İlham Əliyevdən daha bir yubiley medalının təsis edilməsi haqqında FƏRMAN

Prezident İlham Əliyev «Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.


AZƏRTAC xəbər verir ki, Fərmanda deyilir:


Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki:


1.1. Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;


1.2. həmin Əsasnamənin 2-ci maddəsində «orqan (qurum)” dedikdə «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti nəzərdə tutulur.


2. «Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinə verilsin.


3. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Bu xəbəri paylaşın: