TƏKLİF: Mədəni irsimiz olan Albaniya və boş qalan erməni kilsələrini Soyqırım muzeylərinə çevirək

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib: “Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret bir siyasət həyata keçirib”. Onun sözlərinə görə, bu siyasətin mahiyyəti ilk növbədə bizim izlərimizi oradan silməkdir: “Bunun üçün onlar üç istiqamətdə iş aparıblar. Birincisi, İslam məbədlərini, məscidləri, ziyarətgahları dağıdıblar. İkincisi, İslam məbədlərini başqa xalqın mədəniyyətinin nümunəsi kimi təqdim edib, yəni özgəninkiləşdiriblər. Üçüncü istiqamət isə, alban məbədlərinə olan münasibət idi ki, burada onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı”.

Sədr müavini bildirib ki, işğal altında olan 128 alban məbədinin demək olar ki, hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amaras alban kilsəsi erməni qriqoryan kilsəsinə çevrilib.

Bu gün Kəlbəcərdə Xudavəng, əslində isə Arzu Xatun məbədinə həyasızcasına sahib çıxmalarına Elmlər Akademiyasının eyni üslubda susqunluq göstərməsinə ad tapa bilmirəm. Məbədlə bağlı tarixi bilgilər üzdə olsa da bu günədək məbəd ətrafında yaranmış erməni həyasızlığına sərt cavab verilməməsinin əsas günahkarı Elmlər Akademiyasının indiki rəhbərliyidir. Toydan sonra 4 açıqlama məktubu yazan akademik bu tale yüklü məsələ barədə maraqlı surətdə susmaqdadır.

Məlumat üçünbildirim ki, məbədin memarlığı haqqında ən dolğun bilgilərə Gülçöhrə Məmmədovanın (Зодчество Кавказской Албании, Bakı: Çaşıoğlu, 2004) əsərində rast gəlmək olar. Bu məbəd barədə üzdə olan məlumatlara görə, kompleksin başkilsəsi olan Arzu xatun kilsəsi 1214-cü ildə knyaginya Arzu xatunun sifarişi ilə inşa edilmişdir. Arzu xatun knyaz Kurdun qızı olmuşdur. Knyaz Kurd isə müasir Azərbaycan Respublikasının Qazax və Tovuz rayonlarının, həmçinin indi Ermənistan Respublikası adlanan əraziləri əhatə edən tarixi Kaen əyalətinin hakimi olmuşdur. Kirakos Qandzaketsinin (Gəncəli) məlumatına görə, Xudavəngdə kilsənin inşa edilməsindən əvvəl, Arzu xatın həyat yoldaşı olan Xaçın knyazı Vaxtanqla birlikdə Qoşavəngdəki Müqəddəs Tanrı Anası kilsəsinin inşasında iştirak etmişdir.

G. Məmmədova qeyd edir ki, «heç şübhəsiz ki, Arzu xatun həm də Qazaxdakı Əskipara monastırının memarlığı ilə tanış olmuş və sözsüz ki, Xudavəngdəki kilsənin memarlıq üslubunun seçilməsində bu tanışlıq da rol oynamışdır.» Bununla yanaşı Xaçının ən zəngin ailələrindən birinin sifarişi ilə ölkənin intibah dövründə inşa edilən kilsə, həm də öz sələflərini geridə qoymalı idi.

