ELBARİZ MƏMMƏDLİ
*********
ƏNVƏR BÖRÜSOYUN UNUDULMAZ XATİRƏSİNƏ

Ruhu içində qaynayan
bu, duru adam,
min il ötsə belə
yolu, duyğusu, sevgisi liə diri adam,
hopacaq ürəklərə Orxon yazıları
kimi.
Həsrətimiz Yenisey suları kimi,
Üşüdəcək ürəyimizi sevdasına bələndiyi
Saxanın qarı kimi.
Bu dupduru adam
Altaylardan sevgi daşıyan ürək idi,
Türklüyümüzü hamımızın əvəzinə yaşayan
Bilgə idi,
Teymur idi,
Çingiz idi,
Beyrək idi.
Doğudan Batıya yürüyən isti
külək idi.
Naxçıvanda Əlincə, Cənubda Ərk qalasıydı,
O bütün Türklüyün balasıydı,
hamının sevə-sevə bağrına basdığı.
Eşqi millət adına,
bir Qurd heykəli idi
ürəyindən asdığı.
Börü sevgisi,
Börü hünəri liə atılmışdı
fikir savaşlarının içinə.
Yazıqlar olsun bizə,qorumadıq.
Bu amansız zaman
Ənvərimizi də qoşdu köçünə…
BÖYÜTDÜK
Hər günahın özümüzük, memarı,
Gör, nə qədər yalanları böyütdük.
Sürgünlərdə çürüyəni daşlayıb,
Yağıya əl çalanları böyütdük.
Dadammadıq bu, Vətənin tamını,
Yad əllərdə söndürdülər şamını,
Nağıl-nağıl aldatdılar, hamını,
Qoynumuzda ilanları böyütdük.
Nə qədərmiş, yad ünvana yol tutan,
Öz canından özgələrə qul tutan,
Düşmən ilə arxalarda əl tutan,
Ayaq altda qalanları böyütdük.
Zülmətləri yarammadıq, od əldə,
Əzildikcə varlığımız, bəd əldə,
Qiblə bilib yad ətəkdə, yad əldə,
Çöküb namaz qılanları böyütdük.
Qoymadılar, oğul sevə, yurdunu,
Zirvələrdən düşürəli Qurdunu,
Neçə dəfə bada verən ordunu,
İsmi filan-filanları böyütdük.
Hər anı bir sınaq olan vaxta bax,
Ucqarlarda sonu çatan taxta bax,
On illərlə taleyə bax, baxta bax.
Ruhu yadın olanları böyütdük.
Çox yaşadıq bu, taleyin qışında,
Ümidimiz sevinclərin dışında,
Nə yazıq ki, söz mülkünün başında,
Söz canını alanları böyütdük.



