ŞƏHİD ÜLFƏT KƏRİMOVUN -AD GÜNÜDÜR
Kərimov Ülfət Ələkbər oğlu 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub.
Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olur. 1992-ci ilin sentyabrında təhsilini yarımcıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır.
Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də (22 yaşında) Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində kənd əhalisinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girmişdir. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olmuşdur.
Təkcə son döyüşündə erməni Silahlı Qüvvələrinin 2 tank, 1 BMP və 1 Uralını məhv etmişdir. Birinci motoatıcı briqadanın komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir:
«Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir».
Yuxarıda göstərilənlər Ülfət Kərimovun yalnız qeydiyyata alınması münkün olan nailiyyətləridir.
1993-cü il sentyabrın 13-da, ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.
Leyla Həsənova