
Paşa Talıblı
Rusiya Federasiyası, Volqoqrad şəhəri
«Mənəm eşqin sultanı da…»
Mənəm eşqin sultanı da…
Nə gileyim?…sultanıyam!
…dost əlindən alıb içdim,
şirin meyin sultanıyam!
…bir dəm eşqin töhvəsiyəm,
bir dəm günah tövbəsiyəm!
…bir dəm Yunus təəbəsiyəm,
bir dəm göyün sultanıyam!
…axan suydum, yağan qardım —
görün necə bərqərardım!
…bir köy bildim— eşqə vardım,
mən bu köyün sultanıyam!..

Kəs cəllad, yenə də başın sağ olsun!
Yenə işin avand kötüklər üstdə…
…yazı sızıldasın, qışı sağalsın!
Hansı başdı, cəllad kəsirsən yenə?
Kəs cəllad, yenə də başın sağ olsun!
…bir daşdan çörəyi çıxırdı, neynək,
çaxmaqlı çağında bir daşdan odu!
…min başın içində bir baş nədi ki—
kəs cəllad, minindən bir baş da odu!
Kəs cəllad, kəsdiyin nə misralardı?
…Dur!-deyib çıxdımı kimsə önünə?
Kəs cəllad, bu şer də qurbandı sənə
—qurbandı bir şeir də imza gününə!..

Eşqin ötəsində bir şer…
…içmişəm eşq badəsini,
mən eşqə tək- tək gələnəm.
…sədəfəm balıq qarnında,
mən eşqə tək-tək gələnəm.
Kim gələr boş, gedər dolu?
…eşq yoxdusa—hədər olu!
…tənhalığım kədər dolu,
mən eşqə tək — tək gələnəm.
Gör, necə gerçək gəlmişəm!
—şəklimi çək, çək…gəlmişəm!
…mən dünyaya tək gəlmişəm —
mən eşqə tək — tək gələnəm.

