
XAQANİ Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
Allah heç bir xalqa bizim mətbuatımıza bənzər bir bəla göstərməsin. «Bu zəhərli göbələkləri» aramızda becərən kimdirsə, vallahi və billahi ən azı erməniyə işləyir. Əksər saytların özünəməxsus informasiya siyasəti yoxdur. Əksər saytlar aldığı informasiyanı filtirasiya etmək qabiliyyətinə malik deyil.
Ölkəmiz döyüş meydanında qalib gəldikdən sonra da informasiya müharibəsi daha da kəskinləşib. Düşmən bütün aspektlərdə hücuma keçərək döyüşdəki məğlubiyyətinin acısını çıxmağa çalışmaqdadır. Çünki informasiya müharibəsi, öz məlumatlarını, informasiya sistemlərini və proseslərini qorumaqla yanaşı, düşmənin məlumatlarına, məlumat sistemlərinə və informasiya proseslərinə zərər vuraraq məlumat üstünlüyünə nail olmaq üçün həyata keçirilən məqsədyönlü fəaliyyətdir. Biz isə informasiyanı səhifələrimizi doldurmaq üçün bəh-bəhlə yaymaqdayıq. Hələ bir verilən informasiyada azca «şok,+18 və s.» notları olsa bütün informasiya yayımı «qapıları» taybatay açılar.
Konkret olaraq bu müharibə bir daha göstərdi ki, bizdə mətbuat adına yazmağı bacarmayan və daha obrazlı desək, «yiyəsini yıxmış bir at» ortalıqda vurnuxmaqdadır. Bəlkə də bu mövzuya müharibə olmasaydı bir daha qayıtmazdım. Amma ucdantutma hər biri «hərbi ekspirt» və «politolox» olanlarımız belə bu müharibə haqqında bir dənə də olsun analitik yazı ortaya qoya bilmədilər. Qələbənin qətiləşdirilməsi müharibənin ən ciddi və həlledici mərhələsidir. Mərmilərin deyə bilmədiyini sözlə deməyə can atmalıyıq. Bu sahədə problemlərin mahiyyəti, neqativ informasiyaların müasir cəmiyyətin şüurunu idarə etmək cəhdlərinə müqavimət göstərməyimizlə izah olunur, Çünki hələ də müasir rabitə texnologiyalarından istfadə etməklə gizli informasiya və psixoloji təsirdən yarana biləcək təhlükəni başa düşmək üçün heç də formalaşmamışıq. Bu işin empirik əsasını müasir dünyada informasiya müharibələri probleminə münasibəti əks etdirən sosioloji sorğunun nəticələri təşkil edir. Sosioloji rəyləri isə KİV-lər formalaşdırır. Faşist ideoloqu Göbbels əbəs yerə demirdi ki, mənə satqın mətbuat verin, mən sizə avam xalq təqdim edim. Əlavə olaraq bildirim ki, nəzəri olaraq dünyada müharibə iqtisadi bir anlayış kimi qəbul olunur, çünki döyüşən ölkələr daha sonra iqtisadi inkişafa çevrilə biləcək bir nəticə əldə etməyə çalışırlar. Ancaq bu gün mütəxəssislərin qeyd etdiyi kimi, heç bir müasir ordu məqbul xərclərlə qələbə qazanmağa qadir deyil, yəni hər hansı bir təcavüz iqtisadi baxımdan sərfəli deyil.
Belə bir vəziyyətdə fərqli müharibə növləri ön plana çıxır — məsələn, ultra-modern silahların istifadəsinə ehtiyac olmayan informasiya müharibələri. İnformasiya müharibəsi yalnız informasiya silahlarından istifadə edilən bir mübarizədir, yəni tətbiqə əsaslanan informasiya texnologiyaları, paylaşılması və informasiyaların qarşısının alınması. Bu, məqsədyönlü şəkildə subyektlərin düşüncələrinin manipulyasiyasıdır: məlumatın yaradılması, məhv edilməsi, dəyişdirilməsi, tətbiq edilməsi və informasiya daşıyıcılarının bloklanması. Bu cür uğurla başa çatdırılmış informativ əməliyyatlar məcmusu, bir qayda olaraq, düşmənin (dövlətin) idarəetmə sistemini nəzarətə götürmək və ya bu idarəetmə sistemini sındırmaq, yaxud idarə olunan başqa birisi ilə əvəz etməkdən ibarət olan hədəfə çatmağa gətirib çıxarır.
Dünən demək olar ki, bütün saytlarımızın az qala şok xəbər kimi təqdim etdiyi, utancverici bir yanlış informasiyanı diqqətinizə təqdim edirəm: «Azərbaycanın yenicə işğaldan azad olunmuş Kəbəcər rayonunda tragikomik hadisə baş verib. SSRİ dövründə Ağdərə (Mardakert) rayonunun tərkibində olan, 1992-ci ildə isə Kəlbəcər rayonunun tərkibinə daxil edilən Çaraktar kəndinin erməni sakinləri kənddən çıxarkən torpaqların Azərbaycana veriləcəyini düşünərək öz evlərini yandırıblar. Lakin bir gün sonra məlum olub ki, yaşayış məntəqələrinin qaytarılması SSRİ dövründəki ərazi-inzibati bölgüyə uyğun olaraq həyata keçiriləcək və bu səbəbdən də Çaraktar kəndi Azərbaycana qaytarılacaq yaşayış məntəqələrinin siyahısına daxil edilməyib, Ermənistan hökuməti isə səhvən kəndin Azərbaycanın nəzarətinə veriləcəyi barədə elan edib.
Torpaqları tərk edən ermənilər evləri yandırmaqdan əlavə, buradakı məktəbi də yerlə yeksan ediblər. «Facebook» istifadəçilərinin yazdıqlarına əsasən, oxşar hadisə Akanaberd kəndiylə bağlı da baş verib. Bu isə ermənilərin dövlətə qarşı etirazlarını daha da artırıb.»
İnformasiyanı gəlin süzgəcdən keçirək:
— «Çaraktar kəndinin erməni sakinləri». Birincisi, «Çaraktar» deyil, kəndin əsil adı Çərəkdardır. İkincisi, bu kənddə əvvəllər bir nəfər də olsun erməni yaşamayıb. Buraya köçənlər qanunsuz miqrantlardır. Üçüncüsü, yüz illərdir ki, bu kənddə Azərbaycan türkləri yaşamaqdadırlar. İnformasiyada maraqlı məqam odur ki, Ağdərənin mardakertliyini araşdıran binəvalar bu kəndin yandırılmasını tragikomik hadisə adlandırıb, o yox ağıllarıyla, güya erməniləri ələ salırlar. Ermənilər azərbaycanlıların evlərini yandırıb. Amma əslində və faktiki olaraq bu informasiyanı yaymaqla bizim jurnalistikamız ermənilərə «ayı xidməti» göstəriblər.
Həmçinin bu saytlar da eyni «ağılla» Akanaberd haqqında məlumat yayıblar və heç fərqinə varmayıblar ki, bu qondarma ad ermənilər tərəfindən Ağdərə rayonunun Umudlu kəndinə verilmiş addır. Bu kənddə də min illiklər boyu azərbaycanlılar yaşayıblar və 1905-ci ildə bu kənd əhalisi Xocalı əhalisi kimi soyqırımına məruz qalıblar. Həm də bu kənd strateji bir məntəqədir. Çünki Sərsəng SES bu kəndin ərazisində yerləşir. İndi kim tragikomik vəziyyətdə olmasını deyə bilərsinizmi?
—Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının 7-ci maddəsində deyilir: «Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.»
Yəni ikinci mərhələdə, həm Çərəkdar, həm də Umudlu kəndləri öz kəndlərinə qayıtmalıdırlar və eləcə də Ağdərənin 16700 nəfərlik əhalisi o günü gözləməkdədir. Ermənilərin verdikləri saxta statistik məlumata görə Ağdərə rayonunda bu gün 18921 nəfər yaşayır. Bu sayın 2000 nəfəri hərbçi, 800 nəfəri isə Heyvalı, Gülyataq qızıl və s. yataqlarında qanunsuz fəaliyyət göstərən talançı şirkətlərin işçiləri olması barədə məlumatlar mövcuddur. Yəni rayonda azərbaycanlı əhalinin sayı — 16700 nəfər, ermənilərin sayı isə, faktiki olaraq 16121 nəfərdir. Yəni «etnik çoxluq» erməni uydurması qüvvədən düşüb. İstəsəydiniz bunu sizlər də araşdıra bilərdiniz. Amma…
İllərcə ermənilərin demoqrafik olaraq uydurduqları «erməni etnik çoxluğu» saxtakarlığını ortaya çıxarıb «şoook» yaza bilərdiniz. Bölgədə 107 minlik Dağlıq Qarabağ azərbaycanlılarının etnik çoxluğu var. Erməni sayı 80 min nəfər olması belə mümkünsüzdür. Sübut olaraq bildirim ki, dünən sülhməramlılar Xankəndinə 11 min nəfərin qayıtdığı bəyanıtı verdikdən az sonra erməni mənbələri Paşinyana 22 min adamın qayıtmasını məruzə edirlər. Buna görə də təcili pasport rejimi keçirilməlidir. Bizim növbəti hədəflərimiz bunlar olmalıdır.
Cənab qələmdaşlar. Ermənilərin dərdini çəkməyin, dünya onların dərdini çəkir. Verdiyiniz informasiyanı ermənilərin vəziyyətini «tragikomik» adlandıranlara isə bircə sözüm var. Vallahi elə siz də bizim xalqın tragediyasısınız. Allah göstərməsin!