Gürcüstanın yeni baş naziri və hökuməti təsdiqləndi

Gürcüstan parlamenti yeni hökumətin tərkibini və 2021-2024-cü illər üçün fəaliyyət proqramını təsdiqləyib.

89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir — regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.

“Bölgədə hamı üçün gözlənilməz yeni reallıq yaranıb və bu, əlbəttə ki, ölkəmiz üçün çoxlu çağırışlar yaradır”.

Bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlament çoxluğu ilə görüşdə deyib.

O, regionda sabitlik və təhlükəsizliyin Gürcüstan üçün hər zaman olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edək ki, 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər müdafiə naziri olub. O, artıq ikinci dəfədir hökumət başçısı kimi fəaliyyət göstərəcək. İlk dəfə 2013-cü ilin noyabrında baş nazir təyin olunan İ.Qaribaşvili 2015-ci ilin dekabrında vəzifəsindən istefa verib.

Bu xəbəri paylaşın: