Qələbədən öncə müxtəlif kolonlara, təriqətlərə xidmət edən şəxslərin xalqımız üzərinə total hücum edəcəyi barədə dönə-dönə xəbərdarlıq etmiş və Aprel döyüşləri zamanı, həmçinin sonrakı prosesləri öyrənməyi tövsiyyə etmişdim. Artıq prosesə start verilib. Ara günü gözə dəyməyən Tarif şurasının «bazar günü qaldırımları», Azərbaycan ordusunda xidmət edən şəxslərin əmək haqqlarına qəflətən «düzəlişlər» edilməsi, lüzum olmadığı halda şəhid məzarlarının Dərnəgüldən köçürülmüş erməni qəbirlərinin ayaq altında dəfn edilməsi, Rusiya meyillilərin aşkar təbliğat mərhələsinə qədəm qoyması, qazanılmış Böyük Zəfərin miqyasının azaldılması istiqamətində təxribatçı təbliğat, təşviqat işlərinin genişlənməsi, Ali Baş Komandanın qətiyyətli addımlarını və yürütdüyü düzgün xəttin hədəfə alınmasıyla ermənilərlə eyni mövqelərdə durmaları və s. bu istiqamətdəki təxribatlar durdurulmalıdır.

Bu gün çörəkçi kündədən, yanacaq dolduran vurduğu benzidən, qapançı çəkidən və s. aşkar oğurluqla məşğuldur. Tarif Şurası qiyməti qaldırdıqca, bunlar da çəkini endirirlər. Necə deyərlər, «anam bicdi kündədən kəsir, atam bicdi, kömbəni iki-iki ötürür». Qalmışıq bu bicbalaların əlində…
«Azəriqaz» İstehsalat Birliyi xalqa qarşı cinayət törətməkdə davam edir. Rövnəq Abdullayevin «borcları»nı ödəmək yolunda «Azəriqaz» İstehsalat Birliyi milləti «qazlamaq» yolu titub. Güya millətə «xidmət» etmə bəhanəsiylə, 5 illlik smartfon sayğacları təcili dəyişdirirlər. O cümlədən adamın öz başına gələndə başmaqçı olmasını hər kəs bildiyi üçün, öz başıma gələnləri sizlərə çeklərlə izah edəcəyəm və yəqin ki, aidiyyatlı orqanlar göstərilən faktlara diqqətsiz qalmayacaqlar.
Məlumat üçün bildirim ki, «qazlama əməliyyatının» işçiləri noyabr ayında gəldilər ki, güya sayğac 5 il öncə qoyulduğuna görə köhnəlib, artıq yaza bilər. Ona görə də dəyişməliyik. «Buyurun»-dedim. Niyə smartfon qoymadıqlarını soruşdum. Baha olduğunu dedilər. Güya Rövnəq müəllimin dövlətin puluna heyfi gəlirmiş? Ucuz mexaniki sayğac almaqla, sən demə «qənaət» edirmiş. Doğrusu, inanmadım. Amma nə etmək olar.
«Azəriqaz» İstehsalat Birliyinin yeni «andıra qalmış sayğacı» ilə 15 manat (noyabr) yandırdığım qaz 167 manata (dekabr) yüksəldi. Bunun necə baş verdiyinə və iki min iyirminci ilə «iyirmi iyirmi» deyən birinin, vaxtilə riyaziyat olimpiadasında (1980) birinci yer tutmuş birinə kələk gəlməsini həzm edə bilmədim. Hər kəsin bildiyi ədədi və həndəsi silsilələr kara gəlmədiyindən hər bir riyazi, fiziki tənliyin həlli üsullarına üz tutdum: 1. Dəqiq üsul, 2. Təqribi üsul.
SOCAR-ın dəqiqliklə əlaqəsini çoxdan kəsdiyini və «Azəriqaz»-ın da vaxtilə əcnəbilərin bizə pulsuz verdikləri səmt qazını bizə pulla satıb «ziyan etdiklərini» bildiyim üçün qeyri — riyazi üsullara baş vurdum. Xatırladım ki, təqribi üsulların özü də 2 cür olur: analitik və ədədi üsullar. Təqribi üsullarla dəqiq həllə yaxın olan təqribi həll axtarılır. Məsələn, Nyuton- Leybinist düsturuna əsasən müəyyən inteqralı hesablamaq olar. Lakin ibtidai funksiyanı çox vaxt elementar funksiyalarla ifadə etmək və «Azəriqaz»-ın elmdən kənar əməllərini hesablamaq bu üsulla da mümkün olmur. Ona görə də Nyuton-Leybinist düsturunu tətbiq etmək də kara gəlmədi.
Aşağıdakı təqribi üsullar da işə yaramadı:
1) düzbucaqlılar üsulu
2) trapesiyalar üsulu
3) parabola üsulu
4) Nyuton Cotes üsulu
Amma gördüm ki, Azəriqaz İB başbilənləri, iyirmi iyirminci ildə elə hesablama üsullarına sahib durublar ki, Nyuton da, Leybnits də bunların yanında bir heçdirlər və onların riyazi elmi turp satan Məsmə arvadın əyri tərəzisi kimi bir şeydi.
Azəriqaz İB noyabr ayında 15 manat sərfiyyatı olan abonent Vətən müharibəsi əlili Xaqani Rzaquliyevə dekabr ayında 167 manatı necə yazdıqlarının düsturunu heç, əstəğfürüllah Allah da tapa bilməz. Daha soyuq və qəsdən çox işlətdiyimiz yanvar ayı üçünsə 64,5 manat (ötən ilin müvafiq dövründə bu rəqəm 37 manat olub) çek gəlib. Limiti keçməklə bu rəqəm 45 manat ola bilər. Bütün riyazi parametrlər bunu göstərir. Noyabr ayının çekində isə limitin bitmədiyi aydın görünür. Onsuz da vurulan qazın atmosfer təzyiqiylə proporsiyası neçə illərdir ki, hansı nisbətində olmasını aidiyyatlı orqanlar yaxşı bilirlər. Yəni qaz adıyla illərdir ki, adi havanın bizlərə satılmasının ilkin sübutu qaz sobanızı açınca ilkin olaraq daha çox olan havanın uzun müddətli axını bu proporsiyada havanın normadan çox olmasıyla bağlıdır. Yanar qazın az istilik verməsi, qaynama prosesinin gec baş verməsi də bir dələduzluq əlamətidir. Elmi olaraq məişətdə işlətdiyimiz 1 kub metr təbii qazın yanması üçün 10 kubmetr təbii hava (metan) və mayeləşdirilmiş qaza isə yanma üçün 27 kubmetr (propan-butan) hava vurulması vacibdir. Hava axını tam təmin olunmazsa, yanma prosesi zamanı karbonmonok sit (karbonmonoksit CO) sərbəst buraxılar, bu son dərəcə zəhərli bir maddədir. Dəm qazı rəngsiz, qoxusuz, dadsızdır və hava ilə asanlıqla qarışa bilir. Bu reallığa bizim «Azəriqaz» İB-nin öz əlavələri var.
Azəriqaz İB-nin son əməlləri ilə bağlı şikayətlərə baxılması üçün yaxşıca bir karusel düzəldiblər. Rayon şöbəsi ASAN xidmətə, ASAN xidmət mərkəzə yönləndirir və prosesin sonu görünmür. Hər biri də eyni üslubda bu pulu ödəməyi məsləhət bilir. Çünki «Şakaya pul lazımdır». Doğrusu belə çıxır ki, çap-tala, daşı xaricə və bacarığın varsa, zərəri də xalqa ödət. Bu Dövlətimiz adına böyük bir ayıbdır.
Araşdırma zamanı əldə etdiyim digər məlumatları da diqqətinizə çatdırmaq istəyirəm. Öyrəndim ki, «Azəriqaz» İB Rövnəq müəllimin «girinə» keçəndən qaz tənzimləıyiciləri (requlyatorlar) qismən yox edilib. Elə ona görə də qazın təzyiqi stabil olmur. Öyrəndim ki, Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 222 316 nəfərdən çoxdur. Əldə etdiyimiz ilkin məlumata görə, qoyulmuş sayğacların istismar müddətlərinin 20-25 il olmasına baxmayaraq, 5 ili ötmüş 2 milyon sayğacın dəyişdirilməsini planlayır. Təkcə bu əməliyyatdan 50-80 milyon manat «qazanc» planlaşdırılıb. Əldə etdiyimiz digər bir məlumatı verən şəxs isə adının çəkilməsini istəməyən mütəxəssis bildirdi ki, sayğacların çox yazmalarına səbəb onların mexaniki çarxlarına yağ vurlmasıdır. 6 ay müddətinə bu yağ işləndikcə göstəricilər normallaşacaq. Təkcə bir yağlama» əməliyyatı ilə, cənab «İyirmi iyirmi-2020», mənə 2 ay ərzində 149 manat ziyan vurub. Özü də qaz nəzarətçiləri qapı-qapı düşüb, bu pulların təcili ödənməsini istəyirlər və əks halda qazı kəsməklə hədələyirlər. Bu proses 2 milyon abonent üzərində həyata keçirilərsə, mənə vurulan zərərə uyğun olan bir hesabla təkcə havadan və havayı 298 milyon manat pul qazanmaq olar. Bir faktı da bildirim ki, təkcə yanacağın 10 qəpik qalxmasıyla 1 ilə 300 milyon gəlir əldə ediləcəyi hesablanır. Hara fırlayırsan, 300 miyon göz tökür. Bu nə 300 milyondu, görəsən?
Görəsən, niyə bu adamların ağlı, yalnız millətə zərər vurmaq barədə düşünmək üçün proqramlaşdırılıb? Amma bu «yağlama əməliyyatı» yadıma el arasında «Dəvə dalı yağlama» məsəlini saldı. Beləliklə, dəvələrin, xüsusən də dişi dəvələrin cinsiyyət orqanlarında bir sıra parazitlər olur. Bunlar dəvələri çox narahat edər, müalicəsi çox zəhmətli və çətindir. Dəvənin bu hissələrinə bese adlı bir maddə yaxırlar, yəni əslində bu heç yağ da deyil. Bese adlı maye antiseptik bir maddədir. Əvvəllər yaraları da elə bu maddəylə müalicə edirdilər. Bu deyim, bizdə «filan işi görməkdənsə, gedib dəvə dalı yağlayaram» kimi işlədilir. Amma bundan sonra yəqin ki, «filan işi görüncə, gedib SOCAR-da sayğac yağlayaram»-deməli olacağıq.
Yazını yeni bir xəbərlə bitirim. “Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ, əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayır. “Azəriqaz”-dan verilən məlumata görə, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib. Birliyin Sayğacların tətbiqi və idarəedilməsi, nəzarət olunması şöbəsi qeyd edib ki, “Zenner” markalı qaz ölçü qurğularının 2020-ci ildə həm iş prinsipləri, həm də yerli proqram təminatına inteqrasiyası ilə bağlı aparılan sınaq işləri uğurla tamamlanıb. Sabahdan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi mövcud qaydalara uyğun olaraq sayğac əvəzlənmələri zamanı yeni sayğaclardan istifadə ediləcək.
Mən öz sayğacımın dəyişdirilməsini tələb edirəm. Onsuz da bu faktlarla bağlı məhkəməyə müraciət etməyi düşünürəm.
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri


