POEZİYA ÇƏLƏNGİ: SƏNİ ALDATDILAR, BALA

ELBARİZ MƏMMƏDLİ

SƏNİ ALDATDILAR, BALA

Sən əvvəl belə deyildin,
Səni öyrətdilər, bala.
Ayırıb ana qoynundan,
Sürüyə qatdılar, bala.

Bu gün mənim, sabah sənin,
O görünən uzaq sənin,
İç sənindi, qıraq sənin,
Səni aldatdılar, bala.

Sən kimi kimə satırsan?
Kökünə güllə atırsan,
İlan qoynunda yatırsan,
Qanını qatdılar, bala.

Necə bala böyüdəcən?
Bayatıdan öyüdəcən,
Üç almadan söyüdəcən,
Səni də dartdılar, bala.

Vətən ki, var, dərdi çağlar,
Millət ki, var, gözü ağlar,
Sənin güvəndiyin dağlar,
Bizlərə yaddılar, bala..

Dişinə şirə çəkdilər,
Yolunu şərə çəkdilər,
Məni qəbirə çəkdilər,
Səni oynatdılar, bala.

«JIVE BELORUS !»

Avstriyada yaşayan beloruslu xanım dostum Anastasiyaya

Yaxşı ki, ömrünü mənalandıran
bahar çiçəkləri var,
gözlərinin işığıdı, dünyaya gətirdiyi balaları.
Amma içindəki qəmi bitmir,
dostum Anastasiyanın,
üzü Belorusa sarı.
Ruhunun məbədi vətənində
hamı yaza həsrətdi,
sevgi dolu türkülərdə havalanan
avaza həsrətdi,
səhralar suya həsrət qalan tək.
Ərşə çıxır, insanlığın can harayı,
dəmir dəbilqə geyinib
qan tökür küçələrdə,
diktatorun əli qanlı sarayı,
qan tökür canalan tək.
Getməyə yol da yoxdu,
bağlanıb bütün qapılar,
bağlanıb zülmət kimi,
sevgi umanların üzünə.
Qürbətdə gör, nə qədər həsrətli var,
Vətən vüsalına, Vətən sözünə.
Batıda balaca Vətəndi,
bir qərib adadı, Anastasiya.
Bəlkə də, bəlkə də öz sevgisiylə
Belorus boydadı, Anastasiya.
Gələcək, mütləq gələcək,
arzulara gecikən bahar,
dünyada zülm varsa, əlahəzrət haqq da var.
O zaman
uzun illərin həsrətlisi tək, qovuşacaq
bir-birinə
Anastasiya və Belorus,
«Jıve Belorus» !
«Long live Belarus!»

Bu xəbəri paylaşın: