NORVEÇDƏ BELƏ DƏ YAŞAMAQ OLAR

Osloda Nizami Gəncəvi adına həftə sonu Azərbaycan dili məktəbinin ən fəal dinləyicilərindən biri Səlim Abbaszadədir.

Bu günlərdə onun “NAGORNO-KARABAKH” adlı yeni kitabı qədim vikinq diyarı Norveçdə işıq üzü görmüşdür.

Norveç dilində nəşr olunmuş və rəngli fotoların müşayət etdiyi bu əsər Azərbaycanın şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinə həsr olunmuşdur. Kitabın norveç dilində olması bu dildə oxuyub anlayan hər kəsin Azərbaycanın haqq işi barəsində məlumatlandırılması məqsədini güdür.

Səlim Abbaszadənin və digər gənclərimizin belə addımları göstərir ki, gələcəyimiz etibarlı əllərdədir. Bu, həm də ondan xəbər verir ki, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, yaşından, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı “mən azərbaycanlıyam” ifadəsini həmişə qürur hissi ilə deyəcəkdir. Eyni zamanda, sözsüz ki, bəzi vətəndaşlar S. Abbaszadə kimi gənclərimizdən örnək götürməlidirlər.

Biz “Yazarlar” jurnalı olaraq ənənəmizə sadiq qalır və müəllifi yeni kitabların nəşri münasibətilə verilən “Ziyadar” mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, cənab Səlim Abbaszadə!

Sizi təbrik edirik və Vətəndə yaşayan vətənsevərlər adından təşəkkürümüzü bildiririk!

Zaur Ustac

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist

Bu xəbəri paylaşın: