POEZİYA ÇƏLƏNGİ: RƏDD OLSUN, İMPERİYA NÖKƏRLƏRİ!

ELBARİZ MƏMMƏDLİ

Həsrətin bulud-bulud çöküb yenə canıma,
Ləçəkləri tökülən gülə bənzəyir, ömrüm.
Elə bil ki, ağrılar od üfürür, qanıma,
Axıb səhrada itən selə bənzəyir, ömrüm.

GƏZİRLƏR

Gör, kimlərdi bu, millətə toy tutan,
Eldən kənar, haqdan qıraq, gəzirlər.
Ataları dünən çıxan ağacı ,
Balaları budaq-budaq gəzirlər.

Ağa qara, qaraya ağ geydirib,
Beyinlərə şər sevgisi döydürüb,
Bu millətin əxlaqını əydirib,
Utanmırlar, başda papaq, gəzirlər.

Özgə qan var, neçəsinin qanında,
Kin göyərir, nifrət coşur canında,
Kişilənib arvad-uşaq yanında,
Hüzurlarda salladodaq gəzirlər.

Guya adlı adlarıdı, ortanın,
Abrı olmaz haram ilə artanın,
Neçəsi var, qohumudu vartanın,
Axşam oldu, o dağ, bu dağ gəzirlər.

Neyniyək ki, ağır gəlib vədələr,
Zaman gələr, şər əli də gödələr,
Həqiqəti topa tutan gədələr,
Yekə-yekə, matah-matah gəzirlər.

Bilinməyir, evdə nəyi yeyirlər,
Xəyanəti qeyrət bilib, öyürlər,
Gecə- gündüz yetim qapı döyürlər,
Şikar üçün otaq-otaq gəzirlər.

Çox ocaqlar qara geydi, savaşda,
Ölüm neçə qapı döydü, savaşda,
Çox igidlər ömür qoydu savaşda,
Bunlar elə, ortada sağ gəzirlər.

Gərdişini bilmək olmaz, dünyadı,
Qiyamətə öcü qalmaz dünyadı,
Harınları vecə almaz dünyadı,
Nə olsun ki, damağı çağ gəzirlər.

DOLAŞIR

Asılmışam yaxasından, gecənin,
Xəyallarım uzaqlarda dolaşır.
Görən, yazı yetirdimi, küləklər?
Duyğularım o dağlarda dolaşır.

Bir qorxu var, qartalları ürküdən,
Kimdi orda, «yuva»sını bərkidən?
Burda içim əridikcə bürküdən,
Könlüm orda yağış-qarda dolaşır.

Mənim olan mənimdisə, mənimdi,
Niyə, hamı mən olana qənimdi?
Ağrılarım payız ruhlu çənimdi,
Uralanmış ocaqlarda dolaşır.

Ruhumuzun günəş üzü gündoğan,
Kimdi, mənim varlığıma kin doğan?
Şər oğlu şər, sən günlüdü, sən doğan,
Gecə-gündüz, daş, divarda dolaşır.

Cavabsızdı, bu dünyanın niyəsi,
Od olanlar, bir gün özün yeyəsi,
Yerindədi, yerin-göyün yiyəsi,
Nə olsun ki, ucalarda dolaşır.

Ellər var ki, həsrət gözü qan dolu,
Yaranışdan öz ruhuna bənd olub,
Dərdimizin yükü neçə kənd olub,
Dəmir-dəmir barmaqlarda dolaşır.

Qürbət elin havası dan, adı dan,
Doğu könlüm yük tutammaz Batıdan,
Eşq umduğun cin çıxarır qutudan,
Pis niyyətdə, bəd ovxarda dolaşır.

Sinəmizdə açıb neçə yara, bax,
Əsir yurdda həsrət çəkən qara bax,
Ruhumuzun ucalığı Qarabağ,
Gör, nə vaxtdı intizarda dolaşır.

Yurd çağırır, Vətən oğlu, gedəkmi?
Bir zəfərin işığında itəkmi?
Yağmalanmış meşələrdə bitəkmi?
Yağı olan son baharda dolaşır.

RUHUMU OVUDARSAN

Həsrətin bulud-bulud çöküb yenə canıma,
Ləçəkləri tökülən gülə bənzəyir, ömrüm.
Elə bil ki, ağrılar od üfürür, qanıma,
Axıb səhrada itən selə bənzəyir, ömrüm.

Yazıb sinəmin üstə, adını yaşadıram,
İtibdi illərimiz, yolların arasında.
Hər axşam ovuduram, hər səhər oyadıram,
Yaşadıram duyğunu, qollarım arasında.

Könlüm elə yalandan gələn yaza ümidli,
Neçə yaz ötürmüşəm, səsin duyulmayıb ki.
Elə bil ki, arzumun qapıları kilidli,
Sevinci çərpələng tək göyə yayılmayıb ki.

Sən necə yaşayırsan, bu həsrəti, bilmirəm,
Bəlkə də unudubsan, bəlkə yadına düşmür.
Bəzən ayrılıqların saxlayıb getdiyi qəm,
Hər ürəyə yük olmur, hamı oduna düşmür.

Eşqi duyandan bəri neynəyim, mən beləyəm,
Tanrıya bağlanalı, duyğumun köləsiyəm.
Elə sanma, yolundan əsib ötən küləyəm,
Könlün bir az göynəsə, uğrunda öləsiyəm.

Bilirəm, ömrümüzün üzü payıza tərəf,
Ötən hər an içində yollarımız qısalır.
Həyat deyilən haqqın son ümidi, son hədəf,
Hamımızdan dünyada təkcə sevgilər qalır.

Dörd divar arasında bir həsrətin, bir də mən,
Neçə ki, nəfəsim var, mənim könlümdə varsan.
Yadında bir xatirəm qalıbdısa, birdənəm,
Hərdən adımı tutub, ruhumu ovudarsan.

RƏDD OLSUN, İMPERİYA NÖKƏRLƏRİ !

Tarixə 1918-ci il 8-10 yanvar «Şamxor hadisəsi» kimi yazılan bir olay var. Qısaca onu deyim ki, həmin hadisədə Türkiyə ilə savaşdan qayıdan hərbçilərlə dolu rus eşalonu Şəmkir stansiyasında dayandırılmış və tərksilah edilmişdi. Hadisəni unutmayan sovetlər otuzuncu illərin başlanğıcında bu cəsarətli hərəkətin iştirakçılarını sonuncu nəfərinədək müəyyənləşdirərək güllələyiblər. Mənim ana babam da güllələnənlər sırasında olub…

Mən baba üzü görməmişəm,
duymamışam, bu doğmalığın
şirinliyini.
Anam da ata üzü görməmişdi,
dünyaya göz açanda,
yetimlik zəbt eləmişdi,
ürəyinin dərinliyini.
Babamı soruşanda
yayınıb yanğılı suallarımdan,
atam demədi,
anam demədi,
sinəsi dağlı nənəm demədi-
babamın kimliyini.
Ölüm qorxusu kimi
canlarına çəkmişdilər
qanlı sovetlərin hakimliyini.
Başımı sığallayıb
nağılla ovutdular, məni,
noğulla ovutdular məni,
bəlkə də yaşamağım xətrinə
ürəklərində düyünlənmiş dərdlərindən
uzaqda tutdular, məni.
Demədilər,
demədilər ki, babanı sovet öldürüb,
əsrin on səkkizində Şəmkirdə
qarşısı kəsilən rus eşalonuna görə,
gorbagor Lenin planına görə.
Düz on iki ildən sonra
güllələyiblər babamı.
Şərdən yayınmaq üçün içinə
yığılıbmış, hamı.
Sonra doğmalarımızı arayıblar,
başıpapaqlıları darayıblar,
dünyadan qovulmuş kimi,
bir nəslə «xalq düşməni»
adını sırıyıblar.
Nənəm adını uca tutduğu ərinin,
anam üzünü görmədiyi atasının
həsrətilə köçdü dünyadan,
içi qəmdən yaralanmış
iki ömür keçdi dünyadan.
İndi bu torpağın üstündə gəzib
rus sevdasına bələnənlər,
xəyanətin qapısında sülənənlər,
Kremldən nəvaziş dilənənlər
rusun basılmazlığından dəm vururlar.
Vətəni satmaq üçün
xəyanət planları qururlar.
Və hər gün güllələyirlər babamı,
ağrılı yaddaşımda.
Rədd olsun, İmperiya nökərləri!

YANDIRIBLAR, TÜRKÜSTANI

  Doğu Türküstanda uyğur türklərinə qarşı soyqırım cinayəti işlənir. Türk və müsəlman dünyası səssizliyə qapılıb...

Daşı daş üstə qalmayıb,
Başı baş üstə qalmayıb,
Tarixin ilki olanın ,
Yaşı yaş üstə qalmayıb,
Söndürüblər Türküstanı.

Göy titrədən boylar hanı,
Harayı tutsun cahanı,
Burda bir tarix pozulub,
Burda bir yaddaş budanıb,
Sındırıblar, Türküstanı.

Ruhumuza təsəllidi,
Hökmü cahana bəllidi,
Metedən, Bilgədən belə,
Adı qeyrət misallıdı,
Dondurublar, Türküstanı.

Canı candan uzaq olub,
Özbək, türkmən, qazax olub,
Ortada şeytan əli var,
Gəlib uyğura dağ olub,
Qandırıblar, Türküstanı.

Başı Orxon yaylasında,
Qalıb vaxtın qarasında,
Min ildi çəpərə alıb,
İki çarxın arasında,
Yondurublar, Türküstanı.

Torpaq elə qan yalayıb,
Bu ruhu kim malalayıb?
Uyğurda çarmıxa çəkib,
Qarabağda «cila»layıb,
Dandırıblar, Türküstanı.

Nə olsun, haqqın tərsidi,
Bu da bir həyat dərsidi,
Millət belə susqun olmaz,
Dursun, bu düşmən hirsidi,
Yandırıblar, Türküstanı.

Bu xəbəri paylaşın: