XOCALI SOYQIRIMI: Hərbi Prokurorluğun apardığı peşəkar fəaliyyət öz nəticəsini verməkdədir…

(Əvvəli: https://fedai.az/?p=30197)

Eyni zamanda Dağlıq Qarabağ və Azərbaycan Respublikasının işğal olunmuş digər ərazilərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin araşdırılması ilə bağlı Respublika Hərbi Prokurorluğunda istintaq edilən cinayət işinin istintaqının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikası Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə uyğun aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədi ilə cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq iş üzrə 5 əsas istiqamət:


a) Azərbaycan xalqına qarşı soyqırım;
b) əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə;
c) terror;
ç) dövlətə və vətəndaşlara vurulmuş ziyan;
d) müasir dövrdə düşmənlə təmas xəttində milli ədavət və düşmənçilik niyyətilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlər müəyyənləşdirilmiş, həmin istiqamətlər üzrə cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyən edilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilmişdir.


Qeyd edilməlidir ki, bütün bu işlərin sistemli, ardıcıl, mütəşəkkil şəkildə, eyni zamanda tərkibi qeyri-müəyyən olmaqla tez-tez dəyişdirilməyə düçar olan qrup tərəfindən deyil, ayrıca istintaq qurumu tərəfindən həyata keçirilməsi məqsədəmüvafiq hesab olunduğu üçün Respublika Hərbi Prokuroru tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru qarşısında vəsatət qaldırılmış və Respublika Hərbi Prokurorluğunun strukturunda dəyişiklik edilərək 30.03.2009-cu il tarixdə əvvəl Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin tərkibində, 20.11.2012-ci il tarixdən isə müstəqil struktur qurum kimi məhz sözügedən cinayətlərin araşdırılması məqsədilə Xüsusi istintaq şöbəsi yaradılmış və hazırda da fəaliyyət göstərir.


Beləliklə də, cinayət işinin Xocalı soyqırımı epizodu üzrə aparılan istintaqla müəyyən edilmişdir ki, 1990-cı ildə şəhər statusu almış Xocalı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olmuş Xankəndi şəhəri ilə Əsgəran rayonu arasında yerləşmiş və Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olmaqla şəhərin 7 min nəfərədək əhalisi olmuşdur. Ermənistandan zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məshəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdır.


Qanunsuz erməni silahlı birləşmələri Xocalı şəhərini hər tərəfdən mühasirəyə almış, yolları, keçidləri tutmuş, quru yolla Xocalı şəhərinin ətraf ərazi ilə əlaqəsini və şəhərin elektrik enerjisini kəsmiş, Xocalının ətraf ərazi ilə əlaqəsi 1991-ci ilin noyabr ayından etibarən ancaq radiotelefonla və mülki helikopterlərlə olmuşdur. 28 yanvar 1992-ci ildə erməni quldur dəstələri tərəfindən Dağlıq Qarabağ üzərində Azərbaycan Hava Yolları Dövlət şirkətinə məxsus Mİ-8 markalı mülki helikopter vurulduqdan və içərisində olan 40 nəfərdən artıq azərbaycanlı həlak olduqdan sonra, Xocalı şəhəri ilə hava əlaqəsi də kəsilmişdir.


1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikasının ərazisinə qanunsuz keçmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələr keçmiş SSRİ Silahlı Qüvvələrinin Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikasının dəstəyi ilə Respublikanın digər ərazilərindən təcrid olunmuş və hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərinə hücuma keçmişlər. Hücumda 366-cı alayın komandiri Yuri Zarviqorov və mayor Seyran Ohanyanın komandanlığı altında alayın 2-ci batalyonunun, habelə digər batalyonların şəxsi heyəti və alayda xidmət edən 50-dən artıq erməni və digər millətdən olan zabit və gizirlər alayın tank, döyüş maşını və digər ağır texnikasının dəstəyi ilə iştirak etmişlər.


Hərbi Prokurorluqda aparılan istintaq zamanı müəyyən edilmişdir ki, qanunsuz erməni silahlı birləşmələri və 366-cı alayın şəxsi heyəti Birləşmiş Millətlər Təkilatının Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli «Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında», 12 avqust 1949-cu il tarixli «Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşıladırılması haqqında», habelə «Hərbi əsirlərlə rəftar haqqında», «Müharibə zamanı mülki əhalinin qorunması haqqında» Cenevrə Konvensiyalarının, 04.11.1950-ci il tarixdə Avropa Şurası tərəfindən qəbul olunmuş «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 3-cü maddəsinin tələblərini pozaraq, Xocalı şəhərinə quldurcasına gecə saatlarında hücum etmiş, əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutmuş, sonra isə çoxsaylı ağır tanklar, piyadaların döyüş maşını və zirehli transportyorlar vasitəsilə şəhərə daxil olmuş, evlərində yatmış dinc əhalini vahiməyə salaraq qarşılarına çıxan qadınlara, uşaqlara, qocalara aman
vermədən odlu silahlardan atəşlər açmış, tank, döyüş maşını və digər texnikanın altına salaraq əzməklə qətlə yetirmiş və sair vəhşiliklər törətmişlər.


İstintaqla tam sübuta yetirilmişdir ki, Xocalı soyqırımı zamanı 63-ü uşaq olmaqla 613 nəfər öldürülmüş, o cümlədən 106 qadın işgəncə verilməklə vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə tam məhv edilmiş, 487 nəfər yaralanmış, 1 275 qadın, uşaq və qoca girov götürülərək işgəncələrə məruz qalmış (150 nəfər, o cümlədən 68 qadın və 26 uşaq bu günə kimi itkin düşmüş hesab olunur), Xocalı şəhərinin 5379 nəfər əhalisi deportasiyaya məruz qalmışdır.


Bu faciə zamanı 111 nəfər Xocalıda qətlə yetirilmiş, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş şəhər sakinləri erməni qanunsuz silahlı birləşmələri tərəfindən əvvəlcədən yollarda xüsusi hazırlanmış pusqulardan avtomat, pulemyot və digər atıcı silahlardan atəşə tutularaq onlardan 16 nəfər Kətik meşəsində, 130 nəfər Naxçıvanik yolunda, 23 nəfər Qaraqaya ətrafında, 23 nəfər Dəhraz kəndi yaxınlığında, 8 nəfər Şelli istiqamətində, 6 nəfər Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və s. yerlərdə vəhşicəsinə öldürülmüş, habelə əsir götürülən Xocalı sakinlərindən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilərək qətlə yetirilmişdir.


Qətlə yetirilən şəxslərdən 192-i əslən Xocalı sakini, 24-ü 1988-ci ildə Ermənistandan, 32-i 1988-1989-cu ildə Xankəndi şəhərindən, 35-i Dağlıq Qarabağın digər yaşayış məntəqələrindən deportasiya olunmuş azərbaycanlılar, 8-i 1989-cu ildə Fərqanə hadisələri zamanı Özbəkistandan köçmüş məshəti türkləri və s. olmuşlar.


Qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı Hərbi Prokurorluq tərəfindən geniş həcmli işlər aparılmış, həmin faktların sübuta yetirilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçirilmişdir.


O cümlədən, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin təşkilatçıları və fəal iştirakçılarının Dağlıq Qarabağda nomenklatur vəzifələrdə işləmiş erməni milliyətindən olan şəxslərin olması haqda cinayət işində yetərli əsaslar olduğundan Azərbaycan Respublikası Nazirlik, komitə və baş idarələrindən 80-ci illərin sonuna aid olan dövrlərdə Dağlıq Qarabağ Muxtar Vilayətində işləmiş erməni milliyyətindən olan şəxslərin anket məlumatları və fotoşəkilləri toplanılaraq 300 fotoşəkildən artıq ibarət fotokartoteka tərtib edilmiş, 500-dən artıq şəxsin tam anket məlumatları əldə edilmişdir.


Bundan əlavə, Xocalı soyqırımı zamanı qətlə yetirilən və itkin düşmüşlərin sayı barədə Xocalı icra hakimiyyəti, habelə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının verdiyi məlumatlarla istintaq orqanı tərəfindən tərtib olunmuş siyahılar arasında müqayisəli təhlil işi aparılmışdır.


Eləcə də, Xocalı soyğırımını həyata keçirməkdə şübhəli olan 500-dən artıq şəxsin siyahısı tərtib olunmuş, 366-cı alayın zabit və gizirlərinin şəxsiyyətləri və sair barədə məlumatların əldə olunması məqsədilə Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan Respublikası Baş Prokurorluqlarına hüquqi yardım barədə vəsatətlər göndərilmişdir.

Ümumilikdə, öz imkanlarından dəfələrlə üstün bir şəkildə Hərbi Prokrorluq tərəfindən Xocalı soyqırımı üzrə 7.500 yaxın istintaq hərəkəti icra edilmiş, o cümlədən 1.800-dən çox şəxs şahid, 2.700-dən çox şəxs zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş, 1.600-dən artıq tanınmaya təqdim edilməsi və baxış keçirilməsi haqqında protokollar tərtib edilmiş, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. Cinayət nəticəsində vətəndaşlara və dövlətə dəymiş maddi zərərin müəyyən edilməsi məqsədilə iş üzrə təyin edilmiş kompleks məhkəmə-qiymətləndirmə ekspertizasının ilkin hesablamalarına görə dəymiş maddi ziyan 170 milyon ABŞ dollarından artıq təşkil etmişdir.

Ardı var

Elnur Səlim

Bu xəbəri paylaşın: