BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

Cəbhə xəttinə düşmənlə təmas xətti demişik illərlə. Beynəlxalq səviyyədə qəbul olunan qanun-qaydalara uyaraq gözləmişik.

Düz 27 il…

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan—Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə – 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyənləşdirib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Nəticə isə işğalçı Ermənistanın yeni ərazi iddiaları və ölkəmizin daha çox hissəsini işğal etmək hədə-qorxuları ilə muşayiət olunur indi. Bu gün üçün, 27 il keçəndən sonra artıq həmin sədd işğalçı Ermənistan və onun havadarları üçün çoxdan pozulub və bəzi beynəlxalq təşkilatların,  humanist, insansevər  “cildinə” girən dövlətlərin də, COVİD-19-a qədər “maskalanan”,  hər yerdə “sülhsevərlik” adı altında güc tətbiq edən bəzi böyük güclərin də “maska”sı üzündən çıxıb artıq. İndi hər şey apaydın ortadadır.

Ermənistan işğalçıdır, ona dəstək verənlərsə, işğalçılıq siyasətini dəstəkləyirlər, vəssalam!

Məncə bu günlər də daha çox “ortada yeyib qıraqda gəzən” beynəlxalq təşkilatların, araqızışdırıcı böyük güclərin  leksikonunda olan və bizim də danışığımıza gətirdikləri “qoşunların təmas xətti” ifadəsi elə onların ikili standartlarının ifadəsidir. Hansı təmas xəttindən söhbət gedə bilər ki, ortada Ermənistanın təcavüzü var. İşğalçı dövlətlə ərazilərini itirən Azərbaycan necə təmas xətti ilə qonşu ola bilər ki!..

Ermənistanın “marionet hakimiyyətinin” nümayəndəsi Nikol Paşinyan sayıqlayaraq deyir ki, “Qarabağ Ermənistanındır və nöqtə”…

Bu zamansa  ermənilərin tarixini bilən, necə deyərlər, onların “dabbaqda gönünə bələd olan” heç bir ölkə dillənmir. İşğala məruz qalan Azərbaycanın  Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cavab verərərək deyir ki, “Qarabağ Azərbaycandır və nida!” yenə heç kimdən səs çıxmır. Səsiniz çıxmırsa, onda ərazi bütövlüyümüz  uğründa atılan toplarımızın səsinə oyanmalısınız heç olmazsa. Azərbaycan öz haqq davasını aparır. Həyatını Qarabağ uğrunda savaşa həsr edən bir jurnalist kimi hiddət içindəyəm. Əzizlərimdən şəhidlər  vermişəm Qarabağ uğrunda savaşda. Dostlarımı itirmişəm erməni vandallığı nəticəsində. Görün, indi şəhid verən, torpaqlarını itirən, siizin yalan vədlərinizlə Vətənsiz gənc nəsil yetişdirən bir millət nə düşünür?!  

Fransa, İngiltərə, Amerika, Rusiya və s. bizə qarşı birgə oldunuz , xəyanət etmədik, sülhsevərlik nümayiş etdirdik, torpaqlarımızı belə qurban verdik ki, daha çox insan tələfatı, itki olmasın deyə. Amma siz, cənablar, bizim torpaq itkisi hesabına pərvəriş tapmaq istəyirsinizsə, bir az da öz torpaqlarınızdan pay verin yandığınız, yanında olduğunuz  soyu-kökü bilinməyən ermənilərə…   Cənablar,  bu arada qeyd etməliyəm ki, siz soysuzlara, torpağı, vətəni olmayanlara dəstək olur, yatırım edirsiniz. Sizi qınamıram…  

Çünki onlar sizin işinizə yarayırlar. Soysuz siz dediyinizi edir, sizin göstərişinizlə Azərbaycanı parçalayıb işğal edir, qamarlayır və bizi zəif salmaq istəyir. Bu siyasət keçməz artıq… Başqa “vassallar” axtarın.  Azərbaycan qədim-qayım türk torpağıdır və onun ərazisi Qarabağdan, indiki İran ərazisində olan Cənubi Azərbaycana qədər uzanıb gedir. Türkiyənin bizə dəstəyi isə Amerikanın bir ştatının başqa bir ştatına dəstək, arxa olması qədər səmimi və qəbulediləndir. Biz bir millət, iki dövlətik! Bunu qulağınızda sırğa edin artıq, yoldaşlar və cənablar…   

Bir millət, iki dövlər, birgə güc!

Biz birlikdə güclüyük!  

BİZİ QIRMAĞA, SINDIRMAĞA BİLƏK GƏRƏK!

Rahib QƏRİB,                               

  Ehtiyatda olan mayor, hərbi jurnalist, Qarabağ müharibəsi veteranı,

“Xalq qəzeti”

Bu xəbəri paylaşın: