Dağlıq Qarabağ münaqişəsində ən çox qazanan kim oldu? Türkiyədən baxış

Həftənin əvvəlində Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli razılaşmadan ən çox faydalanan Rusiya oldu, İstanbul Universitetinin alimi Hakan Güneş belə hesab edir.

“Rusiya, sözün əsl mənasında bölgəyə qayıtdı. Həm də birbaşa Azərbaycan ərazisində hərbi mövcudluğunu yaratmış oldu”.

BBC News Türkçəyə bölgədəki yeni reallıqları izah edən mütəxəssis deyir, Azərbaycan müharibə nəticəsində işğal altındakı rayonları qaytararaq Dağlıq Qarabağın içində də irəliləyib.

“Azərbaycan 1994-cü ildə atəşkəsdən sonra yeddi rayonunu geri aldı. İşğaldan xilas oldu. Qarabağ vilayətinin sərhədləri daxilində əlavə olaraq, 25 faiz irəliləyiş əldə etdi”.

Hakan Güneşin fikrincə, müharibə nəticəsində məğlubiyyətə uğrayan Ermənistan Rusiyadan daha da asılı vəziyyətə düşüb.

Yerevan yalnız əraziləri itirmədi, o, həmçinin iqtisadiyyatının, siyasi sisteminin nə qədər problemli olduğunu anladı. Üstəlik, Rusiya ilə Qərb arasında tarazlığın saxlanılmasına yönələn Yerevanın siyasəti də nəticə vermədi, Hakan Güneş deyir.

Türkiyəli alim, həmçinin Azərbaycanı Naxçıvanla bağlayacaq yolun əhəmiyyətini də şərh edib. “Avropa, onun üzərindən Trakiya, İstanbul, Anadolu, Anadoludan Naxçıvana, ordan Bakıya bir yol deməkdir bu. Bu layihə “30 ildir Türkiyənin, Qərbin istədiyi plan idi,” o deyir.

Amma Hakan Güneş əlavə edir ki, Rusiyanın bu işdə olması bəzi narahatlıqlar yaradır.

Türkiyə sırf hərbi qüvvə olaraq sülhməramlı missiyada iştirak etməsə də, müşahidəçi şəklində təmsil olunur, o, eyni zamanda hərbi, texniki və təlim sahəsindəki başqa razılaşmalar sayəsində də Azərbaycanda mövcuddur və Türkiyə də bəlirli bir qazanc əldə etdi, BBC Türkçeye danışan Hakan Güneş deyib.

Bu xəbəri paylaşın: