
NƏRİMAN QƏHRƏMANLI
Məndə məni görən varmı,
Qırx qapıdan keçsin, gəlsin.
Nə çoxdu ayrı qapılar,
Qapımı düz seçsin, gəlsin.
GƏLSİN
Məndə məni görən varmı,
Qırx qapıdan keçsin, gəlsin.
Nə çoxdu ayrı qapılar,
Qapımı düz seçsin, gəlsin.
Burda dərdim yüz ölçüdə,
Burda dünya düz ölçüdə,
Sirrim var, doqquz ölçüdə,
O bulaqdan içsin, gəlsin.
Burda yazın oğlan çağı,
Tanrının cənnət ocağı,
Bütün mələkləri çağır,
Qanadlanıb uçsun, gəlsin.
Huri sənsən, qılman mənəm,
Sən elə sən, mən də mənəm.
Burda həsrət, nə qəm o qəm,
Leyli, Məcnun sussun, gəlsin.

Bəs niyə əllərim çatmır bəxtimə?!
Hələ qaranlıqda, çox sirr gizlində,
Görəsən hər şeymi Tanrı iznində?!
Seçim ixtiyarı varsa bizim də,
Bəs niyə əllərim çatmır bəxtimə?!
Zamanı dörd yana dartan əllərim,
Tanrı ətəyinə çatan əllərim,
Tutub öz yaxamı yırtan əllərim,
Bəs niyə əllərim çatmır bəxtimə?!
Nə qədər yolunu dumduz gedən var,
Həsrətə bürüyüb yol gözlədən var,
Bəlkə bu dünyada bəxt gizlədən var?!
Bəs niyə əllərim çatmır bəxtimə?!
Ömür, gün, filan bir dar ağacımı,
Bu dünya qəm topu, dağarcığımı,
Dünya sevgilərin qurtaracağımı,
Bəs niyə əllərim çatmır bəxtimə?!..
