AVMVİB üzvlərindən şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı daha bir örnək

AVMVİB üzvləri şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətindəki fəaliyyətlərini davam etdiriblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov məlumaty verib. Bildirib ki, Beyləqan rayonu Mərkəzi Xəstəxanası qarşısında şəhid baş leytenant Murad Qərib oğlu Dadaşzadənin büstünün açılış mərasimi keçirilib.

Akif Həsənov qeyd etdi ki, illər ötüb keçsə də, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Onların adları əbədiləşdirilməlidir. Bundan sonra da bu cür tədbirləri davam etdirəcəyik.

Açılış mərasimində veteranlarla yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi sədrinin müavini Əlövsər Məmmədov,  AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədov və digər şəxslər iştirak etmişlər.

Şəhidin döyüş yolu barədə danışılmış və ruhuna dualar oxunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: