POEZİYA çələngi: YAĞAN YAĞIŞLAR BELƏ TANRI GÖNDƏRİŞİDİ

ELBARİZ MƏMMƏDLİ

Dünya yaman dəyişib, dərdləri çeşid-çeşid,
Amma hər yaşantının haqdan gələn yükü var.
Görəsən, nə başlayır, ölümdən o tərəfdə?
Əvvəlin sonu varsa, sonun da bir ilki var.

YOLUN MÜBARƏK, ƏDƏBOĞLU

Böyük savaş adamı, Qarabağ qazisi, dəyərli yazar Xaqani Ədəboğlu Rzaqulubəyə

Əllərin üşüyürmü,
üşüyürmü, Ədəboğlu,
şəhid barmaqlarının həsrətinə?
Ürəyin üşüyürmü,
üşüyürmü, Ədəboğlu,
savaşlarda itən gəncliyinin
xiffətinə?
Sən, ağ göyərçin kimi doğulmuşdun,
Qarabağın günəşi qucaqlayan
bir ocağında,.
Ömrünün çiçək vaxtında
keçdin içindən qışların ,
öpdün gözündən daşların,
atdın könlünü içinə
Vətən üçün savaşların.
Görürsənmi,
şəhid barmaqlarının qanı
illər sonra
çiçəklər, güllər bitirdi,
böyük bir zəfər bitirdi, Ədəboğlu.
O şəhid barmaqların
hünər işığında oğullar böyüdü,
igidlər doğuldu,
itmiş qürura qarışıb, qeyrət kimi
təzədən yoğruldu, Ədəboğlu.
O vaxt yazan əllərin
vuran əllərinə əsir düşdü,
xəyallarında yaşayan arzular
səninlə birgə döyüşdü,
Qarabağ dağlarında.
Sən duyğu adamıykən,
savaş adamı oldun,
Turan sevdalı bir savaş adamı.
Eh, Vətən adı gələndə
yağılara nifrəti ürəyi daş edərmiş ,
ürəyi daş, — adamı.
Böyük arzuların yolunda
sən sözünü demişdin,
içindəki düzünü demişdin,
savaşda heykəlləşən,
şəhid barmaqlarının diliylə.
İndi təzə savaşın içindəsən,
indi böyük istəklərin köçündəsən,
Vətən adına.
Ər döyüşünə ər gərək,
nər döyüşünə nər gərək,
böyük sevdaları yaşamağa
səndəki təpər gərək.
Şəhid barmaqlarının
yolu mübarək, Ədəboğlu!

YAĞAN YAĞIŞLAR BELƏ TANRI GÖNDƏRİŞİDİ

Dünya yaman dəyişib, dərdləri çeşid-çeşid,
Amma hər yaşantının haqdan gələn yükü var.
Görəsən, nə başlayır, ölümdən o tərəfdə?
Əvvəlin sonu varsa, sonun da bir ilki var.

Günəş doğur, ay doğur nurunda yol gedirik,
Dünyada var olanlar Yaradanın işidi.
Könlümüzü oxşayan dağlar, çöllər, çəmənlər,
Yağan yağışlar belə, Tanrı göndərişidi.

Çıxırıq yollar üstə sinəmiz arzu dolu,
Asılır ürəyimiz bir ilahi qayğıdan.
Yaxşı ki, üstümüzdə Tanrı nəvazişi var,
Ruhumuz nə tutardı bumbuz olan duyğudan.

Tiranlar gəlib keçib, həyat hələ yerində,
Çox harınlar aşıblar olmazların səddini.
Gedişin də gəliş tək yazılmamış hökmü var,
Kimsə dəf edəmməyib ölümün son həddini.

Canımızda eşq ki, var, o da Tanrı sirridi,
Oturub ruhumuza , yer, göy nizamı kimi.
Hər kəsin çəkəcəyi dərdi özünə xasdı,
Hamı yaşaya bilməz taleyi, hamı kimi.

Ağaranda dan üzü içimizə nur dolur,
Duyğumuzla duyuruq, səhərlərin səsini.
Ölümün aqibəti — son işığın sönməsi,
Hələ açan olmayıb — OL-un fəlsəfəsini.

Adam var düşüncəsi, ağlı dərya yüküdü,
Fəqət, dərdin içindən çəkib ayıra bilmir.
Hər günün öz qovğası, hər günün öz qəmi var,
Təşnə olan ürəyi sevinc doyura bilmir.

Yaxşı olanlar ki, var, hamısı pərvanədi,
Pərvanələr saxlayır yeri, öz məhvərində.
Bəlkə də bərəkəti çəkilərdi göylərə,
Torpaq hər gün çimməsə halal alın tərində.

Çox çıxmışıq yolundan, bezibdi göylər daha,
Anlamağın vaxtıdır, üfüqlərin ahını.
İçimizi kökləyək, yol gələn sevgilərə,
Tanrı kimi qoruyaq, Tanrının sabahını.

MƏMURLUQ BUYMUŞ, DEMƏ

Adını məmur qoyub,
Başı üstə bayrağı.
Əl altında möhürü.
Köhnə şahlar sayağı.

Başında öz dəstəsi,
İçində ramxanası.
Ayrıca daxıl yeri,
Ayrı hərəmxanası.

Millətə elə baxır,
Nalbəndə baxan kimi.
Unudub adamlığı ,
«Xox» edir xoxan kimi.

Hədəfi talamaqdı,
Elə boş-boş danışır,
Kiməsə hədə gəlir,
Kiməsə xoş danışır.

Ümidi tükənənin,
Ümidiylə oynayr.
Elə qızıb, millətin,
Şəhidiylə oynayır.

Onsuz da bezib, hamı,
Dələduz sürüsündən.
Yeyib-yeyib qızırlar,
Balığın kürüsündən.

Son savaşda göründü,
Çoxlarının təpəri.
Gizlənib bağladılar,
Pəncərəni, çəpəri.

Bir az silkələnmə var,
Hamısı batmış qəmə.
Biz olan məmləkətdə,
Məmurluq buymuş, demə.

GEDİRİK

Yormuşdu bu yollar bizi,
Bürünüb aha, gedirik.
Üzü axşama gəlmişdik,
Üzü sabaha gedirik.

Ruhu göyə əl yetirən,
Eşqi həsrəti itirən,
Bozqırlarda gül bitirən,
Doğma «günah»a gedirik.

Gəldik, tanıdıq hamını,
Səhərini axşamını,
Tutub göylərin şamını,
Atları şahə gedirik.

Bizlik deyil, haqqı danmaq,
Var olan TƏKdən usanmaq,
Yad sevdalara inanmaq,
Yetərmiş daha, gedirik.

Göyümüz var, göyü qədər,
Dünya ruhun öyü qədər,
Bir yovşan çiçəyi qədər,
Ulu tamaha gedirik.

Böyüdük Vətən dadıyla,
Köksümüz dolu, oduyla,
Böyük Turanın adıyla,
Üzü Allaha gedirik.

Bu xəbəri paylaşın: