Bəlkə də Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma bir faktı kimsə unutmamalıdır ki, bu döyüşə atılanların böyük əksəriyyəti öz döyüşçü atalarının izi ilə gedən igidlərimizdi. Əlbəttə ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Tarix yazan qəhrəmanlarımız geri dönürlər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovun oğlu Bayram Osmanov da geri dönüb. Qazi ataya bütün veteranlar adından göz aydınlığı veririk. Gözün aydın olsun, əsgər atası!
Müzəffər döyüşçümüz Bayram Qurban oğlu Osmanov cəbhənin cənub hissəsində şərəfli bir döyüş yolu keçib. Şanlı Azərbaycan ordusunun qazandığı qələbədə onun da öz payı var. Vətən bu xidmətləri unutmayacaq!
Elnur Səlim