Çingiz xan Yasası Əli bəy Əbu Talibin övladlarını vergidən azad etmişdi

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

Bütün dövrlərdə müsəlman cəmiyyətinin Muhəmməd Peyğəmbərə və onun nəslindən olan şəxslərə münasibətinin əsas xəttini dərin hörmət və ehtiram təşkil etmişdir. Xüsusi ilə Azərbaycanda, İranda, Orta Asiyada, Qazaxıstanda və indiki Pakistan torpaqlarında belə davranış özünü həmişə daha bariz şəkildə göstərmişdir. Bugün də bu ölkələrdə seyidə əl qaldırmaq, onu təhqir etmək bir yana, hətta xətrinə dəymək belə el arasında ən ağır günahlardan hesab olunur. Qazaxıstan cəmiyyətinin ən nüfuzlu iki təbəqəsindən biri seyidlərdir.

Türklər və orta əsr monqolları seyidlərə həmişə xüsusi hörmətlə yanaşmışlar. Çingiz xan “Yasa”sının birinci maddəsi Yeri və Göyü yaratmış Tanrının təkliyini, ikinci (və ya onuncu) maddəsi isə Əli bəy Əbu Talibin övladlarından heç bir vergi və xəracın alınmayacağını bəyan edir.1

Böyük fateh Əmir Teymur isə qələbələrinin sirrini Muhəmməd Peyğəmbərin nəslinə olan məhəbbətində bilirdi.2. “Hansı vilayətin camaatının etiqadı Peyğəmbər xanədanının əqidəsindən fərqlənərsə, əsl padşahın həmin vilayəti basıb alması və oranın əhalisini pozğun əqidəsindən döndərməsi vacibdir. Buna misal – Şamı tutdum və oradakı pozğun etiqadlı adamları cəzalandırdım”.3 “Muhəmməd övladlarının mərtəbəsini başqalarından yuxarı qaldırıb, onlara çatacaq hörmət-izzəti yerinə yetir. Onlara nə qədər çox məhəbbət bəsləmiş olsan, düşünmə ki, israfçılıq edirsən, çünki Allah yolunda görülən işdə israf yoxdur”.4 “Bir məsələni anladım ki, seyidlərin xahişlərini sözsüz yerinə yetirmək və onlara ehtiram göstərmək vacibdir”.5

Qeyd etmək lazımdır ki, rusların “святой”, ərəblərin “seyid”, ingilislərin “saint”, türklərin və monqolların “sayın”, türklərin və yaponların “san”, bretonların və katalanların “sant” sözlərinin bir-birinə bənzədiyini görmək üçün peşəkar linqvist olmağa ehtiyac yoxdur. Yeri gəlmişkən, e.ə. III əsrə aid “Protogenin şərəfinə Olviya dekreti”nə əsasən, “çar skifləri özlərinə “sayi” deyir, digər skiflər isə onlara müxtəlif hədiyyələr verirdilər”.6

E.ə. 250-ci ildən eramızın 224-cü ilinədək Azərbaycanı, İranı və Yaxın Şərqin böyük bir hissəsini idarə etmiş Ərsakilərə də əhali yüksək ehtiram hissi ilə yanaşırdı. Ammian Marsellin yazır: “İranda Ərsakilər bütün nəsillərdən üstün sayılır. Hər bir iranlı hətta daxili qarşıdurmalar zamanı belə, döyüşçü və ya sadə insan olmasından asılı olmayaraq, bu nəslin istənilən nümayəndəsinə əl qaldırmağı ən böyük günah hesab edir”.7

B.N.Qrakovun fikrincə, skiflərin “sayi” sözü qədim “hşaya” (şah) titulundan törəmişdir. Zənnimizcə, ərəb “seyid”inin də mənşəyi həmin “sayi” və “hşaya” titulları ilə əlaqəlidir. Böyük ehtimalla, “şah” sözü də “hşaya” sözündən əmələ gəlmişdir. Həm məna, həm də leksik forma baxımından qədim “şah” titulu ilə ərəblərin “şeyx” titulu arasında yaxınlıq aydın sezilir.

Orta Asiyanın türk xalqları Qureyş əsilli şəxslərə, müqəddəslərə və alimlərə xoca, xoja və ya hoca, Muhəmməd Peyğəmbərin nəslindən olan şəxslərə isə seyid xoca deyirlər.

Hindistanın Bihar, Madhya-Pradeş, Racastan və Uttar-Pradeş ştatlarında, eləcə də Nepalda brahman, kahin kastasının nümayəndələrini ojha adlandırırlar.

Ehtimal ki, Azərbaycan dilində pir, ziyarətgah, müqəddəs yer, müqəddəs insan mənalarını ifadə edən ocaq sözü və anlayışı Orta Asiya xalqlarının hoca, hindistanlıların və nepallıların ojha sözləri və anlayışları ilə eyni mənşəyə malikdir.

Araz ŞƏHRİLİ

_________________________________________________________________________

1 Эренжен Хара-Даван. «Чингисхан великий завоеватель», с. 256. Москва-2008.

2 «Тамерлан», с. 53, 78. Москва – «Гураш» – 1992.

3 “Əmir Teymurun tüzükləri”, s. 89-90. Bakı–“Azərbaycan Dövlət Nəşriyyatı”–1991.

4 “Əmir Teymurun tüzükləri”, s. 57-58.

5 «Тамерлан», с. 61. Москва – «Гураш» – 1992.

6 Студопедия – Декрет в честь Протогена. https://studopedia.info/4-55916.html.

7 Аммиан Марцеллин. «Деяния», книга XXIII, 6 (2).

Bu xəbəri paylaşın: