O bayraq enməməliydi. O bayraq enə bilməz…

Xaqani Ədəboğlu

Mən bu yazını 25 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlanmasından 2 gün öncə yazmışdım, özü də 32 il əvvəl ruslar Qarabağa gələn zaman baş vermiş real bir hadisəni xatırlatmışdım: «O bayraq enməz … Enmədi də…»

*************

Son günlər milli mənşəyi bəlli olmayan bəzi məmurların Türkiyə və Azərbaycan bayraqlarına qarşı müəmmalı «endirmə» əməliyyatları yadıma uzaq 1988-ci ilin iyun ayında Ağdərə rayonu Xatınbəyli kəndində 12 metrlik boruya bərkidərək qaldırdığımız qırmızı bayraq düşdü…


Xam Güney adlı bir təpəyə kəndə uçuşlar edən helikopterin ekipajı xahiş etdi ki, təpənin üzərinə bir bayraq qaldırın. Eniş zamanı biz öz kordinatımızı düzgün seçə bilək.


İşlədiyim məktəbdə bir pioner bayrağını götürdüm və ortadakı qlobusu, «Bud Qotov!» sözlərini pozdum və herbdən Aypara və ulduz düzəltdim. Hərçənd bu aypara və ulduz üfiqi deyil, şaquli alınmışdı. Həmin bayrağı 12 metrlik standart boruya bağlayıb təpənin üstünə qaldırdıq və endirmək üçün yalnız borunu endirmək lazımdı. Borunun dibini də betonlamışdıq.


Ertəsi günü bölgəyə yeridilmiş rus-sovet komendantlığının əsgərləri, bir nəfər rus kapitan və 3 nəfər Ağdərə rayon Partiya Komitəsinin erməni işçiləri bir RAF və UAZ maşınlarla bayrağın yanına gəldiyini gördük. Kəndin gəncləri ilə bayrağın yanına çatar- çatmaz erməni tut arağından vuran rus kapitan qışqırmağa başladı: «Кто поднял тут турецкий флаг?»


Hərəmiz bir versiya desək də, hətta pioner bayrağı olduğunu söyləsək də, küləyin o herbi o günə saldığını desək də rus bayrağın endirilməsini tələb edirdi və ermənilər də ona züy tuturdular. Aramızda söhbət artıq kritik vəziyyətə çatmaqdaydı və rus zabit tez-tez əsgərlərə hazır olmağı tapşırırdı.
Onlar da öz avtomatlarını qaldırıb bizə tuşlayırdılar. Rus kapitana yaxınlaşıb dedim: «Товарищ капитан! Этот флаг — флаг нашей деревни. Он был поднят решением совета старейшин, ведь там советская звезда.»


Rus bir də bayrağa boylandı və borunu təpikləyib itələyərək dedi: «Ermənilər komendantlığa şikayət ediblər ki, türk bayrağı qaldırmısınız. Bunu necə endirmək olar? Onlarla adam bizə yazılı müraciət edib.»

Mən dediklərimi bir də təkrarlayıb dedim ki, «Только совет старейшин может решить опустить этот флаг.»


Rus zabit bu şuranın nə vaxt olacağını soruşduqda ağlıma gələn ilk fikri- «yarım il sonra» dedim.

Zabit ermənilərə yaxınlaşıb nəsə danışdılar və çıxıb getdilər…


Bu gün o rus zabit dəf olub getsə də onun əlaltıları hələ də içimizdə qalmaqdadır. Azərbaycanın və Türkiyənin ay ulduzlu bayrağına quduz münasibət bəsləyənlər hələ də ortadadır. Hələ də o rusa köpəklik edən o 3 erməninin qohum-əqrabaları öz ampulasındadırlar. 32 il keçməsinə baxmayaraq bu zehniyyətə sahib olanlar, hələ də müstəqil bir ölkənin çörəyini yeyib düşmən qapısını qoruyurlar.


«Bir kərə yüksələn Bayraq, bir daha enməz!» Ağlınız olsun. Hərçənd elə əsas problem də elə budur…

P.S…

İndi də müharibədən sonra yazıram. Bu bayraq enməz demişdik, bəs Şuşada bu bayrağı kim endirib? Alınan məlumata görə əmri Müdafiə Nazirliyi verib. Öncə MN bu fakta münasibət bildirməlidi.

Bəlkə Qarabağda separatizmin simgəsi olan erməni şəlpəsini yığışdıra bilməyən və  Araiklə «qucaqlaşıb öpüşməklə» gün keçirən Rüstəm Muradov əmr verib? Bu «sülh qarğasına» verilən səlahiyyətlərin hüdudları müəyyənləşdirmək vaxtıdır. Qarabağda ikinci Volskiyə yol verməməliyik. Olmayan ermənilərin yerinə nə daşıdığı bilinməyən ruslar dərhal nəzarətə götürməliyik. Suriya və Livandan terrorçu daşıyan ruslar, indi də Rusiyadan daşımağı planlaşdırmaqdadır. Biz səssiz qaldıqca Rusiya propoqanda maşını və müharibə partiyası həyasızlıqda erməniləri də kölgədə qoymaqdadır. Rusiya həm də bölgədəki vəziyyətdən istifadə edərək bölgəni silahlandırmağa çalışmaqdadır.  

Biz öz varlığımızı daha çox hiss etdirmək əvəzinə geri çəkilmək mövqeyi sərgiləəmiz yol verilməzdir. Şuşada asılan bayrağın endirilməsi də ermənilərin və içimizdəki kolon nökərlərinin növbəti qələbəsi sayıla bilər. Bir bayrağı qaldırmısansa, onu enməyə qoymayacaqsan. Çünki «Bir kərə yüksələn bayraq enməz» deyilib. O bayraq yerinə daha böyük v daha uca olmaqla bərpa edilməlidir. O bayrağı bu gün qərargahlarda yayxınıb can dincəldən zabitlər deyil, soyuq səngərləri öz qanıyla isidib bu Vətən uğrunda can verənlər yüksəldiblər. O bayraq enməməliydi. O bayraq enə bilməz…

Bu xəbəri paylaşın: