Rusların yalnız ermənilərə həsr etdiyi bəyanat -Bir də oxuyun

3 tərəfli bəyanatı ruslar əldə rəhbər tutaraq ciddi-cəhdlə bölgədə konton bölgə yaratmağa çalışmaqdadır. Bəyanatı bir daha dərc edib diqqətinizə çatdırırıq. Oxuyub nəticələr çıxardın. Sabah gec ola bilər…

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.

Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. (Rusiya bu punktla erməni işğalını rəsmiləşdirdi. Məsələ işğal güclərinin ərazidən çıxarılması olmalıydı)

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. (Ərazidəki qanunsuz hərbi birləşmələri ruslar xilas edərək Xocavənd və Ağdərə cəbhələrində komplektləşdirməyə çalışır.)

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. (Rusiya bu mənfur addımla Osetiya, Abxaziya və Moldovada özünü rüsvay etmiş bir anneksiyaçı dövlət olduğunu sübut etdi. Sadəcə Gürcüstana Şevarnadze dövründəki zəiflikdən istifadə etməklə, Azərbaycanda isə güclü olduğumuz zaman bunu etdi. Üstəlik İsgəndər və S-300-lərdən istifadə edən Rusiya bu müharibədə tərəfdi və bunu faktlarla sübut edə bilərik.)

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. (Bu punktda nəzərdə tutulan ilkin müddəa yerinə yetirilməyib. Rus sülh məramsızları bu sahədə əlini ağdan qaraya vurmayıb. Ruslar bu qanunsuz hərbi birləşmələrlə birgə fəaliyyət göstərməyə başlayıb. Amaras məbədində video faktı yayınlamışdıq. Bölgədə tələsik hərbi infrastruktur yaratmağa və konton bölgəni tam Azərbaycandan təcrid etmək planları üzrə işlər aparır.)

Mənbə: https://youtu.be/7cqCfFzrvlc

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. (Mərkəz pərdəsi altda da ərazilərin hərbi kəşfiyyatı aparılır və dezinformasiya, partizan hücumları kimi işlərə hazırlıq görülür.)

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. (5 km dəhliz bu bəyanatın ən gülməli punktu hesab olunur. Belə çıxır ki, Rusiya qatarları eninə hərəkət edəcəklər. Heç Sovet dövrü işğal etdikləri Kalininqrada koridor açmayan Rusiya Dağlıq Qarabağda azərbaycanlı icmasının çoxluğunun olması fikrini ört-basdır etməyə çalışır. Ermənistanla qarşılıqlı enerji və rabitə və s. əlaqələri dayandırılmalıdır. Bu Azərbaycanın suverenliyinə qarşı bir rus təxribatıdır.)

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. (Buna da qətiyyən ehtiyac yoxdur və sülh məramsızlar nə qələt edəcəklər? Mövcud yollarda erməniləri qorusunlar)

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. (Bu günədək rus sülh məramsızlar Dağlıq Qarabağ azərbaycanlı icmasının bir üzvünü də geri qaytarmayıb. Pişik balasını dişinə alıb daşıyan kimi erməni qovalamaqla məşğul olub. İcma üzvləri təşkilatlanmalı və rusların bu mənfur münasibətinə qarşı öz etirazlarını bildirməlidirlər. Xatırladaq ki, 108 min azərbaycanlı əhali öz yurdlarına dönmək istəyirlər. Ruslar isə azərbaycanlılara məxsus kəndləri də ermənilərlə məskunlaşdırmaq istəyirlər. Ağdərə rayonu azərbaycanlılara məxsus Çərəkdar kəndini misal göstərə bilərik.)

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. (Bu günədək Azərbaycan 3 erməni əsirinə qarşılıq erməni tərəf kimsəni azad etməyib.)

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. (Şuşaya və Laçına gedişlə bağlı ruslar heç bir iş görməyib. Şuşa və Laçın yerləşdikdən sonra anoloji işlər görməyə məcbur olacaq.)

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. (Əməli olaraq bir addım da atılmayıb və konkret heç bir iş görülməsi barədə məlumat yoxdur.)

Bu sənədin mətni Azərbaycan Prezidentinin rəsmi www.president.az saytından götürülüb.

Bu xəbəri paylaşın: