
ELBARİZ MƏMMƏDLİ
Şəhid balaları qayğıya möhtac,
Gözünün yaşını kimsə, silirmi?
Burda insanlığın adı da yoxdu,
Görən, bu dərdləri Tanrı bilirmi?
GÖRƏN, BU DƏRDLƏRİ TANRI BİLİRMİ?
Haraya baxırsan, qazi ağrısı,
Haraya baxırsan, can harayları,
İlahi, Vətənin oğul səsini,
Eşitmir, eşitmir xan sarayları.
Hər kürsü dalında bir ürəyi daş ,
Canı ağrıyanın karına gəlmir.
Bu yöndə məmləkət olarmı, qardaş?
Eyibi kimsənin arına gəlmir.
Adını yazammır, hökmü daş yarır,
Məmur var savadda kütdü, naşıdı.
Elə səpiliblər ölkə boyunca,
Hərəsi bir yerin xoruzbaşıdı.
Getdilər savaşa, aslan oğullar,
Meydanlar yenə də naqqala qaldı.
Orda yağıların başı əzildi,
Burda ümidimiz baqqala qaldı.
Nə olsun, canının parası yoxdu,
Hər qazi ürəkdə bitən Vətəndi.
Qazi yarasına, şəhid qanına,
Ünvan olan gündən Vətən, Vətəndi.
Gör, kimlər saxlayır, qapı dalında,
Dar gündə qabaqda olan kəsləri.
Görən bu oyunu çoxmu sürəcək,
Qeyrəti yollara salan kəslərin?
Torpaq igidiylə basılmaz olar,
Kimdi, bu qaydanı dəyişən, indi?
Qanunda ən böyük haqq qazilərin,
Kürsüdə ən uca yer şəhidindi.
Onsuz da savaşlar kəsir ömrünü,
O itən çağının haqqı ödənmir.
İtən ayağının, itən gözünün,
İtən barmağının haqqı ödənmir.
Uzaqdan baxana döyüş asandı,
Savaş hünər işi , cürət işidi.
Sinəni gülləyə sipər eləmək ,
Kişilik işidi, qeyrət işidi.
Şəhid balaları qayğıya möhtac,
Gözünün yaşını kimsə, silirmi?
Burda insanlığın adı da yoxdu,
Görən, bu dərdləri Tanrı bilirmi?

YENƏ QARABAĞDAN TOP SƏSİ GƏLİR
Elə bil yatmışıq, fil qulağında,
Hamının mürgüyə həvəsi gəlir,
Yenə Qarabağda oyun oynanır,
Yenə Qarabağdan top səsi gəlir.
Yollar-izləri çəpərləyirlər,
Ürəyi xainlər, əli qanlılar,
Yenə erməniyə şam yandırırlar,
Məramı istila, şərməramlılar.
Oynayıb ortada əli, həmişə,
Heç vaxt əzməyib ki, Qafqaz Qafqazı.
Bu yerə, bu göyə, bu insanlığa,
Tanrı bəla verib bu, oyunbazı.
Üzü Pyotrdan gəlir, bu bəla,
Bu dərdin bilirik, kökü dərindi.
Neçə ki, bu kürsü tarımar olmayıb,
Qanun cinayətin, dünya şərindi.
Erməni kimdi ki, çürümüş toxum,
Torpağa atsan da, bitəsi deyil.
Hamı miyyətindən çəkilə bilər,
Onlar öz məkrindən ötəsi deyil.
Tutub gözümüzü yazın mürgüsü,
Guya, azad gəzir, dağlarda quzu.
Yenə Qarabağdan top səsi gəlir,
Qatır aralığı şimal donuzu.
Orda hay qoparır rus silahları,
Pozulan sükuta hələ son deyil.
Niyə, bu donuza anlatmayaq ki,
Bura sizin üçün «poliqon» deyil.
Yaz gəlir, göylərin rəngi durulur,
Əllərin torpağa dönüş vaxtıdı.
Gedək, bu topların səsi kəsilsin,
Qərib ocaqlarla görüş vaxtıdı.

ƏZAB BOYUMUZA BİÇİLİB, BİZİM
Əzab boyumuza biçilib, sanki,
Bu da bəxtimizin keşməkeşidi.
Yolları yarıdan qayıtmaq asan,
Sonadək yürümək qeyrət işidi.
Nə olsun, ovqatı dəyişib, vaxtın,
Düz olan yenə də düz yerindədi.
Kainat yerində, günəş yerində,
Ulduzlar yenə də öz yerindədi.
Əyrilər binadan əyri doğulur,
Haqqına asidi, tamahın qulu.
Canında bir azca qorxu olmasa,
Dağıdar dünyanı, Allahın qulu.
Gözümüz nə qədər əyrilik görüb,
O da öz «yol»unun öz sahibidi.
Öyməli kişilər unudulalı,
Ölməli adamlar söz sahibidi.
Aşınıb gedirik, dərdlər içində,
Ara qarışdıran gör, neçə «set» var.
Namusdan, qeyrətdən dəm vurur hamı,
Guya ki, ortada mentalitet var.
Doğru seçilən yol haqqa gedişdi,
Gedişdi, beşikdən məzara qədər.
Dünyanın ən böyük dəyəri, vicdan,
Onu da çəkiblər, bazara qədər.
Amma kökü olan haqqını saxlar,
Keçmişi olanın gələcəyi var.
Bir azca özünə düzən verməsə,
Millətin hələ çox görəcəyi var.
Bizim ki, yolumuz uludan ulu,
Biz millət olmuşuq, min illər öndən.
Bizim ruhumuzun sərhədlərini,
Göylərə bağlayıb nəsillər, öndən.
Nə qədər əzabdan keçib gəlmişik,
Arzunu ovudan ümid var olsun.
Düşdüyümüz yoldan qayıtmaq yoxdu,
Gələn səhərlərə salamlar olsun.

YAZ GƏLİR
Yuyur nəm əllərini, otlar səhər şehində,
Dodağı puçurlayır budağın, yaz mehində,
Könüllərə nur yağır, ruhların fatehindən;
Yaz gəlir.
Zirvələr yavaş-yavaş çıxır ağ yorğanından,
Quş nəğməsi tökülür, səhərlərin banından,
Günəş şəfəq göndərir, göylərin ünvanından;
Yaz gəlir.
Atır süküt dərdini, nəm qoxuyan meşələr,
Təzə övlad kimidi, təzə doğan rişələr,
Gizlənir kol dibində leysandan, bənövşələr;
Yaz gəlir.
Ayrı bir yaz olacaq gələn yaz, bu il ki, var.
Uzun həsrədən yana Şuşada bir ilki var,
Ürəklərdə nə qədər gözləyən söz mülkü var;
Yaz gəlir.
Güllələr parçalayıb, bağrının parasını,
Çiçəklər sağaldacaq, daşların yarasını,
Yaşatmağa torpağa təzə macərasını;
Yaz gəlir.
Hardasa, çayır basan cığırlar yola həsrət,
Qəm çilənmiş ocaqlar bir doğma qola həsrət,
Kaş ki, ümid doğrula, daha tərk ola həsrət;
Yaz gəlir.
Dağın müdrikliyidi, köksündəki şırımlar,
Bulaqlar öz yolunda enişləri burumlar,
Günəşə üz tutacaq yamaclar, aşırımlar;
Yaz gəlir.
Hər zərrəsi Vətəndi, Vətən canlı torpağın,
Təpərdi bərəkəti, bar ünvanlı torpağın,
Öpüb göz üstə qoyaq Şəhid qanlı torpağı;
Yaz gəlir.