Bunca üzdə olan bir məsələyə münasibət bildirməyən o bina, yaxud da onun içindəkilər kimə lazımdır? Bu torpaqlarda 200 il yaşı olan bir məzarı olmayan bir toplum qarşısında sus-pus qalan bir qurum vaxt keçmədən ləğv etmək daha xeyirlidir. Ən azı rus arxivlərində olan mənbələrə əl uzatmayan bu alimlərin billahi məqsədləri elmlə əkslik təşkil edir. Rusların yazdığına görə, 1828-ci il Rus-Qacariyyə (İran) müharibəsindən sonra Zaqafqaziya ermənilərinin kilsə mərkəzləri olan öncə alban məbədi olmuş Ecmiədzin və katolikosları ilə birlikdə Rusiyanın hakimiyyəti altına girdi. Sonra Çar I Nikolay (1825-1855) erməni kilsəsinə aid «Polojenya» adlı bir qanun imzaladı. Rusiya bu qanun ilə kilsənin daxili işlərini idarə etmək hüququnu öz üzərinə götürürdü. Eçmiədzində oturacaq, Sinodun bütün danışıqlarına və xüsusilə Katolikosluğa rəhbərlik və nəzarət etmək üçün bir rus vəkil təyin edildi.

Katolikosların gücü getdikcə məhdudlaşdırılırdı. Kilsə ilə hökümət arasındakı davamlı qarşıdurma küskünlüyü və inamsızlığı artırırdı.Çar hökumətinin erməniləri buraya köçürməkdə müəyyən bir məqsədi vardı. Əvvəlcə düşünürdülər ki, ermənilər arasında rus dilini populyarlaşdırıb, dillərini slavyanlaşdıracaq və onları Pravoslav cəmiyyətinə əlavə edə biləcəklər. Ermənilərə məktəb açmaq izni verildi.

O vaxt rus dilinin tədris olunması şərt kimi qoyulmuşdu. Rus dilini bilmək ermənilər üçün bir üstünlük saxlamalıydı, ancaq yetmiş beş ildən sonra ruslar anladılar ki, ermənilərin yalnız üç faiz və ya dörd faizinin rus dilində oxuyub danışmaq qabiliyyəti var…

Bu məlumatı ona görə verdim ki, ermənilərə verilmiş Eçmiədzin kilsəsi rusların xeyir-duasıyla 1828-ci ildə fəaliyyətə başlayıb. Rusiya tarixçi-etnoqrafı V. Veliçkonun bu barədə maraqlı qeydləri mövcuddur: “XVIII əsrin sonunda Üçmüədzin katalikosunun ümumxalq seçkisinin prinsipinə zidd olaraq bu vəzifəyə Üçmüəzzin ruhaniləri tərəfindən yenicə seçilmiş arxiyepiskop Qukas (Luka) təyin olunmuşdu. Konstantinopol patriarxı Zaxariya buna etiraz etməyə başlamışdı. Qukas ona səmimi məktublar yazmış, həmin vaxt isə Konstantinopol erməni cəmiyyəti Zaxariyanın vəzifədən uzaqlaşdılrılmasını türk hökumətindən xahiş etmişdi. Cənab Yezovun tərifini göyə qaldırdığı Qukasın tələsməsi Ağvan – Qanzasar kilsəsi (indiki Ağdərə rayonunun ərazisindədir – müəl.) patriarxı İsraelin Üçmüədzin taxtı-tacına seçilməsindən əl çəkməsinin vacibliyi ilə izah olunur. Söhbət ayrılmış Ağvan (Alban- türk) patriarxına zərbə vurmaq və teokratik mütləqiyyət qurmaqdan gedirdi. Vəzifədə olan qulluq adamlarının məlumatsızlığı və yaxud satqınlığı üzündən bu məsələdə həm türk, həm də rus hökumətinin mənafeləri düz gəlməsə də həssaslıqla və yekdilliklə onu (Qukası – müəl.) müdafiə edirdilər. Bizim Konstantinopola (İstanbula) göndərdiyimiz elçi Tomara 1801-ci ildə hökumətə hüsn-rəğbətlə çatdırmışdı ki, Qukas “Rusiyanın köməyi ilə öz millətini dirçəltməyə çalışır”.

Əcnəbi katolikosun könlü xoş olsun deyə Alban katolikosu həddən artıq sıxışdırılmış, sonra isə Qarabağın və Gəncənin Rusiyaya birləşdirilməsi nəticəsində ləğv olunmuş və bu, heç kəsə bildirilməmişdi. Məlum olmuşdu ki, bizim siyasətçilər, hətta öz ərazilərində Siss və Aktamar patriarxlarının “bütün ermənilərin katalikosu”ndan azad olunmasını müdafiə eləməyi başa düşən türklərdən də az uzaqgörəndirlər” (V.L. Veliçko “Qafqaz” Bakı 1995 s. 59-60).

Qısacası, bu gün Azərbaycan özünün olan və hətta Qüdsdə də kilsələri olan Albaniya dövrü xristianlıq məbədlərinə sahib çıxmalıdır. Əlbət ki, bunun üçün heç də din dəyişməyə ehtiyac yoxdur. Özümüzün olan bütün məbədlər katoloqlaşdırılmalı və hər bir məbədin tarixçəsi konkret olaraq yaradılmış elmi mərkəzlər tərəfindən işlənib hazırlanmalıdır. Təmir edilmiş bu məbədlərdə isə Ərəb işğallarından bu günədək uzanıb gələn soyqrımlar muzeyi yaradılmalıdır. Azərbaycanda ermənilərə məxsus Bakıda və Şuşadakı kilsələrdən (XX əsr) qədim erməni kilsəsi var. Qalan heç bir məbədin onlara dəxli yoxdur. Xüsusən də Vəng adlanan məbədlər türklərə aiddir. Bunu türk dilinə mənsubluğu şübhə doğurmayan -ng «sağır nun» hərfi də sübut edir. Daha öncələr də qeyd etdiyim kimi məbəd, kilsə (Gel-İsa-İsa məqamı) sonradan dilimizə keçən bir sözdür. Ermənicə isə kilsə — եկեղեցին (yekeghets’in)-adlanır.

Düşmənlərimiz bu alban məbədlərinə «Qrakakan» («Od evi», «Günəş evi») demələrini də qeyd etmişəm və bir daha təkrarlamaqda fayda var. Bu məbədlərin tarixi xristianlıqdan öncəyə təsadüf edir, xüsusən — Ak (Ağ) söz önü ilə başlayan toponomika elə bununla bağlıdır: Ağdam, Ağcabədi, Ağdərə, Ağstafa, Ağdaş, Ağsu, Ağkilsə və hətta Aktamar belə bununla bağlıdır. Ağ (Ak) işıq, nur anlamındadır. Albaniya adı da yanlışdır. Elə, məhz bu məbədlərə görə ölkənin adı Ağvang (Akvang) olub. Aktamar barədə isə,»Türkçülükdə Səlcuqlu xəstəliyi» adlı kitabımda yazmışam: «Kilsənin divarında 12 həvarinin rəsmi cızılıb. Düşən günəş işığı hər saatdan bir bir həvarini işıqlandırır. Adına gəlincə “Ak” – qədim türkcə “işıq, nur”, “tamar” isə “dammaq, düşmək” anlamındadır. Yəni burada nə haylıq, nə də Tamaralıq heç nə yoxdur. Tamara axtaranlar, yaxud hay xaçı qoymaq istəyənlər məbədi Fəratın orta hövzəsində axtarsınlar».

TƏKLİF: Saytımızın müxbiri Əli Yunusov (Əli Nəsib Zərdabi) tərəfindən mənə edilən bu təklifi ictmai müzakirəyə çıxarıram. Ölkəmizdə olan bütün sahibsiz buraxıb düşmənə yem etdiyimiz Ağvang məbədlərini bərpa edərək SOYQIRIM muzeylərinə çevirməyə necə baxırsınız?

Ən başlıcası son 200 il ərzində xalqımıza qarşı həyata keçirilən soyqırımların planı erməni keşişlərinin terror və pislik yuvasına çevirdiyi bu kilsələrdə hazırlanıb.

Bu xəbəri paylaşın: