AVMVİB Orduya Dəstək Qərargahının məlumatı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Orduya Dəstək Qərargahı bu günədək ordumuzla sıx əlaqədə olaraq əsgərlərimizin yanında olmağa və onların istəklərinin həllində yardımçı olmağa çalışır. Cəbhənin bütün istiqamətlərinndə biz varıq.

Ordumuzla birgəyik. 1, 2, və 3 rəqəmiylə işarətlədiyimiz istiqamətlərdə, həm maddi, həm də mənəvi dəstəklərimizi göstərməkdəyik. Hər 3 istiqamətdə veteranlarımız yorulmadan çalışırlar. AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov, Beyləqan rayon şöbəsinin sədri Fuad Zöhrabov, Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov, Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov, Tovuz rayon şöbəsinin sədri Etibar Musayev, Tərtər regional şöbəsinin rəhbəri Vidadi Məmmədov öndə olmaqla, digər rayon və şəhər şöbələrimizin yardımlarıyla Ordumuzun yanında olduqlarını göstərməkdədirlər.

 AVMVİB Orduya Dəstək Qərargahı operativ və aktiv bir şəkildə proseslərdə iştirak etməyə çalışmaqdadır. Ona görə də Qərargah üzvlərinin bu barədə düşüncə və təkliflərini sizlərlə bölüşmək qərarına gəldik. Xatırladaq ki, AVMVİB öz xətti ilə təkcə son həftə ərzində 16 dəfə yardımlar göndərməyə nail olub. Rayon şöbələrimizdən Hacıqabul, Binəqədi, Zəngilan, İsmayıllı, Zəngilan, Yasamal, Sumqayıt, Suraxanı, Nəsimi, Mingəçevir, İmişli, Saatlı rayon və şəhər şöbələri, həmçinin AVMVİB rəhbərliyi müxtəlif istiqamətlərdə cəbhəyə 5 dəfə bu cür humanitar yardımlar göndərib. Həmçinin təşkilatımıza yaxınlığı ilə seçilən vətənpərvər insanların da bu istiqamətdə fəaliyyətlərini yönləndirmişik.

Qərargahın yaradıcısı və rəhbəri, AVMVİB sədri Füzuli Rzaquliyev:

«Vətən müharibəsi başlayan kimi proseslərdə fəal iştirak etmək və Ali Baş Komandanımız cənab İlham Əliyevin hər bir çağırışına hər an hazır olmaq üçün bu qərargahı yaratdıq. Cəbhənin bütün istiqamətlərində əlimizdən gəldiyi qədər qələbimiz naminə öz töhfələrimizi verməyə çalışırıq.  Biz ölkədə Qarabağ savaşını 1994-cü ildən millətimiz üçün Vətən savaşı olması təbliğatı aparan tək birlik olmuşuq və bu günlər bizim haqlı olduğumuzu təsdiqləməkdədir. Bizləri və 67 minlik veteranlar ordusunu öz ətrafında birləşdirən təşkilatın adı, heç də təsadüfən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adlanmayıb. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi altında Vətən müharibəsi aparırıq. Ona görə də «Hər şey Vətən üçün!»

Gənc əsgərlərimizlə təmaslarımız göstərdi ki, belə görüşlər onları daha da ruhlandırır. Bir faktı deyim ki, bu gün ön cəbhədə döyüşən yüzlərlə əsgər, içi mən daxil müharibə veteranlarımızın övladları, bacısı və qardaşı uşaqlarıdır. Bir vaxtlar bizim edə bilmədiklərimizi bizim övladlarımız etməyə çalışırlar. Bu bir tərəfdən qürurludur, bir tərəfdən isə düşünürəm ki, biz o vaxt yağı düşmənin başını əzə bilsəydik, övladlarımız döyüşdə deyil, daha asudə bir həyat sürə bilərdilər. Biz buna görə də bu problemi əbədiyyən həll etməliyik.

AVMVİB sədrinin müavini, Nərimanov şöbəsi sədri Qurban Osmanovun, İsmayıllı rayon şöbəsinin sədri Ravid Pənahovun oğlu da ön cəbhədədir. Abşeron rayon şöbəsi sədrinin oğlu Etibar Ağakişiyevin oğlu, Nəsimi rayon şöbəsi sədri Elmar Hüseynovun bacısı oğlu şəhidlərimizin sırasındadırlar. Allahdan şəhidlərimizə rəhmət diləyirəm! Allah bu şanlı günləri görmədən sıralarımızı tərk edən veteranlarımıza da rəhmət eləsin!

  Yəni bu gün hər iki savaşda həyatlarını gizlənməklə keçirənlər, bəzən ordunun müqayisəsini aparmaq cəhdində olurlar. Anlamırlar ki, qurdun oğlu qurd olar. Elə çaqqal çaqqal olaraq qalar.

Dəfələrlə demişəm və öz çıxışlarımda da qeyd eləmişəm ki, İlham Əliyev öz hakimiyyəti dövründə düşmənə bir qarış torpaq verməyən və əksinə onları dönə-dönə məğlub edən bir Komandandır. Bu gün, həm hərbi strateq kimi, həm də bacarıqlı siyasətçi kimi öz xalqının istəklərini ortaya qoydu. Elə ona görə də damarında xalqımızın qanı axan hər kəs özünü Ali Baş Komandanımızın əsgəri hesab edir. Bu Lider-Ordu-Xalq birliyinin ən arzu olunan bir formatıdır. Biz Vətənimizi, Ordumuzu və Liderimizi qorumalıyıq. Xalq bu gün heç zaman olmadığı bir şəkildə öz Liderinə və Ordusuna inanmaqdadır. Bu reallıq düşməni şoka salıb. 

AVMVİB Rəhbərliyi olaraq elə ilk gündən Qərargahı yaratdq ki, fəaliyyətlərimizi kordinasiya edək. Hərbdən, xüsusən də müharibəni yaxşı bilən müharibə veteranlarının fəaliyyətindən ciddi istifadə olunmalıdır. Bizim gənc əsgərlərimizlə görüşlərimiz zamanı onların necə ruhlandıqlarını görürük. Ona görə də hərbi rəhbərlik bizim bu istiqamətdə fəaliyyətimizə dəstək vermələrini gözləməkdəyik. Lakin bəzi məntəqələrdə müharibə veteranlarının hərəkərlərinə məhdudiyyətlər qoyulur. Cəbhəyə göndərilən hər bir müharibə veteranı ezamiyyə vərəqiylə və yoxlanışdan sonra getməsinə razılıq veririk. Çünki Birinci Qarabağ müharibəsi zamanı başı pozuqluqlardan çox əziyyət çəkdiyimizə görə bu məhdudiyyətləri alqışlayırıq. Amma müharibə veteranları Orduya Dəstək Qərargahı xəttiylə səfərləri istisna etmək olar. 

Bir fakta da toxunmaq istərdim. Bu gün düşmən təbliğatı və onun ruporu olan Rusiya mətbuatı, həyasızlıqla Azərbaycanı güya terrorçulardan, yaxud da Türk qüvvələrindən istifadə etməkdə günahılandırmağa çalışırlar. Bu qarayaxan böhtançılara bircə faktı deyim ki, köhnə peşəkar döyüşçüləri orduya götürülmədiklərinə görə az qala öz Komandanlarından «inciyirlər». Bu veteranların hər biri illərlə erməni faşizminə qarşı döyüşüblər, ərazini və düşmənin hansı xislətdə olmasını yaxşı bilirlər. Həmçinin, düşmənlə yarımçıq qalmış bir hesabları da var. Azərbaycan rəhbərliyi, qocaları yığıb cəbhəyə ölümə göndərən Ermənistandan fərqli olaraq, bu döyüşçülərə ehtiyac olmadığını bildirib.  Fəaliyyətimiz davam edir. Allah Komandanımızı və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!» 

AVMVİB sədrinin I müavini Kamil Şirinov:

«Biz müharibə veteranı kimi kənarda qala bilməzdik. Ona görə də cəbhənin müxtəlif istiqamətlərində olmağa və əsgərlərimizi tək qoymamağa çalışırıq. Hər bir veteranın qəlbi ordumuzla çırpınır. Azərbaycanın fəxr edilməli və peşəkar bir ordusu var. Buna görə cənab Ali Baş Komandan cənab İlham Əliyevə bütün veteranlar adından minnətdarlığımızı bildiririk. 

Olduğumuz hərbi hissələrdəki nizam — intizam və hərbi əmrlərin sözsüz yerinə yetirilməsi ordumuzun peşəkarlığından xəbər verir. Gənclərimizin vətənpərvər ruhu hər kəsin qəlbini riqqətə gətirir. Bu orduya zəfər yaraşır. Bu ordu qalib ordudur! 

Ordumuzun uğurlu antiterror əməliyyatlarını hər kəs ruh yüksəkliyi ilə qarşılamaqdadır. Cəbhədə də, cəbhəyanı ərazilərdə də hər kəsin qəlbi ordumuzla döyünür. Müharibə veteranı kimi bu prosesləri anbaan izləməkdəyik. Bu günədək müxtəlif istiqamətlərdə əsgərlərimizlə təmaslarımız olub. Hər bir əsgərimizin qələbəyə köklənməsi ilə qürur duyuruq. Yaradılmış Qərargahın əsas məqsədi əsgərimizlə maddi və mənəvi cəhətdən birgə olmaqdır.

Qəhrəman ordumuz və Komandanımız var olsun! Qarabağ Azərbaycandır!»

 AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov:

«Bu gün cənab prezidentimizin rəhbərliyi ilə Vətənimizin şərəfli bir tarixi yazılmaqdadır. Biz müharibə veteranı kimi kənarda qala bilməzdik. Ona görə də üzvlərimizin, həm cəbhəyə getməklə bağlı, həm də ordumuza, əsgərimizə mənəvi dəstək vermək istəkləri ilə bağlı müraciətlərini nəzərə alaraq Orduya Dəstək Qərargahı yaratdıq.

Bu xətlə bu günədək olarla ziyarət, yardım və cəbhə bölgələrinə səfərlər reallaşdırmışıq. Rayon şöbələrimiz öz fəaliyyətlərini bu istiqamətdə qurub. AVMVİB Sumqayıt şəhər şöbəsi, Binəqədi rayon şöbəsi, Goranboy rayon şöbəsi, Göygöl rayon şöbəsi, Nəsimi, Ağcabədi, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Zəngilan, Beyləqan, Yasamal, Ağdaş, Hacıqabul, Cəbrayıl, Suraxanı və adını çəkmədiyim bütün rayon şöbələrimiz cəbhəyə can atmaqla yanaşı öz yardımlarını əsirgəmirlər. Fəaliyyətimizi son düşmən əsgəri ölkəmizi tərk edənədək davam etdirmək fikrindəyik.

Onsuz da yüksək təminatlı ordumuzun heç bir şeyə ehtiyacı yoxdur. Sadəcə bu yolla əsgərimmizə yalnız olmadıqlarını çatdırmaq istəyirik. Bunlarla yanaşı şəhidlərimizin dəfn mərasimlərində müharibə veteranları yaxından iştirak edirlər. Hər bir müharibə veteranı bu yolda əlindən gələni etməyə çalışır. Ali Baş Komandanımızın ətrafında sıx birləşməklə mənfur düşməni süpürüb atmaq hər birimizin ümdə vəzifəsinə çevrilib. İnanıram ki, tezliklə üç rəngli bayrağımız Şuşada dalğalanacaq. Qarabağ Azərbaycandır!»

  AVMVİB sədrinin ictimaiyyətlə əlaqlər üzrə müavini İslam Səfərov:

«Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafında danılmaz əməyi olan bir Komandanımızın olması ordumuzu və döyüşən əsgərimizi daha da ruhlandırır.

 Hadisələrin ilk günündən cəbhənin müxtəlif istiqamətlərində ordumuzla və döyüşən hərbi kontingentlə təmaslarım olub. Yenilməz ordumuz Azərbaycanı hər cür düşməndən qorumağa qadirdir. Hər bir köhnə döyüşçünün və gənc döyüşçünün amalı eynidir. Bizi bir amal «Vətən torpaqlarının azad edilməsi» birləşdirir.

AVMVİB Goranboy və Göygöl rayon şöbələrinin sədrləri Elmar Məmmədov və Həbib Hüseynovun yorulmadan bu yolda çalışdıqlarını və birgə olduğum müharibə veteranı ehtiyyatda olan polkovnik İlham Rüstəmovun yorulmadan etdiklərini xüsusi qeyd etməliyəm. Həmçinin Vətənimizin azad edilməsi üçün uzaq ölkələrdən hər cür yardıma hazır olan soydaşlarımızla qürur duyduğumu bildirirəm.  

Həqiqətən də müasir standartlara cavab verən təminatlı bir ordumuz var. Ona mənəvi dəstək vermək hər birimizin borcudur. Təklif edərdim ki, öncə olduğu kimi «Əsgərə məktub» kompaniyası başladaq (MN bildirib ki, bu kompaniya davam edir -red.). Əsgərimizlə bir olduğumuzu bu yolla onlara çatdıraq. 

İnanıram ki, tezliklə Azərbaycanın şanlı ordusu Şuşada hayqıracaq: Qarabağ Azərbaycandır!» 

AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynli:

«Ordumuza dəstək məqsədiylə bir istiqamətdə olduq. Ordumuz torpaqlarımızın azad edilməsini öz vəzifəsi sayır. Biz də arxa cəbhədə onlara dəstəyimizi əsirgəməməliyik. Həmçinin, hər birimiz mövcud vəziyyətdə daha məsuliyyətli olmalıyıq. Son vaxtlar Azərbaycan ərazisində baş vermiş hadisələr onu göstərir ki, ölkəmiz daxilində Azərbaycan əleyhinə fəaliyyət göstərən müəyyən qruplar vardır. Bu qruplar erməni kəşfiyyat orqanları tərəfindən Azərbaycan xalqını içəridən parçalamaq, etnik münaqişələr yaratmaq və əhalini dövlətə qarşı qoymağa xidmət edirlər. Belə qruplara qarşı diqqətli olmalıyıq. 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bu cür qruplara qarşı aparılan mübarizədə həmişə dövlətimizin və prezidentimizin yanındadır. Ölkəmizdə pozuculuq işləri aparan şəxslərə qarşı, Azərbaycan Respublikası Milli Təhlükəsizlik və Azərbaycan Respublikası Daxili İşlər orqanları əməkdaşlarının apardığı mübarizədə, qeyri hökumət təşkilatı olaraq ictimai formada fəaliyyət göstərməyə hazırıq. Bu sahədə AVMVİB Polis Müharibə Veteranları şöbəsinin imkanlarından istifadə etmək məqsədəuyğun olardı. Biz veteranların bircə amalı var: «Qarabağ Azərbaycandır!» 

AVMVİB sədrinin müavini Qurban Osmanov:

«Azərbaycan Ordusu yarandığı 100 il müddətində keşməkeşli və şərəfli yol keçib. Silahlı qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində düşməni hər an məhv etməyə qadir olan güclü ordumuz formalaşıb.

Azərbaycan Ordusu torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanıb və işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etmək uğrunda fəal antiterror əməliyyatları aparır. Hər bir veteranlarımızı bu yolda ordumuzla və prezidentimizlə birgə olmağa səsləyirəm. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!» 

AVMVİB NTK sədri Niyazi Quliyev:

«Döyüşən ordumuzu ziyarət zamanı əsgərlərimizin qətiyyətini görüncə qürurlandım.

Azərbaycan ordusu inamla regionumuzun ən güclü ordu olması faktını mərmiylə təsdiqləyir. Bəziləri bu günədək güclü ordunun torpaqlarının işğalda ola bilmədiyini deyirdilər. Şanlı ordumuz bu qeybət xarakterli dedi-qodulara nöqtə qoymaq üçün şanlı bir yola çıxıb. Bu yolda Allah ordumuzu qorusun və onu müzəffər eləsin. Bu müharibə müqəddəs bir müharibədir. Ali Baş Komandan cənab İlham Əliyev dediyi kimi, bu gün tarix yazılır.

Ali Baş Komandanımızın ətrafında sıx birləşməli və hər cür təxribatlara qarşı mübarizə aparmalıyıq. .

Hər kəs bu yazılan tarixdə bacardığı kimi iştirak etməlidir. Hər bir Azərbaycan vətəndaşı tutduğu mövqedən asılı olmayaraq, Vətən müharibəsinə öz töhfəsini verməlidir. İlk gündən qəlbi ordumuzla döyünən müharibə veteranlarımıza AVMVİB Orduya Dəstək Qərargahı adından öz təşəkkürümüzü bildiririk. Qarabağ Azərbaycandır!»

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: