Kəlbəcərdən salam var … VİDEO

Ermənilərin xarabalığa çevirdiyi Kəlbəcərdə həyat artıq canlanıb

Sərhəddə duran ermənilər əsgərlərimizdən çörək dilənir

İndi Kəlbəcərin dərdi ancaq yol dərdidir

Dünyada heç bir hiss torpaq həsrətinə bənzəmir. Biz azərbaycanlılar bu həsrəti yaşasaq da, sonunda qalibiyyət, zəfər şərbətini də daddıq. İnsanı məst edən, ağrısını-acısını unutduran bu hiss bu gün hər bir azərbaycanlını həsrətində olduğu o torpaqlara çəkir. Bu gün hər birimiz Azərbaycan Ordusunun cənab Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad etdiyi torpaqlarımıza getmək, əlimizdən gələn köməkliyi göstərmək arzusundayıq. Hazırda həmin ərazilərdə quruculuq bərpa işlərinə start verilib. Ordumuz hər an keşikdə, dağlıq rayonlardakı kəskin hava şəraitinə baxmayaraq həm xidmətini şücaətlə davam etdirir, həm də bu quruculuq işlərində yorulmadan fəaliyyət göstərir.

Mənfur düşmən cənnət-məkan Vətənimizi varvarcasına viran qoyub, darmadağın etdiyi azmış kimi, üstəlik özündən sonra hər qarışı minalayıb, bütün yaşayış infrasrukturunu məhv edib. Yolların dağılması əsgərlərimizin təminatı, lazım olan avadanlıqların, texniki vasitələrin həmin ərazilərə çatdırılmasını ləngitsə də, qarşımızı kəsə bilmir. Bizim torpaqlarımız qayıdıb, lazım olsa, ayaqyalın, piyada da gedib o yerləri quracağıq! Bu işdə bütün azərbaycanlılar dəmir yumruq kimi sıx birləşib, həmrəylik nümayiş etdirirlər. Bizim də ürəyimiz əsgərlərimizin, ordumuzun yanında idi. Elə bu məqsədlə ordumuza dəstək üçün, şəhidlərimizin xatirəsinə dərin ehtiramla yeni təqvim ilinin ilk günlərində işğaldan azad olunmuş dağ rayonlarımızdan biri Kəlbəcərə yol aldıq. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin təşəbbüsü ilə təşkil olunmuş səfərdə təşkilatın nümayəndə heyətinin tərkibində Missiya TV əməkdaşı olaraq bu xoşbəxtliyi yaşamaq mənə də nəsib oldu. AVMVİB sədri Füzuli Rzaquliyev, sədrin müavini İslam Səfərov, AVMVİB-də iqtisadi məsələlər üzrə müşavir Anar Əhmədovla birgə Kəlbəcər yolçuluğumuz başlanır. Deyəsən, mən həm də Kəlbəcərə ayaq basan ilk qadın jurnalist oldum.

Əsgərlərimizə lazım olan avadanlıq və bayram sovqatı ilə Qarabağın incisi Kəlbəcərə üz tutduq. Kəlbəcər rayonunun işğaldan azad edilməsini həm də cənab Ali Baş Komandan İlham Əliyevin diplomatiyasının təntənəsi adlandırmaq olar. Kəlbəcərin çoğrafi relyefi onu müharibə apararaq azad etməkdə böyük çətinlik yaradacaqdı. Bu müharibə ən dəhşətli,ən ağrılı bir tarix yazacaqdı. Bu yol hədsiz qurban tələb edirdi və şəhidlərimiz daha çox olacaqdı. Bütün bunları Kəlbəcəri görəndən sonra bir daha düşündükcə insanı dəhşət bürüyürdü. Özünü Vətəni üçün ölümə atan neçə-neçə oğullarımızın həyatı bahasına qayıdacaqdı Kəlbəcər. Şükürlər olsun ki, cənab prezidentin qətiyyəti və rəşadətli ordumuzun qüdrəti buna imkan vermədi. Düzdür, Kəlbəcər uğrunda da xeyli şəhidlərimiz var. Onların hər birinin bu torpağın hər qarışında haqqı, izi var. Amma buraları görəndən sonra anlayırdım ki, bu itkilər 4-5 dəfə, bəlkə daha çox məhz bu diplomatik gediş sayəsində azaldı. Dağlar qoynunda yerləşən Kəlbəcərə iki istiqamətdən yol gedir. Biri Toğanadan Murov aşırımları ilə, digəri isə Ağdərədən.

Hazırda Ağdərə yolundakı problemlər, sülhməramlı kontingentin həmin bölgədəki fəaliyyəti və eyni zamanda Ermənistan rəhbərliyinin dediyinə görə Ermənistan hökumətinə tabe olmayan qüvvələrin bu ərazidə hələ də mövcudluğu Kəlbəcərə aparılan təminatın çatdırılmasında müəyyən çətinliklər yaradır. Adi avtomobillə Murov aşırımlarını aşaraq Kəlbəcərə getmək isə, həm uzun zaman aparır, həm də çox təhlükəlidir. Buna baxmayaraq, bu yolu qət etməyi planlaşdırdıq. Gəncədə gətirdiyimiz sovqatı hərbi maşına yükləyib yolumuza başladıq.Toğanada Kəlbəcər istiqamətini göstərən lövhədə 80 km məsafənin yazıldığını görəndə çox sevinmişdim.

Neçə saatlıq yolumuz var deyəndə isə azı 4-5 saat dedilər. Murov aşırımları haqqında məlumatım olmadığından bu cavab mənə maraqlı gəlmişdi.Axı, 80 km-lik yolu niyə 4-5 saata qət edək ki? Əlavə sual vermədən yolumuza davam etdik. Murov aşırımlarının başladığı yerə çatanda anladım ki, bu səfər heç də asan olmayacaq. Ümumiyyətlə, bu yoldan istifadə edənlər nəzərə almalıdırlar ki, bacardıqca erkən saatlarda yola çıxmaq lazımdır, çünki orduya təminat aparan kolonlara mane ola bilərsiz. Ya Allah deyib üzüyuxarı Murov aşırımları ilə getməyə başladıq. Yuxarı qalxdıqca yolun hər iki tərəfi minalandığından, eyni zamanda yollar buzlu olduğundan son dərəcə ehtiyatla və aşağı sürətlə hərəkət

edirdik. Yol boyu bombalanmış postlar, vurulmuş, yararsız texnikaları görürdük. Bu 30 ildə nələr görməyib bu aşırımlar.Neçə-neçə igidlərimiz, oğullarımız şəhid olub bu aşırımlarda.Yuxarı qalxdıqca hərəkət çətinləşir, ara-sıra əsgər təminatı aparan iri yük maşınlarına yol verərək, irəliləyirik. Yüksəklikdəki postların hər birinin öz adı var. Lap yüksəklikdə — dəniz səviyyəsindən 3395 m hündürlükdə yerləşən Ömər postudur. Ətrafda Güzgü, Elşən, Koroğlu postları da var. Ömər postu illərlə erməni işğalında olub. Sıldırım, qarlı qayaların üzərində yerləşir. O qayalar ki, ilin bütün fəsillərində qarlı olur və çox tez-tez qar uçqunları yaranır və bu qar uçqunları ucbatından da illərlə xeyli şəhidlər vermişik. 1993-cü ildə kəlbəcərlilər məhz həmin bu qarlı aşırımlarla canlarını götürüb ev-eşiklərindən didərgin düşmüşdülər.

Bu yollara baxdıqca, həmin o əzablı günlər, televiziyadan baxıb gördüyümüz kadrlar göz önünə gəlir, xatırlanır və insanın qanını dondurur. Bizə bələdçilik edən hərbçilər deyir ki, ermənilərin özləri çox vaxt bu aşırımlardan şikayətlənir, bezdiklərini deyirdilər. Əslində günün bu vaxtında hava qaralmalı olduğu halda, əksinə günəşin işığından üstü qarla örtülmüş qayalar par-parıldayır. Elə bu an maşınımız dayanır, çox iti döngəyə çatırıq. İlk yerə atılan Veteranlar Birliyinin sədri qazi Füzuli Rzaquliyev olur. Yaş öz sözünü desə də keçmiş döyüşçü, komandir cəld yerə atılır. Bir anlıq dayanır. Bir də bu aşırımlara döyüşçü gözü ilə baxır. Sanki bu günədək hələ də nəşi tapılmayan şəhidləri axtrarır, onları xatırlayır. Hər il yeni ilin ilk gününü və ad gününü Şəhidlər Xiyabanında, bu il isə ilin ilk günülərini və ad günü ərəfəsini azad edilmiş Kəlbəcər torpaqlarında qeyd eləyir. Bir xeyli piyada qalxır dolamanı. Hətta halı da pisləşir. Bir az nəfəsimizi dərib yenidən davam edirik. Çox çətinliklə, axşama yaxın Ömər postuna çatırıq. Budur bu da illərlə kabusa çevrilən Ömər postu. Sanki göylə yerin birləşdiyi bir yerdəsən. Əlini uzadıb buludları dağıtmaq istəyir adam. Lap uzaqda günbatanda Qərbi Azərbaycana boylanıb, bacardıqca daha çox görmək istəyirsən, hətta arzu da tutursan. Qarşıda müzəffər ordumuzun qurduğu postu görürük. Çadır qurulub, balalarımızın təminatı yaxşıdır. Artıq mobil şəbəkə qülləsi də aktivdir, fəaliyyətdədir. Əsgərlərimizin də kefi kökdür.

Salamlaşıb, sabah sovqat gətirəcəyimizi də deyib, davam edirik. Vaxtımız azdır. Yolu kəsməmək üçün bacardıqca sürəti artırırıq. Və budur, artıq Kəlbəcərə doğru yaxınlaşırıq.Yol boyu erməni postlarına, viran qalmış torpağımıza baxdıqca həm qürrələnirsən, həm də kövrəlirsən. Bu daşların, qayaların hər parçasında şəhidlərimizn haqqı, igidlərimizin izi var. Kəsiblər, doğrayıblar, viran qoyub, xarabaya çeviriblər, xainlər Vətən torpağını.30 ildə kef çəkib, səfa görüblər şərəfsizlər. Bir insan (əslində onlar insan deyil), bir canlı , canlı təbiətə bu qədərmi qənim kəsilə bilər, ilahi?! Bu nə nadanlıq, bu nə şərəfsizlikdir? Kəlbəcərin girişinədək 18 km ərazi yolboyu bütün ağaclar şərəfsizlər tərəfindən soyqırıma məruz qalıb.Apardıqlarını aparıblar, apara bilmədiklərini elə belə doğrayıb, ordaca atıb çıxıblar. O ağaclara baxdıqca adamın ürəyi dağlanırdı. Hər dəfə Kəlbəcərə istirahət etməyə gələn xainlər daşları, qayaları yazıb guya öz murdar adlarını bu yolla əbədiləşdiriblər. Qədirbilməzlər, pisniyyətlilər, özlərindən sonra elə özlərinə bənzər iz qoyub gediblər. Tərtər çay – deyə maşında oturanlardan kimsə dərindən ah çəkir.Tez boylanıram. İlahi, necə də gözəldir. Su həm buz bağlayıb, həm də sanki zümzümə edə-edə axıb gedir. Artıq yolumuz hamarlanıb. Çox keyfiyyətli asfalt yolun olduğunu görürük. Sonradan öyrənirik ki, bu yolu da ermənilər yox, iranlılar çəkibmiş. Artıq səsli-küylüdür yolumuz.

Ordumuzun maşınları, texnikaları, daim hərəkətdə olan, xidmət edən əsgərlərimizi görürük. Şəhərlərin müharibədən sonrakı vəziyyətini, orda yaşayananları ancaq kinofilmlərdə izləmişdim. Axı belə deyildi buralar. Kəlbəcər hər zaman cənnət məkan olub. Gördüyüm mənzərə yalnız dəhşət doğururdu. Yaxşı ki o təbiət var. Onu da yerlə yeksan etməyə çalışsalar da, bacarmayıblar. Sağ tərəfdə Zod kəndinə gedən yolda qurulan post, sol tərəfdə tunel görünür. Tuneldən keçən yol Ağdərəyə gedir. Kəlbəcərə gedən ən rahat yol ordan olsa da, hələlik istifadə olunmur. Hər iki döngənin ortasından düz keçib Kəlbəcər şəhərinə yaxınlaşırıq. Şəhərmi qalıb? Yanmış, damları sökülmüş, yalnız divarları qalan evlərdən ibarət xarabalıqdır indi Kəlbəcər..Tək-tük evlərdən işıq gəlir. Ermənilər Tərtər çayın üzərində su elektrik stansiyaları tikmək arzusunda olsalar da bu arzuları ürəklərində qalıb. Müzəffər Azərbaycan Ordusu onları bu arzularını həyata keçirməyə peşman edib.

Şəhərə nəzər saldıqca nizami ordumuzun dayanmadan çalışdığını, bir düzən qurlduğunn şahidi olduq. Yeni ilin ilk gününü əsgərlərimizin yanında olmaq istəyimizin orada olan hər kəsin ürəyindən olduğunu gördük. Azərbaycanlıların evlərində illərlə yaşayıb kef çəkən mənfur qəbilənin nümayəndələri günlərini ancaq yeyib içməkdə, talan etməkdə keçirib, heç bir quruculuq işlərinin aparmayıblar. Əksinə olanı da məhv etməyə çalışıblar. Hərbçilərin dediyinə görə ordumuzun heyəti ilk öncə çadırlarda yaşamağa məcbur olublar. Çünki yaşayış üçün yararlı olan bir tikili belə qoymayıb arxalarında xainlər.

Ümumiyyətlə, ermənilərdən sonra o evlərdə yaşamaq, həmin evləri yaşayış halına gətirmək çox vaxt aparıb. Dağıntı bir yana, insana məxsus ən adi insani təmizliyin belə olmaması hamını heyrətə gətirib. Burda özünə insan deyən necə yaşayıb? –deyə heyrətə gəlir hərbçilərimiz. Dayanmadan həm quruculuq işləri aparırıq, həm də keşik çəkirik, dedilər igid oğullarımız. Ermənilərlə heç üz-üzə gəlirsinizmi? – sualına, zabitlərimizdən biri gülərək cavab verir:

— Əlbəttə, sərhədlərimiz artıq bəllidir və müəyyən postlarda onlarla üz-üzə gəlmək məcburiyyətində qalırıq. Çox utanmaz, qürurları olmayan millətdirlər. Elə olub ki, gecə gəlib bizim əsgərlərdən çörək belə istəyiblər. Hiyləgərdirlər. Ağılagəlməz yerlərə mina qoyub gediblər. 30 ildə bu yerlərə yaxşıca bələd olublar. Ona görə biz də ehtiyatı əldən vermirik.

Birinci Qarabağ savaşının veteranları və II Vətən Müharibəsinin veteranları fikir mübadiləsi aparır, öz təcrübələrini bölüşürlər. Yeni ilin ilk günündə onları yad etdiyimiz üçün bizə minnətdarlıq edirlər, hərbçilərimiz.

Gecəni maraqlı söhbətlər edib, bizim üçün ayrılmış yerdə gecələyirik. Səhər hamı – biz də əsgərlərə qarışıb günün planını cızırıq. Çox qalmağa imkan yoxdur. Adam heç ayrılmaq istəmir, daha çox qalmaq istəir, amma, xidmətə mane ola bilmərik. Hərbçilərimizlə görüşüb, yenidən gələcəyimizdə hansı yardımların olunacağı proqramını da tərtib edib, ayrılırıq. Qayıdarkən yolüstü İstisuya da baş çəkək deyirik. Və sıldırım qayaların arasında olan Kəlbəcər gözəlliyinə valeh ola-ola ekskursiyaya çıxırıq. Artıq bir sıra dövlət qurumlarının Kəlbəcərdə fəaliyyətini bərpa edib xəbərini eşidib çox sevinirik. Böyük hospital, DİN-nin şöbəsi, FHN-nin şöbəsi və s. öz yerində, öz xidməti fəaliyyətindədir.

Yolboyu gün işığında yenə dağılmış, talan edilib, viran qoyulmuş Kəlbəcərə baxıb içimiz yana-yana Tərtər çayın kənarı ilə İstisuya yol alırıq. Kəlbəcər İstisu mineral ehtiyatı və «İstisu» sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları keyfiyyətcə (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Bax belə, qiymətli bir xəzinədir, Kəlbəcər torpağı…

Tərtərçayın kənarı ilə irəliləyib İstisu mineral su hövzələrindən birinə çatırıq. Artıq ordumuz burda səliqə-səhman, təmizlik yaradıb. Hətta ətrafda səyyar duş kabinələri də qoyulub.Stəkanı doldurub ciyərimizə çəkə-cəkə isti sudan doya-doya içirik. Ətrafa, təbiətə, gözəlliyə heyran-heyran baxmaqdan doymayıb yolumuza davam edirik.

Qayıdarkən Yanşaq kəndinin qarşısından keçirik. Sağ tərəfdə böyük dağıntıları görüb sürücüdən bir anlıq dayanmağı xahiş edirəm. Böyük ərazini əhatə edən bir tikilinin artilleriya atəşindən darmadağın olmuş qalıqları canlanır qarşımızda. Və budur Müzəffər Azərbaycan Ordusunun möhtəşəm əl işi. Qürurla irəli getmək istəyirik. Amma olmaz, minalıdır, deyib geri çəkirlər. Həmin bu ərazidə ermənilərin çox böyük bir hərbi hissələri olub. Və rəşadətli ordumuz tərəfindən darmadağın edilib.

Ümumiyyətlə, ermənilərin Kəlbəcərdə çox sayda hərbi hissələri varmış və hərbçimiz məlumat verdi ki, bunlar bu torpaqdan o qədər ləzzət alırmışlar ki, hətta ailələri ilə birgə yaşayırmışlar burada. Və bu da son.

Ermənilər hamılıqla Kəlbəcərdən yox olublar və tarixə gömülüblər. Bir daha lənət oxuyuruq. Çox ləngiyə bilmirik. Və yenidən paytaxta qayıtmalıyıq.

Çıxışda haça qayaların arasında xatirə foto çəkdirib paytaxta yol alırıq. Ürəyimizdə fərəh, vicdanımızın rahatlaması hissi və bir də bitib tükənməyən nisgillə Kəlbəcərdən ayrılırıq. Heç arılmaq istəmədən ayrılırıq. Yenidən qayıtmaq ümidi ilə ayrılırıq. Artıq arxayınıq.

Kəlbəcər bizimdir! Kəlbəcər Azərbaycandır və biz onu dirçəldəcəyik!

Lamiyə Rövşənqızı

Bu xəbəri paylaşın: