Başbuğ Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il ötür

1884-cü il yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884, Bakı — 1955, Ankara) Bakının Novxanı kəndində doğulub. 

1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə «Müsəlman gənclik təşkilatı»nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə gedib. Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib.

Onun «Bir kərə yüksələn bayraq bir daha enməz!» ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib. M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu “Əsri” məzarıstanlığında dəfn ediblər.

Rəsulzadə dövrün bir çox mətbu orqanlarında yazılarla çıxış edib. «Açıq söz» qəzetini, mühacirətdə «Azəri türkü», «Odlu yurd», «Qurtuluş» jurnallarını, «Bildiriş», «İstiqlal» qəzetlərini nəşr etdirib. «Əsrimizin Səyavuşu», «Azərbaycan şairi Nizami», «Çağdaş Azərbaycan ədəbiyyatı», «Çağdaş Azərbaycan tarixi» və s. əsərlərin müəllifidir.

M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması məsələsi bir də 1993-cü ilin dekabrında yada düşüb. Həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyev Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması məqsədilə sərəncam verib. Sözügedən sərəncamda M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması, onun əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevirilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən illər ərzində aidiyyatı qurumlar bu sərəncamın da müddəalarını yerinə yetirməyib.

Məmməd Əmin Rəsulzadəyə heykəl qoyulması üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Amma hər dəfə meriyadan verilən cavabda bildirilib ki, heykəlin qoyulmasına guya, maliyyə vəsaiti yoxdur. Bu dahi şəxsiyyətə qarşı utancverici bir yanlışa belə kimsə sahib çıxmır…



2013-cü il noyabrın 22-də isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cübhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı.

Bu xəbəri paylaşın: