Bu gün Vətən kimiyəm…

Aynur Bəşirli

Soruşma ki, necəyəm? 
Bu gün Vətən kimiyəm...
Günəşi əlləriylə zülmətlərin bağrından qoparan  bir gecəyəm... 
Mən "kəndi  göbəyini  kəndi əlliylə kəsən" qosqocaman  körpəyəm. 
Mən Səməndər quşuyam, yenidən doğuluram,
Mən özümü doğuram! 
Bu həqiqət anında mən ən böyük doğruyam... 

Soruşmayın necəyəm? 
Bu gün Vətən kimiyəm. 
Mənəm Ərimgəldidən uzaq yollara baxan, 
Mənəm Xudafərindən özün sulara atan, 
Mən bir soyuq məzaram günəş də qızdırmayan. 
Mən fəryadı bitməyən anayam, qız-gəlinəm... 
Soruşmayın necəyəm? 
Bu gün Vətən kimiyəm... 

Şuşada boş beşiyəm, laylası ağı olan, 
Cıdırda köhlən atam, sahibiyçün hayqıran, 
Yarımçıq bir azanam, göydən asılıb qalan...

Soruşmayın necəyəm? 
Bu gün Vətən kimiyəm. 
Tarixini qanıyla yazan şanlı əsgərəm! 
Nə Mil, nə də Muğanam,
Nə Şirvan, nə Naxçıvan, 
Nə aran, nə də dağam,
Mən bu gün Qarabağam! 
Bütöv Azərbaycanam! 
Bölünməyən torpağam, 
Açılmayan yumruğam! 
Bu gün özüm Vətənəm! 
Mən Vətənin özüyəm! 

3 oktyabr 2020 Zuğulba
Aynur Bəşirli — Bu gün Vətən kimiyəm
Bu xəbəri paylaşın: