POEZİYA ÇƏLƏNGİ: ÇIXIB GEDƏCƏYƏM BU YER ÜZÜNDƏN…

ELBƏYİ

Yalanlar içindən sızıb su kimi,
Axıb gedəcəyəm bu Yer üzündən.
Hardasa həqiqət hələ var, deyə,
Çıxıb gedəcəyəm bu Yer üzündən…

ÇIXIB GEDƏCƏYƏM BU YER ÜZÜNDƏN…

Zülmətdə əriyib, itir gözlərim,
Boğur əlləriylə məni yalanlar.
Dilim sözlərimin baş daşısıdır,
Qəlbim arzularım uyuyan məzar.

Yalançı duyğular, yalan nəfəslər,
Yalan insanlığı, başına alıb.
Bəlkə həqiqətlər yalanmış elə,
Bəlkə mən uyğuyam, de nəyim qalıb?

Atını səyirdir, yalan dörd nala,
İtirmiş kələfin ucunu dünya.
Haqsız ədaləti oynadır hələ,
Zülümlə doyurur acını dünya.

Yalanlar içindən sızıb su kimi,
Axıb gedəcəyəm bu Yer üzündən.
Hardasa həqiqət hələ var, deyə,
Çıxıb gedəcəyəm bu Yer üzündən…

ZAMAN QURTARIB

Cəhənnəm yolunda gedən kəslərik,
Bu yurdun qoynunda iman qurtarıb.
Sığınıb qalmışdıq, quru gümana,
Baxdıq ki, yox olub, güman qurtarıb.

Əyriyə nökərik, düzü gözlərik,
Yıxdıq bu Vətəni, Şeytanla şərik,
Yüz illər gəlməyən yazı gözlərik,
Çəmən göyərmədi, saman qurtarıb.

Hər yoldan ötənə, qabardı ürək,
Biz «Dədə» söylədik yetim uşaq tək,
Hərəsi bir cürə, satqın, dümbələk,
Xalqa söyləməyə yalan qurtarıb.

Haqqın haqsız yerə kəsilir dili,
Böhtandan bükülüb, əyilib beli,
Tutub yaxamızdan əcəlin əli,
Ömrü yelə verdik, aman qurtarıb.

Pislik ocağına olmuşuq körük,
Baxırıq aynada xortdan görürük,
Yaxşılar sıradan düşdülər perik,
Yaxşı unudulub, yaman qurtarıb.

Burda daşa dönüb, ölmüş adamlar,
Nə duyğu, nə istək, nə mərhəmət var,
Sanki məzarlardan gəlmiş adamlar,
Qiyamət qopmayır, zaman qurtarıb…

KASIBIN

Yükü duz yüküdü, çəkə də bilmir,
Binadan düz gəlməz, işi kasıbın.
Dişini qıcayıb belə gərdişə,
Tökülüb ağzında dişi kasıbın.

Göydən pul tökülsə, gözünü yumar,
Bircə qaya düşsə, altına cumar,
Fələyin qapazın o, bilər tumar,
Dəyər daşdan-daşa başı kasıbın.

Taleyə küskündü, heçdi qisməti,
Neçə kor quyuya düşdü, qisməti,
Baxdı oğrulara gözdə heyrəti,
Dartıldı kaman tək qaşı kasıbın.

Yorğanına görə ayaq uzatdı,
Yorğanı sinəsi üstünə çatdı,
Nə qıvrıla bildi, nə yuxu yatdı,
Seçilməz baharı, qışı kasıbın.

Yanmayan ocaqda axtarma közü,
Ən böyük zalimdi, məzlumun özü,
Kor edər gözünü, tökər tüstüsü,
Zillətdən bişibdi, aşı kasıbın.

Süfrəyə naz-nemət düzdürən, harın
Dünya öz evindi, vətənin qarın,
Qarışıb suyuna, yediyin barın,
Təriylə, gözünün yaşı, kasıbın.

YOXMUŞ

Hamı alan, hamı satan,
Bu bazarın nırxı yoxmuş.
Yelə verdik, uçdu zaman,
Zamanın da çarxı yoxmuş.

Düzə endik, dağa qalxdıq,
Nə günlərə gəlib çıxdıq?
Hara gəldi, su tək axdıq,
Qaçaq suyun arxı yoxmuş.

Hər yetənə aqil dedik,
Zəhrimara noğul dedik,
Əsilsizə oğul dedik,
Onun varı-yoxu yoxmuş.

Viran oldu, bu el, bu yurd,
Haraylamaz bizi Bozqurd,
Hər qarışı bizlərə dərd,
Azı qalıb, çoxu yoxmuş.

Tamah bizi yaman yendi,
Nə can verdik, nə dirəndik,
Ümid adlı ata mindik,
Sahibini çoxdan yıxmış…

Bu xəbəri paylaşın: