
ELBARİZ MƏMMƏDLİ
…Yalan danışmayın, nolar,
aldatmayın bu, çörəyi daşdan çıxan milləti.
Sadəliy, inamı və bir də
hər qayğılı səhərı, hər fikirli axşamı
evini yıxan milləti.
Bir-birinə tüpürən xəbərlər dolaşır
məmur istismarından asılmış
saytların köşələrində,
yönü, amalı naməlum qəzetlərin ön güşələrində.
Bu millət, bunu haqq etməyib…
SÜKUT SONUNCU YOLDU
Deyəsən unudulub, ötən günün havası,
Yenə hamı içində lal sükuta qapılıb.
Çoxlarının yadından çıxıb, Vətən davası,
Sanki bütün dərdlərin son əlacı tapılıb.
Çəkilibdi harasa, kükrəyən savaş ruhu,
Yığıb əl-ayağını, bayraqlı pəncərələr.
Açılan səhərlərin gözündə yorğun yuxu,
Elə bil gecə boyu daş daşıyıbdı şəhər.
Dağlarda da soyuqdu, üşüdür qar sazağı,
Torpağın keşiyində dayanıb, duranları.
Arzulara köklənib hələ, yolların ağı,
Ümid ilə gözləyir bağrını yoranları.
Təzə həyat başlayır, bahara nə qalıb ki,
Bu il fərqli olacaq, Novruzun ahəngi də.
Daha həsrətin canı o qədər sozalıb ki,
Gözlərdə dəyişəcək, çiçəklərin rəngi də.
Amma bitməyib vallah, içimizin dərdləri,
Hələ də sıramızda ruhu yad olanlar var.
Qovub qapılarından Vətən canlı mərdləri
Qaziləri ağrıdıb yollara salanlar var.
Qapısının önünü kəsdirib cangüdənlər,
Danabaş məmurların canı gendə saxlanır.
Millətə qənim olub, bu genəlmiş gödənlər,
Hər gün gör, neçə evdə peşimanlıq ağlanır.
Hamı susmağa qaçır, susmaq qızıl deyil ki,
Susduqca haqq önünə qara pərdə çəkilir.
Əyiləndə Tanrının qarşısında əyil ki,
Onun qurduğu nizam hər gün bir az sökülür.
Qaçqın dedik incidi, köçkün dedik incidi,
Bütöv Vətən deməyin zamanı çatmayıbmı?
Torpağı boş görəndə qəmi ürək incidir,
Hələ yurda dönməyin zamanı çatmayıbmı?
Bir az göylər buluddu, duyğuları əzablı,
Hələ su bulandırır şimal, cənub qonşular.
Sükut sonuncu yoldu, sabahı iztirablı,
Hər sükutun içində biganəlik ritmi var.

YAĞSAM, DÜNYA QOPARMI?
Barmağımın altında telefon nömrələrin,
yığsam, dünya qoparmı?
O başdan gələn səsə,
əllərim əsə-əsə,
ürəyimi nar kimi tutub ovuclarımda,
sıxsam , dünya qoparmı?
Ya da bir dərviş kimi,
Tanrı göndərmiş kimi,
haradasa yoluna
çıxsam, dünya qoparmı?
Qoşulub küləklərə,
uçuşan lələklərə,
üz vurub mələklərə,
həsrətin divarını
yıxsam, dünya qoparmı?
Bilirəm ki, bu istək ,
sənin də könlündə var,
için qəmə yas tutur,
nə varsa, dilində var.
Dost-doğmanın yanında yaş olub gözlərindən,
axsam, dünya qoparmı?
Məni elə çəkir ki, sənin nazlı günlərin,
heykəl olub bitdiyim,
o, doqqazlı günlərim,
qayıdıb o günlərə,
yenə sizin tərəfə,
baxsam, dünya qoparmı?
Şəklindən gə duyuram,
gözündəki qəm, mənəm,
saçlarına səpilmiş
bəyaz-bəyaz dən, mənəm.
Həsrət mənlik olmadı,
tanıdığın mən, mənəm,
bir yaz yağışı kimi,
o təşnə ürəyinə,
yağsam, dünya qoparmı?
Onsuz da bizim üçün,
bu dünya çoxdan qopub,
könlümüz eşqdən qopub,
əlimiz Haqdan qopub.
ömür-gün də əriyib,
daha sabahdan qopub.
Telefonda nömrəni
sonuncu ümid kimi,
yığsam dünya qoparmı?

SÖZ TANRI ƏMANƏTİDİ…
Yalan danışmayın, nolar,
aldatmayın bu, çörəyi daşdan çıxan milləti.
Sadəliy, inamı və bir də
hər qayğılı səhərı, hər fikirli axşamı
evini yıxan milləti.
Bir-birinə tüpürən xəbərlər dolaşır
məmur istismarından asılmış
saytların köşələrində,
yönü, amalı naməlum qəzetlərin ön güşələrində.
Bu millət, bunu haqq etməyib.
Biz taleyini meydanlarda girov qoymuş adamlarıq,
biz Vətən sevdasından başqa hər şeydən
könlü doymuş adamlarıq.
Sizin yalanlarınız bizi ruhumuzdan asan
coxillik ağrılardı,
daşa dönüb sinəmizin başında oturub,
çoxlarının göz yaşında oturub.
Əxlaq qranta dəyişilməz,
Vətən mükafata.
Fikir ki, əsir düşür,
orda bitir sözün azadlığı,
keçir özgə əllərə bizim olan
könlümüzün azadlığı.
Bu, feodal təfəkkürüdü, quldar əxlaqıdı,
nə bilim, bəlkə də
bir yarıtmaz maldar əxlaqıdı,
otarmaq istəyir, hamını,
cəhənnəmə çevirib səhərini, axşamını.
Doğruları yazın, doğruları deyin, nolar.
Vallah, bu millət düz olana heykəl qoyur ürəyində,
Babəkin minillik heykəli kimi,
Zərdabinin, Cəlilin əbədiyyət əməli kimi.
Doğruları yazın,
doğru olan sözün dəyəri yoxdu,
doğru olan millətin
ümidi daşa çalınmaz,
söz Tanrı əmanətidi,
satılmaz və alınmaz!

