POEZİYA çələngi: YAZIĞIM GƏLİR…

ELBƏYİ

Qovdu zaman məni belədən-belə,
Ayları, illəri çox verdim yelə,
Vecsiz biri kimi bezmişəm, hələ,
Bu vecsiz dünyada baş saxlamaqdan.

YAZIĞIM GƏLİR

Bu gecənin səhəri yox,
İzimə yazığım gəlir.
Ağac əkdim, bəhəri yox,
Yazıma yazığım gəlir.

Mən odlandım, kimsə yanmaz,
Dərd gəldisə, heç dayanmaz,
Sağım nadan, solum qanmaz,
Sözümə yazığım gəlir.

Meyvəsni çürük dərdim,
Namərdinə süfrə sərdim,
Əyriliyi dağda gördüm,
Gözümə yazığım gəlir.

Vaxt ötüb vaxtı adladı,
Ömrü xəzan tək taladı,
Hər ötənin qalmaz adı,
Özümə yazığım gəlir…

SAXLAMAQDAN

Qorxulu dünyadı, zalım fələkdi,
Əlim qabar oldu, daş saxlamaqdan.
Ötənlər hədərmiş, qalan istəkdi,
Dilim yağır olmuş «kaş» saxlamaqdan.

Ər olan ərliyə qapı bağlamaz,
Yıxıldım, dedilər, kişi ağlamaz.
Gözümdə daşlaşdı, susub çağlamaz,
Sıxıb gözlərimdə yaş saxlamaqdan.

Qovdu zaman məni belədən-belə,
Ayları, illəri çox verdim yelə,
Vecsiz biri kimi bezmişəm, hələ,
Bu vecsiz dünyada baş saxlamaqdan.

CANIM…

Səmt bilinməz, yollar düyün,
İz açıb, yeriyən canım.
Çən, duman günəş örtüyü,
Üfüqə yürüyən, canım.

Ay doğmaz, hər yan qaranlıq,
Kimə gülzar, bu samanlıq?
Başlara keçdi nadanlıq,
Şam kimi əriyən, canım.

Qamçısıyıq dərdin, sərin,
Əsiriyik əldə şərin,
Son yarpaqdı həsəd yerim,
Torpaqda çürüyən canım.

Kimsə bilməz kiməm, nəyəm,
Çalınıb susmuş bir neyəm,
Kimsə yox ki, dərdim deyəm,
Ağlayıb kiriyən, canım…

NƏYİN İZİNDƏSƏN?

Həyat səhra imiş, zaman bir bulud,
Dərdi dolu kimi üstümə yağdı.
Çətin bu səhrada cücərə umud,
Hər dənin bağrını ildırım yaxdı.

Qəlbimdən qırmızı qan əvəzinə,
Dünyanın qapqara ağrısı axar.
Arzular sürülər edam yerinə,
Taleyim küsərək üzümə baxar.

Pis gəlir, nəhs gəlir, ilindən ili,
Tapılmır güzgüsü baxıb gedəsən.
Nə sonun görmürsən, nə də əvvəlin,
Yelləyib əlini, çıxıb gedəsən.

Bəs nədir, bu istək, bu nə seçhaseç,
Ey Adamın oğlu, dib yox gözündə?
Əvvəlin bir pislik, sonun da bir leş,
Nəyin ardındasan, nəyin izində?

Bu xəbəri paylaşın: