Ərdoğanın paraddakı çıxışına rəsmi Tehran sərt reaksiya verib.
“SAVAŞ” xəbər verir ki, İran Xarici İşlər naziri Cavad Zərif “Twitter” hesabında Türkiyə prezidentinin paradda səsləndirdiyi “Torpaqdan pay olmaz” şeirinə cavab verib.
İran XİN rəhbəri Cavad Zərif Ərdoğanın Bakıda dediyi şeirdəki “Arazı zorla ayırdılar” ifadəsinə etiraz edib:
“Ərdoğana izah etməliydilər ki, o yaman gündə dediyi şeirdə Arazdan şimaldakı torpaqların Ana vətən İrandan zorla qopardılmasından bəhs edilir. Ərdoğan başa düşmür ki, bu şeir həm də indiki Azərbaycan Respublikasının suverenliyini sual altına alır? Heç kəs bizim sevimli Azərbaycanımız haqda belə danışa bilməz!
İran XİN rəhbərinin yazdığı cəfəngiyyata şərh vermədən onu özündən çıxaran həmin görüntüləri yenidən təqdim edirik.
