Küfr qardaşlığı: İranlı generalın qırmızı xətti və Xomeneyiyə Paşinyanın naməsi

“İran Dağlıq Qarabağ münaqişəsi tərəflərindən heç birini dəstəkləmir”.

Bunu İranın quru qoşunları komandanı, general Kəyumərs Heydəri deyib.

Onun sözlərinə görə, Tehran Ermənistan və Azərbaycana mövcud fikir ayrılıqlarını həll etmək üçün hərbi varianta alternativ yol təklif edir.

“İran bölgədə özü üçün “qırmızı xətlər” müəyyən edib. Bunlar bölgənin coğrafiyasında dəyişikliklərin qarşısını almaqdan ibarətdir”, — general bildirib.

General qeyd edib ki, İran Silahlı Qüvvələri Ermənistan və Azərbaycanla sərhədləri qorumaqla yanaşı, bu sərhədlərdən kənardakı hadisələrin inkişafını yaxından izləyir.

Heydəri bildirib ki, indi İranın şimal sərhədlərini heç bir şey təhdid etmir.

Həmçinin, Ermənistan Baş naziri Nikol Paşinyan İranın dini Əli Xameneyi və Prezident Həsən Ruhaniyə islam inqilabının 42-ci ildönümü münasibətilə təbrik məktubları göndərib.

Paşinyan məktublarında İran və Ermənistanı “dost ölkələr” adlandırıb.

Baş nazir Xameneyiyə məktubunda bildirib ki, bölgədəki mövcud vəziyyət Ermənistan və İran xalqları arasındakı qarşılıqlı dostluq və hörmətə yeni məna və əhəmiyyət verir, bu da əməkdaşlığın daha da dərinləşməsinə təkan verir:

“Ermənistan iki ölkənin və bölgənin maraqları naminə dost İranla ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək əzmindədir. Zati-alinizə möhkəm cansağlığı və uzun ömür, dost İran xalqına sülh və tərəqqi diləyirəm”.

İran Prezidentinə təbrikdə qeyd olunub ki, Ermənistanla İran arasında çoxəsrlik dostluq və dərin tarixi ənənələr səmərəli qarşılıqlı fəaliyyət üçün ən yaxşı zəmindir. Paşinyan iki dövlətin maraqlarına uyğun regional layihələrin ən qısa müddətdə həyata keçirilməsinə ehtiyac olduğuna əmindir.

Atmaca: Belə çıxır ki, İran tək günləri Ermənistanı, cüt günləri isə Azərbaycanı dəstəkləyir. Bazar günləri də boş durmur. Ya ABŞ-ı, ya Rusiyanı, ya da İsraili dəstəkləyir…

Bu xəbəri paylaşın: