
ELBARİZ MƏMMƏDLİ
Sənə düşən pay budur, «azadlıq» deyiləndən,
Sərvəti aşıb-daşan Vətən sənin deyilmiş.
Ədalət can üstədi, bu dünya əyiləndən,
Bu zəmi sənin deyil, bu dən sənin deyilmiş.
ŞAİRLƏR XOŞBƏXT OLMURLAR
Şairlər xoşbəxt olmurlar, qardaşım,
söz yükü çəkəndən,
içinə dərd əkəndən,
gecəni həsrət gözlərində
diri sökəndən, xoşbəxt çıxmaz.
Şair ədalı olar,
yaxası medalllı, ruhu qandallı,
beş-üç adam arsında
guya ki, sanballı olar,
amma xoşbəxt olmaz.
Deyirlər, şairlər Tanrının sevdikləridi,
ilhamından süzülən Tanrının dedikləridi.
Tanrı da ki, əzabı sevdiklərinə göndərir,
haqqı unudulmasın deyə,
hökmünü sözə çevirib,
şairlərin ürəyinə endirir.
savaş bayrağı kimi,
tutub əllərində önə çıxmaq üçün,
gücün yıxammadığını
sözlə yıxmaq üçün.
Şair Vətən üçün ölmək istəyəndi,
şöhrət üçün yox,
halal kəfən üçün ölmək istəyəndi.
sərvət üçün yox.
Şair hüzura getməz,
gətirərlər,
zülmə baş əyməz, uzağı öldürərlər.
İndi şair olmaq peşəyə çevrilib,
vərdişə çevrilib, qardaş,
bəzi möhtəkirlər üçün gəlirli işə çevrilib, qardaş.
Xoşbəxt deyillər, amma
zəhərə dönmüş çörəyin üzündən,
Tanrıya xəyanət edən ürəyin üzündən.
Elə bu səbəbdən də qoymurlar,
millətin sevdiklərini
günümüzün dərslik kitablarına,
sovet tərbiyəsinin kölgəsində
şöhrət qalası tikirlər,
hər yerdə adlarını çəkirlər düşüncəsi kiflənmiş sələflərinin.
Şairlər xoşbəxt olmurlar, qardaşım.
Şair olanın adı Cavid olar, Müşviq olar, Cavad olar…

SİZ MƏNİ HƏMİŞƏ YAXINDA BİLİN
Düz 44 il bundan əvvəl ayrıldığım məktəbli dostlarıma
Yaman darıxıram, sizdən ötəri,
Dinəndə, könlümün teli göynəyir.
Vallah, o illərin xatirəsinə,
Adamın ağzında dili göynəyir.
Bəlkə ömrümüzün ipək çağıydı,
Hələ duymurduq ki, qayğını, qəmi,
Həyat bizim üçün oyuncağıydı,
Dünyamız nağıllı uşaq aləmi.
Dava oyunları çıxmır yadımdan,
Minib yollanardıq, qarğı atlara.
Gözümüz tutardı ağ buludları,
Elə bil minərdik, ağ qanadlara.
Neynəyək, hər kəsin öz zamanı var,
Ötüşən fəsillər böyütdü, bizi.
Qatıb o torpağın qayğılarına,
Dəyirman dəni tək üyütdü, bizi.
İndi hamımızın təsəllisidi,
Köhnə albomlarda qalan şəkillər.
Biz yaşa dolduqca, həsrəti artan,
Biz yaşa dolduqca, solan şəkillər.
Bilmirəm, qalıbmı köhnə havalar,
Bizim oyunlar da gözə dəyirmi?
Yenə zəmilərin laləsi çoxmu?
Yenə zəmiləri gül bəzəyirmi?
Ağlıma gəlməzdi, bu ayrılıqlar,
Ağlıma gəlməzdi, tapardı məni.
Elə bağlanmışdım, kəndə-kəsəyə,
Taleyim uzağa apardı, məni.
İndi uzaqlarda üzüm göynəyir,
Gələndən-gedəndən soruram sizi.
Rəngli yuxularda gəzirəm, ancaq,
Rəngsiz yuxularda görürəm, sizi.
Dadı damağımda o şirinliyin,
Eh, ömür həsrətdə nələr aşırmış.
Mən indi duyuram, bu fəlsəfəni,
Adam yaşlandıqca uşaqlaşırmış.
İndi ömrümüzün elə çağı ki,
Bir üzü payızdı, bir üzü qışdı.
Həyatın özü də nağıl kimidi,
Həyatın özü də bir aldanışdı.
Adınız sinəmin həsrət yerində,
Hər gün oxşanacaq, neçə ki, sağam,
Siz məni həmişə yaxında bilin,
Mən sizi uzaqda yaşadacağam.

ÇƏKİLİR ZÜLMƏTLƏRƏ BU MİLLƏTİN KİMLİYİ
Yanımızdakı zibilxanadan xırda materiallar toplayıb, velosipedinin arxasına bağladığı qoşquya yığan cavan ata və körpə qızcığaz məndə heç bir ədalətə inam yeri qoymadı. Uşaq həsrətlə mağazaya doğru baxır, ata söhbətlə onun fikrini yayındırırdı
Sənə düşən pay budur, «azadlıq» deyiləndən,
Sərvəti aşıb-daşan Vətən sənin deyilmiş.
Ədalət can üstədi, bu dünya əyiləndən,
Bu zəmi sənin deyil, bu dən sənin deyilmiş.
…Yaranışın ilkində imzamız olsa belə,
Bədəvi ərəb qədər, tanınmayıb haqqımız.
Hanı mollabaşılar, niyə gəlmirlər, dilə,
Bu qədər ayaqlara salınmayıb, haqqımız.
Gözündə kədərə bax, bulud üzlü atanın,
Nağıl danışıb keçir dükanların yanından.
Ürəyində ağlayır, ürəyində utanır,
Bilsəydi yetirməzdi, balasını canından.
Zəngin maşınlar keçir, qoşqusunun önündən,
Arasında gülüşlə ona baxanlar da var.
Nə tutub durubsunuz, müsəlmanın dinindən,
Bu dinin bazarında erməniqanlar da var.
Yəqin nifrət edəcək bu gününə, qızcığaz,
Bu ehtiyac ömürlə əgər sabaha qalsa.
İlahi, bu yazını bir az ədalətli yaz,
Dünyamız var olamaz, nəfsi timsaha qalsa.
O qədər sərvəti var, torpağın altda, üstdə,
Yüz illərdi özgələr daşıyırlar, qurtarmır.
İndi də məmləkəti bölüşüb dəstə-dəstə,
Hara yönəldirlərsə, bir çöp bu xalqa varmır.
İndi qalan da yoxdu, yetim-yesir hayına,
Bir az pullanan harın gedib məscid tikdirir,
Milyonların süfrəsi həsrət Novruz payına,
Paya imkanı olan ərəbə büt tikdirir.
Savaşdan çıxanların yarası can yandırır,
Bəlkə, bu qızcığaz da bir qazi balasıdır.
Düşünəndə, dərdləri adamı utandırır,
Belə yürüyən dünya vallah, dağılasıdır.
Dünyada ağıl verən müəllim adlı nur, var,
Bizdə ötüb keçibdi hacılıq müəllimliyi.
Savaşmağa ruh da yox, qarın acdı, macal dar,
Çəkilir zülmətlərə bu millətin kimliyi.
Gözümüzün önündə bir ata, bir qızcığaz,
Millətin varlığının əzablı heykəlidi.
Burda düzü danışan sayılırsa boşboğaz,
Haqq üçün savaşan da dəlidi ki, dəlidi.



