Putin 3,5 saatda Kremldə Paşinyandan bunu tələb edib

Rusiya Prezidenti Vladirmir Putinlə ötəngünkü görüşdən dərhal sonra “Moskva Hyatt” otelinə gedən Ermənistan Baş naziri Nikol Paşinyan burada Erməni Vəkilləri Assosiasiyasının üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, təşkilatın adından da göründüyü kimi, görüşdə erməni əsilli vəkillərin iştirak edəcəyi planlaşdırılsa da, otelə diasporun fərqli nümayəndələri gəliblər. Paşinyanın otelə dəvət etdiyi şəxslərin böyük qismi ermənilərin şimal qonşumuzdakı ən böyük diaspor təşkilatı sayılan Rusiya Erməniləri İttifaqından qopan şəxslər olublar. Maraqlı məqam odur ki, Paşinyana qarşı əks mövqedə dayanan, hətta parlament seçkisində iştirak edə biləcəyini iddia edən Abramyan Nikolun Putinlə görüşünün keçirildiyi bir zamanda İrəvanda Ermənistan Prezidenti Armen Sərkisyanla görüşüb.

Bununla belə Paşinyanın “Moskva Hyatt”da verdiyi açıqlamalar Ermənistan liderinin Kremldəki görüşünün necə keçdiyini az da olsa müəyyən etməyə imkan verir. Ona görədir ki, erməni diasporunun nümayəndələrinin qarşısına keçən Paşinyan dərhal Vladimir Putinlə görüşünün nəticələrindən çox razı qaldığını deyib.

Putinlə ilk dəfədir 3,5 saat davam edən görüş keçirən Nikol Paşinyan onunla demək olar ki, gündəmdəki bütün məsələlər və nüansları müzakirə edə bildiklərini söyləyib:

“Onu deyə bilərəm ki, ümumilikdə görüşün nəticələrindən çox razıyam. Əlbəttə, Rusiya Prezidenti ilə çox açıq münasibətlər formalaşıb, özəlliklə, son aylarda münasibətlər birbaşa xarakter alıb. Bu gün biz ikitərəfli gündəmdəki bütün məsələləri müzakirə etdik, regional və hətta beynəlxalq münasibətlər məsələlərinə də toxunduq.

Görüş məhsuldar keçdi. Biz sənəd imzalamadıq, amma bəzi sənədləri, o cümlədən təhlükəsizlik sferası, əvvəl imzalanmış sənədlərin reallaşdırılmasını müzakirə etdik. Siz bilirsiniz ki, bizim müştərək erməni-rus hərbi kontingenti, hava hücumundan müdafiə üçün ümumi regional sistem haqqında razılaşmamız var. Rusiya Prezidenti ilə bu razılaşmaların yeni situasiyada reallaşdırılmasının konkret mexanizmləri və planı müzakirə edildi”.

Nikol Paşinyanın çıxışında bir çox məsələlərə toxunsa da, regional kommunikasiyaların açılması məsələsinə yalnız bir cümlə ilə toxunaraq, yayınmağa çalışıb. Halbuki məhz dünənki görüşün ictimaiyyətə təqdim edilən görüntülərində Rusiya lideri regional kommunikasiyaların tam açılmasının – bərpasının müzakirənin əsas prioriteti olacağını elan etmişdi. Paşinyanın “hər şeyi müzakirə etdik” sözlərinə istinad etsək, görünən odur ki, Kremlin bağlı qapıları arxasında erməni liderlə bu məsələyə diqqət ayrılıb və ona konkret təlimatlar da verilib.

Paşinyanın açıqlamasında xüsusi diqqət yetiriləsi hissə Ermənistan ordusunu bərpa etməyə çalışan Rusiyanın müştərək erməni-rus hərbi birləşməsi və hava hücumundan müdafiə ümumi regional sistemi haqqında razılaşmanı gündəmə gətirməsidir. Bu məqam iddia etməyə imkan verir ki, Kremldə Paşinyana bu razılaşmalara yeniliklərin edilməsi, hətta genişləndirilməsi tələbi irəli sürülüb. Yəni dolayısı yolla Kreml Nikol Paşinyandan az da olsa müstəqilliyini qoruyub saxlayan erməni ordusunun tam olaraq Rusiyanın nəzarətinə verilməsini istəyib. Hakimiyyətini qoruyub saxlamaq istəyən Paşinyan isə görünür, buna müəyyən mənada razılıq verib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •