Polis müharibə veteranları Daxili İşlər nazirinə müraciət etdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Polis Müharibə Veteranları şöbəsi Daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət edib.

Müraciətdə deyilir:

«Hörmətli Vilayət müəllim!

AVMVİB-nin nəzdində fəaliyyət göstərən 1000-dən artıq üzvü olan polis müharibə veteranları Sizin yanınızdadır və əmrinizdə olduğumuzu bildiririk. Hər bir müharibə veteranı olan polisimizin döyüş yolu və xidmətləri var. Düşməndən azad edilmiş kəndlərdə asayişin bərpa edilməsi, gizlənməklə ordumuza qarşı təxribat yaratmaq istəyən düşmən qüvvələrə qarşı öz keçmiş təcrübələrimizdən istifadə edərək mübarizə apara bilərik. Bu yolla Ordumuza öz dəstəyimizi verər və həmişə olduğu kimi Vətən uğrunda mübarizədə Ordumuzla çiyin-çiyinə vuruşa bilərik.

Möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın polis əməkdaşları qarşısında qoyduğu vəzifənin icra edilməsində Sizə daima yardımçı olduğumuzu bir daha bildıririk. Hər an Ali Baş Komandanımızın əmriylə Vətən uğrunda döyüşə getməyə hazırıq.»

Hörmətlə, Abbas Hüseynov

Polis Müharibə Veteranları şöbəsinin sədri, ehtiyatda olan zabit

Bu xəbəri paylaşın: