POEZİYA çələngi: SABAH GÜNƏŞ DOĞACAQ

ELBARİZ MƏMMƏDLİ

Sabah günəş doğacaq, göylərin aynasından,
Doğacaq ruhumuzun ən uzaq dağlarına.

Arzumuz şimşək kimi yaracaq göy üzünü,
Bələyib sərhədləri TURAN bayraqlarına…

SABAH GÜNƏŞ DOĞACAQ

Sabah günəş doğacaq, qısalacaq həsrəti,
Yurdsuz-yuvasız qalan quşların, üzü yaza.
Bəlkə də son olacaq, son yağan qar dənəsi,
Nəfəsi sulanacaq son qarın, üzü yaza.

Allanacaq yanağı, dan üzü qızaranda,
Çəkəcək könlümüzü şanlı bayraqlar kimi.
Buludlar laylanacaq günəşin hənirindən,
Səpiləcək səmaya sıralı dağlar kimi.

Ürəklər atlanacaq, yenə arzu dalınca,
Kiminsə ürəyində bir qərib qurd harayı.
Hələ yolların üstə əli uzalı qalıb,
Neçə ocaq həsrəti, nə qədər yurd harayı.

Könlümüzdə sevdası min illərdi yol gəlir,
Qəribsəmiş izimiz dünyanın o başında.
Elə arzular var ki, zaman ilə doğulur,
Elə arzular var ki, hələ çiçək yaşında.

Günəşin şəfəqləri səpildikcə torpağa
Dikəlib sinəmizdə bayraq dirəkləri tək.
Dağların o tayında uyuyan daş kitablar,
Bitibdi könlümüzdə Simurq lələkləri tək.

Dünya yaman dəyişib, haqqın səsi də çıxmır,
Şeytanlar doğulub ki, yuxusu da qan görür.
Özünün olmayana gör, kimlər yiyə durur,
Kökü Adəmdən gələn ruhumu ünvan görür.

Canında min sehr var, hər çiçəyin, hər gülün,
Sahibini tanıyır, boz çöllərin yovşanı.
Bir müqəddəs yol olub, Doğudan işıqlanan,
Sərhəd məftillərində dara çəkilib canı.

Hər şeyin öz yeri var, Tanrının nızamında,
Yolunu bilən çayın suyu tərsinə axmaz.
Dünyanın əzəlindən ünvanı olan ki, var,
Əldən hər şeyi verər, amma ruhu buraxmaz.

Hələ çox oyunu var, bu nizamsız başların,
Keçmiş kimin olubsa, onunkudur gələcək.
Söykəyib ürəyini yovşan çiçəklərinə,
Qəribsəmiş torpaqlar nə vaxtsa dirçələcək.

Sabah günəş doğacaq, göylərin aynasından,
Doğacaq ruhumuzun ən uzaq dağlarına.
Arzumuz şimşək kimi yaracaq göy üzünü,
Bələyib sərhədləri TURAN bayraqlarına.

QARABAĞ


Gözümüz nələri gördü,
Bütün dərdi-səri gördü,
Canımız hər qəmi çəkdi,
Arzumuz məhşəri gördü,
İlahi, nədi, Qarabağ!!!

Üstünə murdar əl düşdü,
Sanki tacından ləl düşdü,
Hər daşına toxunduqca,
Nəğmə könlünə xal düşdü,
Sevinc bilmədi, Qarabağ.

Evləri baş-baş söküldü,
Söküldü, daş-daş söküldü,
Yollardan ayaq izimiz,
Söküldü qardaş, söküldü,
Ələ gəlmədi, Qarabağ.

Köksündə od qaladılar,
Dağını da taladılar,
Ayağından başınadək,
Nəyi var, yağmaladılar,
Bir yol gülmədi, Qarabağ.

Dağını ram eləmişdik,
Eşqini şam eləmişdik,
Yağı gör, nə günə qoyub,
Biz onu tam eləmişdik,
Bölmə-bölmədi, Qarabağ.

Getdi, haralara getdi,
Yük oldu sulara, getdi ,
Ağacından, daşınadək,
Özgə masalara getdi ,
Bizə gəlmədi, Qarabağ.

Adı qanımızdan gəlir,
Ruhu canımızdan gəlir,
Hər daşı bir sirr boxçası,
Türk ünvanımızdan gəlir,
İlmə-ilmədi, Qarabağ.

Baxıb dünya havasına,
Çoxu gəlmişdi yasına,
Canını sipər eləyən,
Min-min ömür bahasına,
Şükr, ölmədi, Qarabağ.

VAR


Hər üzə gülənə könül verməzlər,
Könül verməyin də yolu, həddi var,
Başı papaqlının, bığıburmanın,
Yüzündən onunda kişi qəddi var.

Doğru dəbdən düşüb, haqq da dəyərdən,
Bacaran qoruyur özünü, şərdən,
Təməli düşməndən, mayası xərdən,
Başda gör nə qədər başı ətli var.

Adam var, evində sönübdü şamı,
Yayda da, qışda da «ağlayır» damı,
Zülmətlər içində keçir axşamı,
Ümidi kül olan neçə dərdli var.

Adam tanıyıram, aydan arıdı,
Arzusu budandı, ruhu qarıdı,
Evinin ehtiyac yaralarıdı,
Özü, kasıblığı, bir də dörd divar.

Çəkdi çarmıxına sınaqlar, bizi,
Didib parçaladı qınaqlar, bizi,
Divara qoyurlar uşaqlar, bizi,
Axı, susmağın da bir sərhəddi var.

Millət öz haqqına inansın, gərək,
Doğruya yürüsün, düz ansın, gərək,
Yolları işığa uzansın, gərək,
Hələ keçilməmiş neçə səddi var.

OXUYURAM SƏNİ


Sən bir kitab kimisən,
düz qırx ildi oxuyuram,
səni.
Vətən segisi,
otuz illik Şuşa həsrəti,
Füzuli ahı,
ömrümün ən böyük günahı kimi,
mənim güvəndiyim eşqin Allahı kimi
oxuyuram.
Yolların üstündə qalan
qəribsəmiş xatirələrin
kövrək zümzüməsilə
oxuyuram.
Yuxularımı diksindirən ümidlərimi
sətirlərə qatıb, oxuyuram.
Həsrətini yaşamağı
mənə çox görməsin, deyə
hər gün, hər axşam
Tanrıya çatıb oxuyuram.
Bilmirəm,
ömür yetəcəkmi
saralmış xatirə vərəqlərində
sahibsiz qalmış
yaralı sətirləri bitirməyə.
Yarımçıq əlyazmalarım
kimi, qoyub qarşıma,
nə vaxtsa,
ruhumdakı ağrıları
sona yetirməyə…

Bu xəbəri paylaşın: