş sovet hərbçilərini söyür, haqlı olaraq bizi bombalayan ermənilərə doğru düzgün atmamaqda günahlandırırdı.

… 20-nə keçən gecə nisbətən sakitçilik oldu. Səhər hərbi vertalyot gəldi, qız-gəlinlərin çıxarılması gündəmə gəldi, qohum-əqrəbadan olan qızları mən Tərtərə gətirəsi oldum, qağamgil (atamıza «qağa» deyirik) mənim getməyimdən sevindilər. Hərbi vertalyotla Tərtərə uçduq, cavabdeh olduğum qızları qohum-əqrəbasına paylayandan sonra xalam oğlu Səyadxanla görüşdüm. Onların evləri yanmışdı, xəbər tutanda çox məyus oldu, o polis maşınını sürdüyündən nə üçünsə Tərtərə göndərmişdilər, qərara gəldik ki, Murov yolu ilə kəndə gedək. Kənddə vəziyyət ağır olaraq qalmaqdadır…

21-də səhər tezdən Gəncədən keçib Toğana yolu ilə Murovun zirvəsindən çəkilən yol ilə Kəlbəcərin Yanşaq kəndinə gəldik, axşamtərəfi artıq Ağdabanda idik.

… Xalamgil Ağdabanın üstündə çadır qurmuşdular, onların evləri tamam yandığından əyinlərindəki paltarla çıxmışdılar. Sentyabrın 18-də evləri yandırılan zaman salamat qalmalarına səbəb, həmin gün hücumdan bir az öncə qonşuluqdakı ermənilərin davranışından şübhələnərək evdən çıxmaları olmuşdu.

… Xalamgilin yalvar-yaxarına baxmayaraq 21-i axşam kəndə yola düşdük, ancaq piyada, dedilər ki, maşınla getsəniz mütləq sizi vuracaqlar. …Kəndə girəndə postda dayananlara qışqırdıq ki, «bizik» atmayın.

… Hər məhəllənin öz postu var idi və oranı qorumağa borclu idi. Vəziyyət hansı istiqamətdə ağırlaşırdısa digər postlardan həmin istiqamətə kömək gəlirdi. … Kəndin igid oğullarını başına yığıb ermənilərin Həsənriz, Zərdəxaç, Qozlu Körpü istiqamətdən hücumlarını dəf edən Əhliman Dadaşov sonralar əsasən İmarət Qərvənd cavanlarından olan «Qisasçı» batalyonuna rəhbərlik edib, əsasən postlar o yoxlayırdı.

… Sentyabrın 22-də kənddə olan Sovet ordusu çıxarıldı, artıq kəndimizin taleyi həll olunmuşdu. Kənddəki batalyonun komandiri qazax Amangəldi Mandaliyev idi, onun batalyonunu Rastovdan gəlmiş batalyon əvəz etdi. Sonralar danışırdılar ki, Amangəldi gedəndə «öz başınızın çarəsini qılın, sizi yada salan yoxdur» demişdi.

…Axşamtərəfi atışma gücləndi, çayın içində güclü səngər müharibəsi gedirdi. Qeyd edim ki, atışmalar müxtəlif xarakterli idi, ya səngərdən-səngərə atışma olurdu, ya kənddən-kəndə, belə atışmalara öyrəndiyimizdən təhlükəli saymırdıq, ancaq hücum xarakterli döyüşlər təhlükəli idi. Belə məqamlarda ermənilər üç tərəfən kəndə girməyə cəhd edirdilər. Artıq kənar məhəllələrin evləri yandırıldığından bir az geri çəkilməyə məcbur olmuşduq. Getdikcə həlqə daralırdı, günbəgün bir neçə ev geri atılırdıq. Çayın içi (Gərək çayı) tərəfdə vəziyyətin ağırlaşdığını eşidərək Azərlə (baş leytenant Azər Əliyev, sonralar qəhrəmancasına həlak oldu) qaça-qaça «Qumqazılan»a gəldik və oradan Çaparı gülləyə tutduq, görünən işartıya atırdıq. Qeyd edim ki, ov tüfəngi ilə uzağa atmaq mümkün olmadığı üçün, köməyə gedəndə kimdə beşatılan, ya «tir» dediyimiz «TOZ-8» olurdusa onu götürürdük. Sonra bir neçə nəfər də bizə qoşuldu. Bizim atdığımız güllələr elə gücə malik olmasa da Çapardan bizə atılan güllələr daha təsirli idi, bizi avtomat və pulemyotlarla atəşə tutdular. …Həmin gün kəndin Almədətli (Əlimədətli) hissəsinin döyüşçüləri son döyüşə atıldılar, ov tüfəngləri ilə Çapara daxil olaraq evbəev irəliləyərək 7 ermənini Andranikin gününə saldılar. Ancaq Əlixanyan Bonner həmin ərəfədə «Azadlıq» radiosuna verdiyi müsahibəsində demişdi ki, güya İmarət Qərvənd döyüşçüləri 12 erməninin qulağını kəsib, 26-nı yaralayıb. Ancaq o şər atırdı, Andranikin vəziyyətinə düşənlərin 7-sinin sübutu əldə idi. Son illər Çapar kəndində toylarda tez-tez «andranik paşa» mahnısını oxuyurdular, bu da bizi qıcıqlandırırdı, yaxud onlar bizi qıcıqlandırmaq üçün bu mahnını oxuyurdular…

Kənd yerində olan zaman bu bizim axırıncı uğurlu əməliyyatımız oldu …

Gecə polislər getmişdilər, deyirlər Ağdaban və Çərəkdardan köməyimizə gələn dəstələr də bu əməliyyatda iştirak ediblər.

… Axşamtərəfi OMON getdi, tək qaldıq.

… Demək olar ki, bir-iki nəfəri çıxmaqla qadınlar kənddən çıxarılmışdı. Evlər yandırıldıqca müdafiə qüvvələrimiz bizim evlərə doğru çəkilirdi. Bizim məhəllə, evlər Murovdağ, Ağdaban istiqamətində çıxmaq üçün ən əlverişli yerlərdən biri idi. Gün ərzində 30-40 nəfərlə rastlaşsam da təxminən 100 nəfərə qədər adam qaldığını bilirdim, 3/2-də ov tüfəngi var idi, qalanları əliyalın … 23 sentyabrda günorta saat 3-ə işləmişdi, yemək üçün yığışdıq. Yeməyi həmin gün Eyvaz hazırlamışdı, yəni soyutma kartof bişirmişdi. Çörək qurtarmışdı, qadınlar kənddən çıxarılmamışdan bişirilən çörəyin qurumuş qalıqları axşamdan yeyilmişdi. Meyvə bol idi, bal, zoğal arağı hamıya çatırdı. Qağam içkini qadağan etmişdi, deyirdi «içib güllənin qabağıa çıxacaqsınız», amma fürsət düşəndə arada əmioğlu Bəxtiyarla qadağanı pozurduq. Yemək ortalığa gələndə hərə bir kartof soymuşdu ki, «Çalın başı» istiqamətindən bizim evlər atəşə tutuldu. Deyəsən ermənilər döyüşənlərin hansı istiqamətə geri çəkildiklərindən xəbərdar idilər. Bu artıq kəndin 4 tərəfdən mühasirəyə düşməsi demək idi. Cavab atəşimiz sərrast oldu, ancaq mövqelərimiz artıq bəlli olmuşdu. Bu zaman başqa mövqelərdə olan məhəllə cavanları köməyə çatdı, Qabil müəllim, Ramiz müəllim, rəhmətlik Azər, Qalib də köməyə gələndən sonra anidən kiçik bir dəstəmiz yarandı. Şahmar, Bəxtiyar, Eyvaz, Qoşqar, Abil, Habil, «bala partizan» dediyimiz Müzəffər (14 yaşı var idi, boyu balaca olduğundan tüfəngi özü boyda idi, indi maşallah ucaboydur), Malik müəllim dediyimiz rəis daxil olmaqla ermənilərin atəş mövqeyinə doğru qaçdıq. Düşmənin avtomat və pulemyotunu ələ keçirmək üçün bütün gücümüzlə qaçaraq onların arxaya çəkilmələrinə mane olmağa çalışdıq. Yolda rəis yorulub qaldı, iki yerdə də iki-iki olmaqla cavanlar qaldılar ki, ermənilər bizi tələyə sala bilməsinlər. Meşəyə doğru qaçırıq, silah ələ keçirəcəyimizə ümid edirik, ona görə də yoxuşları çox sürətlə gedirdik, «Batdaxlı»nın üstünə çatanda kəndin mərkəzində olan BMP-lərdən bizi atəşə tutdular, açıq erməniyə kömək idi. Ağacların budaqları qırılıb tökülən kimi özümüzü dərəyə atıb yolumuza davam etdik. Görünür «voyenni»lər artıq erməniləri xəbərdar etmişdilər, onlar bizdən qabaq geri çəkilmişdilər. «Zəlligöl»ün yanında atışsaq da atışmamız nəticə vermədi və onlar sürətlə Həsənrizə (Aterk) doğru geri çəkildilər. Silah əldə edə bilmədik, kor-peşman geri qayıtdıq, silah əldə edəcəyimizə ümidli idik.

… Çayın içində Mahmud Mirzəyevin dəstəsi qəhrəmancasına hər ev uğrunda döyüşürdü.

… Sentyabrın 23-də Rastovdan gələn hərbçilərin iki BMP-si Çapar istiqamətindən üstümüzə od yağdırırdı. Hamı çaşqınlıq içində idi. Kəndin sahə müvəkkili leytenant Şahmalı batareyaları ölməkdə olan balaca «ratsiya» ilə Umudlunu haraylayır, baş verənləri mərkəzə ötürməyi xahiş edirdi … Hərə öz mövqeyində oturub tamaşa edirdi. Qarşı duracaq heç nəyimiz yox idi. Hələ arxa duracaq müstəqil dövlətimiz də yox idi. Sovet hökumətinin yıxılmasından isə ermənilər məharətlə istifadə edirdilər.

… Artıq taleyimizin həll olunduğunu dərk edirdik. Ümid etdiyimiz kömək gəlmirdi, yaylaqdan kəndə enə bilməmiş çobanlar və digər kənd əhli yeganə giriş və çıxış yolunu qoruyub saxlamağa çalışırdılar. Biz o yolla, o sıldırım qayalarla, dərələrlə Kəlbəcər istiqamətdən bizə kömək gələcəyini gözləyirdik. Artıq kəndin öz qüvvələrindən başqa nə milis var idi, nə də OMON, onların da patronları və ərzaqları qurtarandan sonra getmişdilər. OMON-çulardan bir nəfər Tərtərli, bir nəfər də Naxçıvanlı bizimlə qalmaq istəyi olsa da komandirləri icazə vermədi, əslində verdi, dedi ki, silahınızı təhvil verib qalın, onlar da razılaşmadılar ki, onsuz da camaat silahsızdır, biz silahsız nə edəcəyik …

Artıq daha hərbi vertalyot da gəlmirdi, axırıncı dəfə gedəndə ermənilərin atəşinə məruz qalmışdılar.

… Son ümidimizi öldürmək istəmirdik. Dağlara doğru baxaraq kömək gələcəyinə inanımaq istəyirdik, Vətən içində köməksiz qalmışdıq. «Vef» radioqəbuledicilərinə qulaq asaraq başımıza gələnlərdən dünyanın xəbərdar olacağına ümid edirdik. Mirzə Xəzər də hər yerdən, hər şeydən danışsa da bizdən xəbəri yox idi. Radioda ancaq prezident seçkiləri bayram edilirdi, verlişlər ancaq prezident seçkilərinə və birdə bu seçkini keçirməyən Naxçıvana həsr edilirdi.

23 sentyabr 1991-ci il idi…

Ümidli idik, ancaq sabah nə olacağını bilmirdik.

Bu xəbəri paylaşın:
  • 89
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •