POEZİYA ÇƏLƏNGİ: KİMİNDİ BU MƏMLƏKƏT?

ELBARİZ MƏMMƏDLİ

Zaman elə gətirib, yükümüz dağ boydadı,
Biz bütöv olammasaq, yarı da olammarıq.
Baxın, bu planetin bir ayağı aydadı,
Kənardan köks ötürüb, sırada qalammarıq.

DOLAŞIR

Asılmışam yaxasından, gecənin,
Xəyallarım uzaqlarda dolaşır.
Görən, yazı yetirdimi, küləklər?
Duyğularım o dağlarda dolaşır.

Bir qorxu var, qartalları ürküdən,
Kimdi orda, «yuva»sını bərkidən?
Burda içim əridikcə bürküdən,
Könlüm orda yağış-qarda dolaşır.

Mənim olan mənimdisə, mənimdi,
Niyə, hamı mən olana qənimdi?
Ağrılarım payız ruhlu çənimdi,
Uralanmış ocaqlarda dolaşır.

Ruhumuzun günəş üzü gündoğan,
Kimdi, mənim varlığıma kin doğan?
Şər oğlu şər, sən günlüdü, sən doğan,
Gecə-gündüz, daş, divarda dolaşır.

Cavabsızdı, bu dünyanın niyəsi,
Od olanlar, bir gün özün yeyəsi,
Yerindədi, yerin-göyün yiyəsi,
Nə olsun ki, ucalarda dolaşır.

Ellər var ki, həsrət gözü qan dolu,
Yaranışdan öz ruhuna bənd olub,
Dərdimizin yükü neçə kənd olub,
Dəmir-dəmir barmaqlarda dolaşır.

Qürbət elin havası dan, adı dan,
Doğu könlüm yük tutammaz Batıdan,
Eşq umduğun cin çıxarır qutudan,
Pis niyyətdə, bəd ovxarda dolaşır.

Sinəmizdə açıb neçə yara, bax,
Əsir yurdda həsrət çəkən qara bax,
Ruhumuzun ucalığı Qarabağ,
Gör, nə vaxtdı intizarda dolaşır.

Yurd çağırır, Vətən oğlu, gedəkmi?
Bir zəfərin işığında itəkmi?
Yağmalanmış meşələrdə bitəkmi?
Yağı olan son baharda dolaşır.

RUHUMU OVUDARSAN

Həsrətin bulud-bulud çöküb yenə canıma,
Ləçəkləri tökülən gülə bənzəyir, ömrüm.
Elə bil ki, ağrılar od üfürür, qanıma,
Axıb səhrada itən selə bənzəyir, ömrüm.

Yazıb sinəmin üstə, adını yaşadıram,
İtibdi illərimiz, yolların arasında.
Hər axşam ovuduram, hər səhər oyadıram,
Yaşadıram duyğunu, qollarım arasında.

Könlüm elə yalandan gələn yaza ümidli,
Neçə yaz ötürmüşəm, səsin duyulmayıb ki.
Elə bil ki, arzumun qapıları kilidli,
Sevinci çərpələng tək göyə yayılmayıb ki.

Sən necə yaşayırsan, bu həsrəti, bilmirəm,
Bəlkə də unudubsan, bəlkə yadına düşmür.
Bəzən ayrılıqların saxlayıb getdiyi qəm,
Hər ürəyə yük olmur, hamı oduna düşmür.

Eşqi duyandan bəri neynəyim, mən beləyəm,
Tanrıya bağlanalı, duyğumun köləsiyəm.
Elə sanma, yolundan əsib ötən küləyəm,
Könlün bir az göynəsə, uğrunda öləsiyəm.

Bilirəm, ömrümüzün üzü payıza tərəf,
Ötən hər an içində yollarımız qısalır.
Həyat deyilən haqqın son ümidi, son hədəf,
Hamımızdan dünyada təkcə sevgilər qalır.

Dörd divar arasında bir həsrətin, bir də mən,
Neçə ki, nəfəsim var, mənim könlümdə varsan.
Yadında bir xatirəm qalıbdısa, birdənəm,
Hərdən adımı tutub, ruhumu ovudarsan.

KİMİNDİ BU MƏMLƏKƏT

Kimisə aldatmasın təbiətin duyğusu,
Bu yazın o üzündə min bir müəmması var.
Həmişə xeyir olmur sükutun daş yuxusu,
Sükutun içində də neçə qəmin yası var.

Önümüzdə yol durur keçə bilmişikmi ki?
Heç də həqiqət deyil üfürülən yalanlar.
Bizə düşən borcların sonuna gəlmişikmi?
Üzüləcək qayğıdan bizdən sonra qalanlar.

Bilmirəm, üstümüzdən çəkilməyən qəm nədir,
Ümidsiz bir təlaş var, adamların səsində,
Gör nə günə düşmüşük, əxlaq oyunu gedir,
Bu bədbəxt məmləkətin siyasi səhnəsində.

Toqquşan fikirlərin hansı düzdü, bilinmir,
Qurşayıb bir-birinə tərəflər qılıncını.
Bu torpağın üzündən köhnə dərdlər silinmir,
Hərə bir yerə yozur, canındakı sancını.

Düşmən öz yerindədi, deməyə ehtiyac yox,
Dadı Vətən deyilmiş, siyasi kürsülərin.
Millətin istəyinə bir kimsədən əlac yox,
Adı Vətən deyilmiş, siyasi kürsülərin.

Üzləri də yoxdu ki, çıxalar, el içinə,
Qaldıqca kötükləşən noxtalı parlamanlar.
Ümid varmı, millətin həsrət yurda köçünə?
Yenə doğulmaqdadı, qara-qara planlar.

Hamı birlikdən deyir, əritdilər bu mifi,
Böyük olan millətin birliyi də tam olur.
Ortanı bulandırır hələ, keçmişin kifi,
Açılan hər səhərin bir üzü axşam olur.

Kimindi bu məmləkət, sənin, mənim və kimin?
Bəlkə də əsəbimdən nəyisə düz demirəm,
Doğrunu duyan yerdən axtalanmış hakimin,
Femida kürsüsündən mən, haqqı gözləmirəm.

Zaman elə gətirib, yükümüz dağ boydadı,
Biz bütöv olammasaq, yarı da olammarıq.
Baxın, bu planetin bir ayağı aydadı,
Kənardan köks ötürüb, sırada qalammarıq.

Bu xəbəri paylaşın: