
Allahverdi Gündoğdu
Şəhid atası, yazıçı, jurnalist
…Müqəddəs Şəhidlər Xiyabanında Şəhid Aslanlarımız boysırasına düzüləndə, bircə dəfə iştirak edib, onların məzarları qarşısında yasin oxudunuzmu, cənab Şeyx? Bircə Şəhid ailəsinin qapısını döyüb, onların sızlayan yarasına məlhəm oldunuzmu, Şeyx həzrətləri? Halbuki qardaş Türkiyədə Dini İşlər Naziri sayın Ərbaş bir qayda olaraq, uca Şəhidlərimizin dəfnində yasini özü oxuyar, Şəhid Anasının əlini öpər, onlara hər zaman təskinlik verər. Niyə, çünki o, müsəlmandır. Bəs siz neçə ,cənab Şeyx?..
Yarış dedikdə, ilk öncə adamın gözləri önünə idman yarışları gəlir. İdmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda, o cümlədən Avropa, Dünya və Olimpia çempionatlarında qalib olub, Azərbaycanın üçrəngli Bayrağını başı üzərinə qaldıraraq, ölkəmizin nüfuzunu beynalxalq aləmdə isbat etmək və s.
Mənfur sovetlər dönəmində idmandan əvvəl əmək yarışları da həyata keçirilərdi. Müəssisələrarası, kolxoz və sovxozlar arası yarışlar böyük «əhəmiyyət» kəsb edirdi. Staxanovçular hərəkatı var idi -bir fəhlə beş və daha çox dəzgah idarə etməliydi. Pambıqçı gün ərzində 200 kiloqram pambıq yığmalı, çoban yüz qoyundan 130 bala almalı, sağıcı bir inəkdən 30 litr süd sağmalı və s. və i.a. Belə siyahıları daha da çoxaltmaq olar . Keçici Qırmızı Bayraq almaq üçün bolşevik rəhbərlər dəridən-qabıqdan çıxardılar. Camaat ac qalsa da olar, ta ki bayraq alaq, sinəmiz bayağı dəmir-dümürlər bəzəsin…
Bizim söhbət açacağımız Yarış isə tam fərqli olaraq, milli adət- ənənələrimizə, əsasən də toy və yas mərasimlərimizə həsr ediləcək. Bir ildən bəri davam edən koronavirus hoqqabazlığı cəmiyyətdə çox da hiss edilməyən, bəzən də gözəgörünməyən xeyli məqamları üzə çıxardı. Toy və yas mərasimlərimiz bərbad günə düşdü. Xeyli toylarımız yarımçıq qaldı, bunun ucbatından yeni yaranmaqda olan nigahlar dağıldı, insanlar bir-birlərindən uzaq düşdülər, qardaş bacının, bacı qardaşın dəfninə, yasına gedə bilmədi. İnsanlar işsizlikdən bezdilər, bunun ucbatından dolanışıq kəskin şəkildə pisləşdi. Psixologiyamız ağılagəlməz dərəcədə bərbad günə düşdü. Davamlı stresdən insanlarımız vaxtsız- vədəsiz dünyalarını dəyişdilər. Vətən Müharibəsinin başlaması, uca Şəhidlərimizin, qəhrəman Qazi və veteranlarımızın, qətiyyətli Ali Baş Komandanımızın, bütövlükdə müzəffər Ordumuzun sayəsində əldə edilən ağılagəlməyən Zəfərlər bu gərginlikləri xeyli yumşaltdı. Mövcud durum, pandemiyanın yumşalmağa doğru getməsi əsas verir ki, tezliklə təlim-tədris prosesi, xeyir- şərlərimiz, bütövlükdə əvvəlki həyat ritmimiz yavaş-yavaş əvvəlki çağlara qayıdacaq. Bu,istər-istəməz adamı nikbin notlara kökləyir.
Gəlin görək, qarşıda gözləyən toy və yas mərasimlərində bizi nələr, hansı sürpirizlər gözləyir? Çoxları güman edir ki, keçməkdə olduğumuz ağrı-acılardan sonra, toy və yas mərasimlərimizdə xeyli təkmilləşmələr, sadələşmələr olacaq. Mənsə buna heç inanmıram.
Bilirəm ki,biz son 25-30 ildə milli dəyərlərə göz yumaraq, istər toy, istərsə də yas mərasimlərimizi əsil yarış meydanına çevirmişik. Qonşudan qalma dala yarışına. Götürək Bakı şəhərini. Hamıya bəllidir ki, ötən əsrin 90-cı illərinə qədər Bakıda 5-6 Şadlıq sarayı fəaliyyət göstərirdi. Bütün dövrlərdə də düyün mərasimləri keçirilib. İnsanlarımız da bu şadlıq saraylarında, əsasən də çadır mağarlarda toy mərasimlərini sadə formada yola verərdilər. Çox keçmədi, fürsətcil harınlamış məmurlar min illərin dərinliyindən gələn toy mərasimlərimizi gözdən salmağa başladılar. Şəhərdə şadlıq evləri payız göbələyi kimi çoxalmağa başladı. Bu,əslində yarış idi. Millətin dərisini soymağın bir forması. Konkret menyular tərtib edildi. İnsan orqanizmi üçün ziyanlı olan çeşid-çeşid salatlar, müxtəlif ət-kolbasa məmulatları, cürbəcür zəhərli içkilər, əsasən də geydirmə araqlar süfrələri bəzəməyə başladı. Süfrələr aşıb-daşdı, əl qoymağa yer tapılmadı. Bu yemək bolluğu içərisində isə 3-5 normal yemək tapan adam sevinərdi.
6-8 nəfərlik masada bir -birlərinə «yapışdırılan» 12-14 adam məcburi əyləşdirilirdi. Menyunun qiyməti isə budur, xoşun gəlir, buyur, gəlmir, get çadırda toy elə. Musiqiyə gəldikdə isə, səhnə küçə müğənniləri ilə, ətcəbala- lütcəbalalarla doldurulur. Onların səriştəsizliyini, insanların zövqlərinin korlamasını ört-basdır etmək üçün musiqiyə yüksək səs tonu verməklə məclisi yola verirlər. Saray sahibi müştərinin dərisini soymaq üçün nələr tətbiq etmirlər? Bir də görürsən salonun ortasında çar toplarını xatırladan bədheybət bir topdan atəş açılır. Salon acı tüstü içində bir anlıq görünməz olur. Məgər bunu anlamaq çətindir ki, yediyin yeməyin üstünə nə qədər zəhər tökülür? 2-3 badədən sonra naxçıvanlılar demişkən, donquli arağı vuran qonağın başı dumanlandığından, səhnədə kimin və necə oxumağından əsla xəbəri olmur. Mikrofon götürüb uzun-uzadı, palaz-palaz tost deyəni heç kim dinləmir, hərə öz qeybətində, öz dəmindədir. Birsözlə, ağız deyəni qulaq eşitmir. Geydirmə arağın təsirindən başı dumanlanmış göbəkləri dizlərinə sallanan kişi qırıqları «Yanıq Kərəmiyə» tvis gedirlər.
Saat 18- ə çağrılan qonaq orta hesabla saat 19-a, bəzən də saat 20-yə kimi zorla topalaşırlar. Bəylə-gəlini saatlarla maşında gözlətdirirlər. Nədi, nədi ki, salon dolmayıb, qonaqlar tam gəlmədiyindən açılış etmək olmaz. Ay balam, mən səni saat 7-yə yox, 6-ya çağırmışam axı…
Bəzən görürsən ki, qadınlar çox olan masalarda ümumiyyətlə şərab içilmir. Yəni butılkaların ağzı açılmır. Axı istifadə etmədiyim ağzı bağlı arağın dəyərini mən sənə niyə ödəməliyəm, ay harın şadlıq evinin sahibi? Əslində günah onda deyil, özümüzdədir. Dilənçini kim dilənçi edir? Biz insanlar. Əgər biz ona pul verməsək, bir saat, beş saat durub, sonra rədd olub gedəcək…
Bu da onu kimi. Hər şeyi özümüzdə axtarmalıyıq. Qoy desinlər filankəsin oğlunun (qızının) toyu şəhərin ən bərkgedən şadlıq sarayında oldu. Təkcə arağın bir butılkası yüz manat idi.
Toya gedən adam öncə çalışır öyrənsin ki, menyunun qiyməti neçəyədir. Deyək ki, 100, yaxud 150 manatdır. Axı bu mədə binavanın ölçüsü 6-8 santimetr olur. 80-100 manat dəyərində qidanı ora necə yerləşdirmək olar? Biz mədədən mədə kimi yox, çuval kimi istifadə edirik. Əlimizə gələni, üzür istəyirəm ifadəmə görə, çox vaxt it yeməz qidaları doldururuq çuvala. Ona görə də ömrümüz boyu onun altını çəkməli oluruq. Elə yeri gəlmişkən deyim ki, 2019- cu ilin son aylarında səhhətimlə bağlı bir neçə dəfə Təbrizdə həkim müayinəsində oldum. Hacı Məhəmmədi adlı bir həkim soydaşımızla vaxt tapıb,xeyli söhbətləşdik. O, dedi ki, bir dəfə dostum məni Bakıya oğlunun toy düyününə dəvət etmişdi. Məclisdə gördüklərimdən, xüsusilə süfrəyə düzülən yeməklərdən dəhşətə gəldim, başımı tutub, oradan qaçdım. Dedim İlahi,insan da özünə bunca zülm edərmi? Əlavə etdi ki,siz paslı xəncərlə mədənizi deşik-deşik edirsiniz. Ona da təəssüfləndi ki, balaca Azərbaycanda yaşayan millətimiz niyə bu günə düşüb?
Sonradan doktorun dedikləirini digər dostlardan daha təfsilatı ilə öyrəndim. İştirak etməsəm də, onlardan öyrəndim ki, orada həm toy, həm də yas mərasimləri çox sadə şəkildə həyata keçirilir. Və bizdəkindən fərqli olaraq, orada boşanmaların da sayı yox dərəcəsindədir. Doğrudur, bunun bir sıra digər səbəbləri də vardır. Yaxud da götürək qardaş Türkiyəni. Burada da həm toy, həm də yas mərasimləri çox təkmil, sadə şəkildə keçirilir. Biz də dəridən-qabıqdan çıxıb, toy yox, YARIŞ keçiririk. Olmazmı, hansısa harının cibinə axıtdığımız pulları öz balalarımızın yenicə qurduqları həyatlarına, ev-eşiyinə xərcləyək? Nigahların erkən pozulmasının bir səbəbi də, gənclərimizin zər-zba, bəzək- düzək dalınca qaçmalarında, imkanı olmadıqda belə dəbdəbəli toy etməklə ailəni ağır maddi duruma salmalarında axtarmaq lazımdır. Belə işlərə görə toy günü,yaxud toydan 3-5 gün sonra nigahların pozulması hallarına da rast gəlinir. Toy edib,ailə qurmaq oyun-oyuncaq məsələsi deyildir axı! Mən inanmıram ki, Azərbaycanda toy edən ortabab ailə toydan qazanc götürsün. Doğrudur, toyda pul yığılır, artıq da qalır, amma bu, toyun ümumi məsrəflərini ödəmir. Sən kimisə toya çağrırsan, demək sən özünü kredit borcuna salırsan. Nə vaxtsa onu ödəməlisən. Əgər 5-10 il əvvəl kimsə toyuna 100 dollar pul yazılıbsa, bu gün sən onu mütləq geri qaytarmalısan. Eyni zamanda qiymətlərin sürətlə artmasını və pulun alıcılıq qabliyyətinin aşağı düşməsini nəzərə almalısan. Hökmü- zərdirmi ki, sən toyuna 500 nəfər çağırasan? Çağır, 70 nəfər, 100 nəfər. məgər buna toy demək olmaz?
Bir sözlə, Azərbaycanda toy yarışlarının qalıbi toy sahibləri deyil, harınlar- milləti bu bəlaya salanlar olur. Bu, söhbət açaçağım mövzudan bir zərrədir, xalqımızın toy kimi gözəl adət-ənənəsinə xələl gətirib, onu yaman günə qoyan səbəblərdən saatlarla danışmaq mümkündür.
Arzu edərdim ki, hər bir soydaşımın qapısında Toy olsun, Yarış yox!
Bir qədər də yas mərasimlərimizə diqqət yetirək: — yuxarıda qeyd etdiyim kimi, son bir ildə bəşəriyyətin başı üzərində meydan sulayan pandemiya bəlası insanlarımızı bir-birindən çox uzaq saldı. Vəziyyətlə bağlı hər birimiz xeyli sayda əzizlərimizin dəfn və yas mərasimlərində iştirak edə bilmədik. Heç fərli-başlı yas mərasimləri keçirildimi? Amma etiraf edək ki, buna qədər biz bir millət olaraq, toy mərasimləri kimi, yas mərasimlərimizi də yarışa çevirmişdik. Belə ki, dədə dünyasını dəyişir, cənazə ortada qalıb, oğulu bircə şey düşündürür, yasda nə verəcəm, bozbaşmı, plovmu? Məzar daşı necə olacaq? Baş daşı, sinə daşı qara mərmərdən, özü də Çin mərməri yox ha, Kanada mərməri olmasa da, heç olmasa Ukrayna mərməri olsun. Bildiyiniz kimi son illər qəbrlərin üstündə çardaq qurmaq dəb düşüb, əsasən də məcburi köçkün soydaşlarımız arasında. Bu, böyük bir faciədir. Ailənin dolanışığı bərbad gündədir, xərc-borc edib dəbdəbəli ehsan vermək, yüksək səviyyədə qəbirüstü götürmək, mərhumun şəkilini baş daşının hər iki üzünə həkk etdirmək, bir az da cəhd etsən dədənə qəbirüstü abidə ucaltmaq və s. Sonra da uzunmüddətli borca düşüb, altda çabalamaqla, dədəmizin ruhu şad olacaqmı? Bunların əvəzinə yetər ki, sağlığında atanın, ananın, digər əzizlərinin qədrini biləsən.
Burada da yarışlar tüğyan edir. İstər dəfn,istərsə də yas mərasimləri ilə bağlı həyata keçirilən bu işlərin islamla,dinlə heç bir əlaqəsi yoxdur. Bu,sadəcə biabırçılıqdır. Ya islamı qəbul et, ya da bu biabırçılığı. Burada məscidlərin, ona rəhbərlik edən axundların, əsasən də Həzrət Allahşükür Paşazadənin 41 ildən bəri rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsin və Dini Qurumlarla İş üsrə Dövlət Komitəsinin günahları daha çoxdur. Niyə? Niyəsini deyim. Əvvala bu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vəzifəsi, mahiyyətinin nədən ibarət olduğunu bələn varsa, rica edirəm mənə də desin. Qaldı ki, möhtərəm Şeyximizə , bir vaxtlar bu mömin kişi Azərbaycanda yas mərasimlərinin təkmilləşməsi, xüsusilə ehsan mərasimlərinin xeyli sadələşməsi haqqında təkliflərlə çıxış etmişdi. Çox keçmədi bu kəmfürsət Şeyx məscidlərdə mərasim zalları açdırdı və konkret menyular tərtib etdirdi. Dədən kasıbdırsa, ucuz menyu seç, yox dədən bahalı kişidirsə ,bahalı menyü seç. Və bundan sonra şəhərdə yas mərasimi zalları açmaq yarışı başladı. Hətta bəzi kəmfürsət şadlıq evləri sahibləri bu biznesin gəlirli sahə olduğunu anlayıb, tezbazar şadlıq evlərinin profilini dəyişərək, mərasim zallarına çevirdilər. Kimsə deyə bilər ki,bunun nəyi pisdir ki, küçələrimizdə qurulan çadırlardan şəhərimizin canı qurtardı. Burası doğru, sadəcə bu mərasim zallarını dəllal bazarına çevrilməsi yolverilməzdir.
Mollaların, axundların, o cümlədən cənab Şeyxin təbirincə desək, xaçpərəstin məzarı yerində müsəlmanın dəfni günahdır. Elə buradaca sayğıdəyər oxucularımıza yaddaşımda olan bir hadisəni xatırlatmaq yerinə düşərdi. Bildiyiniz kimi Bakıda 2-ci Fəxri Xiyabanla 2-ci Şəhidlər Xiyabanı Yasamal qəbrstanlığının qərb hissəsində yerləşir. Eyni girişə malikdirlər. Uzun illər Şəhidlər Xiyabanına ziyarətə gedərkən, Fəxri Xiyabandakı dörd erməni qəbrinin boş yerinə baxıb, düşünürdüm ki, görəsən bu şərəfsiz hayların məzarlarının yerində hansı bəxtəvərləri dəfn edəcəklər? 2014-cü ilin ilk dörd ayı ərzində bunların yerində Azərbaycanın dörd görkəmli professorunu dəfn etdilər. Hətta dünyaca məşhuri-cahan Cavad Heyəti də Təbrizdən gətirib, bu murdarların yerində dəfn etdilər. Onda Şeyx cənabları hara baxırdı,məgər bunlardan xəbərsiz idi? Yaxud, Qurd Qapısı istiqamətindən Yasamal məzarlığına daxil olanda, yolun sağ hissəsi ortaya qədər xristian qəbirstanlığıdır. Məlumdur ki, o məzarların da çoxu illərdir sahibsizdir.
Son 15 il ərzində Şeyxin diribaş qulbeçələri görəsiniz o qəbirstanlığı nə günə salıblar. Qəbirstanlığın Fəxri və Şəhidlər Xiyabanları ilə üzbəüz hissəsində yolboyu ivanların məzarları yerində müsəlman soydaşlarımızın bərli-bəzəkli məzarları sıralanıb. Hələ qəbristanlığın bir qədər dərinliyinə getsəniz , çox şeylərə şahidlik edərsiniz. Xristian qəbirstanlığında yüzlərlə müsəlmanın məzarına rast gələ bilərsiniz. Bunun üçün yetər ki, Qurd Qapısı istiqamətindən Yasamal məzarlığına daxil olarkən, sağ tərəfdə yerləşən xristian məzarlığına diqqət yetirəsiniz. Budurmu müsəlmançılıq, cənab Şeyx?
Yaxud Vətənən Müharibəsində Şəhid olan balalarımızın bir qismini Yeni Şəhidlər Xiyabanında yetərincə boş məzar yerləri olduğu halda, vaxtilə Hacıbala Abutalıbovun yaratdığı erməni qəbirsanlığında dəfn olunması hansı məntiqdən irəli gəlirdi, möhtərəm Şeyx? Həmin Şəhidlərin valideynləri iki ay ərzində soyuq havada dövlət qurumlarının qapılarında boynuburuq qalanda, boz sifətlərə tuş gələndə, ac-yalavac küçələrdə sərkərdan gəzəndə, heç vicdanın sızıldadımı ,Qafqazın Şeyxi? Bunlar azmış kimi, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev həmin Şəhid məzarlarının Şəhidlər Xiyabanına köçürülməsinə göstəriş verəndə, əsabələrinizlə birgə üsyana qalxdınız, dediniz, Şəhid məzarını köçürmək günahdır. Bəs bu vaxta qədər harada idiniz, İslamın keşikçisi- cənab Şeyx?
Müqəddəs Şəhidlər Xiyabanında Şəhid Aslanlarımız boysırasına düzüləndə, bircə dəfə iştirak edib, onların məzarları qarşısında yasin oxudunuzmu, cənab Şeyx? Bircə Şəhid ailəsinin qapısını döyüb, onların sızlayan yarasına məlhəm oldunuzmu, Şeyx həzrətləri? Halbuki qardaş Türkiyədə Dini İşlər Naziri sayın Ərbaş bir qayda olaraq, uca Şəhidlərimizin dəfnində yasini özü oxuyar, Şəhid Anasının əlini öpər, onlara hər zaman təskinlik verər. Niyə, çünki o, müsəlmandır. Bəs siz neçə ,cənab Şeyx?
Unutmayın ki, hər birimiz, o cümlədən böyük sərvətlər sahibi olan sizlər, məhz uca Şəhidlərimizin hesabına varsınız…
Ona görə də Azərbaycanımızda dəfn və yas mərasimlərimiz məhz sizin dövrünüzdə bu günkü bərbad vəziyyətə salınıb…
Dəyərli soydaşlarım, əzizlərim, gəlin tarixi köklərə malik olan toy və yas mərasimlərimizi Yarışa çevirməyək!
Gəlin, yarışımızı təhsil sahəsində, iqtisadiyyat sahəsində, hərb sahəsində, quruculuq-abadlıq işlərində, birsözlə ölmək yox, yaşamaq uğrunda davam etdirək!
Sayğılarımla!
