Hərbi jurnalist Rəşad Süleymanovu rəhmətlə anırıq

Rəşad Süleymanovun itkisi, həm jurnalistikamıza, həm də vətənpərvər insanlarımız üçün ağır itki oldu. «Fədai» qəzetinə gəldiyi günləri xatırlayıram. Universiteti bitirmiş bir gənc idi. Soruşdum ki, niyə bizim qəzeti seçmisiniz? Bizdə maaaş və qonorar çox azdır. Dedi ki, bu qəzet döyüşçülərin qəzetidi, həm də hərbdən çox yazılar verirsiniz. Mənim də hərbi sahəyə marağım var. Razılaşdıq. Bizdə də və bizdən sonra da özünü doğrultdu. Eyni yolla getdi. Bu gün isə uzun bir yolçuluğa çıxdı. Rəhmətlə anırıq…

Başın sağ olsun, Vətən!

BakuPost onun haqqında maraqlı yazı yayınlayıb: «Hərbi jurnalist Rəşad Süleymanovun COVID-19 virusundan vəfat etməsi aidiyyəti qurumların düzgün işləmədiyi, əhaliyə vaxtında və doğru tibbi xidmətin göstərilmədiyi barədə müzakirələri alovlandırıb. 

«BakuPost» xəbər verir ki, sosial şəbəkələrdə etiraz statuslarının sayı-hesabı yoxdur. Mərhum jurnalistin həyat yoldaşı mətbuata açıqlamasında bildirib ki, vəziyyəti ağır olsa da, Rəşadın xəstəxanaya yerləşdirilməsi mümkün olmayıb: 

“Səhhəti hər gün ağırlaşırdı. İki dəfə Rəşadı “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəz) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. Bu gün səhər saatlarında evdə vəfat etdi”.

R.Süleymanovun dostları onun son votsap statusunu da paylaşıblar. O, səhiyyənin bərbad olduğundan, «103» xidmətinin işləmədiyindən şikayətlənib: 

“Məlun COVID bizi də yaxaladı. Səhiyyə bərbad, «103» işinin öhdəsindən gələ bilmir, TƏBİB heç nəyə yaramır. Dirigözlü ölümü…”

Bu arada məlum olub ki, R.Sülüymanovdan əvvəl onun hərbi həkim olan qardaşı da virusa yoluxub. Və onu da xəstəxanaya yerləşdirmək müşkülə çevirilibmiş. 

Qeyd edək ki, ağır xəstə olan şəxslərin xəstəxanalara yerləşdirilməsi ciddi problemə çevrilib və bu, əhali arasında kəskin narazılığa səbəb olub. 
Təcili Tibbi Yardım çağırışlara gəlmir, xəstəxanada yerlərin olmadığı bildirir. İnsanlar isə iddia edirlər ki, xəstəxanada yerlər ya kimlərinsə tapşırığı, ya da hansısa başqa maraq müqabilində «tapılır».
(BakuPost).

Rəşad Süleymanovun daim fəal olduğu facebook səhifəsində də bir paylaşımını da biz təqdim edirik. Hərbi jurnalist kimi SAH/SAM («Morskoy kotik») adlanan dəniz piyadalarımızdan yazıbmış:

«XTQ-dən yazdıq, bir də SAH/SAM («Morskoy kotik») döyüşçülərimizdən danışaq.Döyüşlərdə Hərbi Dəniz Qüvvələrimizin xüsusi təyinatlıları da iştirak ediblər. Az sayda olsalar da keçirdikləri əməliyyatlarda saylarından qat-qat çox düşmən məhv edib, çox sayda qənimət götürüblər. Bir neçə yaşayış məntəqəmizdə, o cümlədən Qubadlı şəhərində bayrağımızı qaldırıblar. Döyüşlərdə SAT-larımız 9 şəhid verib.Digər qoşun növündə döyüşən zabitimiz deyir: «Morskoy kotiklər» döyüşə girəndə elə bil tank girirdi. Çox peşəkarlıqla döyüşürdülər. Sanki illərdir müharibədə böymüşdülər. Qorxu deyilən şey yox idi. Onlar yaxınlığımızda olanda rahatlıq tapırdıq. Təsəvvür edin, onların bir bölükdən az şəxsi heyəti düşmənin bir taboruna qarşı dayanır və düşməni mövqelərindən çıxarıb, qaçmağa məcbur edir. Üç əsgəri düşmənin nəzarətindəki əraziyə sızıb postdakı bütün erməni əsgərlərini öldürdü. Geridə qalmış şəhidlərimizin cəsədlərini götürdülər.»

Allah rəhmət eləsin!

Məkanın cənnət olsun!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: