Azərbaycanın Milli Qəhrəmanının doğum günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsi üzvləri Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günü münasibətiylə keçirilən mərasimdə iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov verib.


AVMVİB Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Hələ təhsilini hərbi liseydə davam etdirən zaman könüllü olaraq döyüşlərə qatılmaq arzusunda olduğunu bildirib. O, 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək, leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. Daha sonra bölük komandiri, tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət edib.


O, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi olduqdan sonra müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi vəzifələrdə çalışıb.

Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Onun ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub və o, Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.


Milli Qəhrəman Şükür Həmidov 22 oktyabrda Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyev onun adının doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda əbədiləşdiriləcəyini bildirib.

Elnur Səlim

Bu xəbəri paylaşın: