POEZİYA ÇƏLƏNGİ: BƏNÖVŞƏNİN DİBİNDƏYƏM

NƏRİMAN Qəhrəmanlı

Qarşımda yüz min əjdaha,
İnanmır biri Allaha,
Çəkdilər məni çarmıxa,
Ayaq yalın, başı açıq.

AYAQ YALIN, BAŞI AÇIQ

Özümü sizə köklədim,
Dərdimi sözə yüklədim,
Diz çöküb iməklədim,
Ayaq yalın, başı açıq.

Aldatdı məni düz yüz əl,
Aldatdı məni bir gözəl,
Uydurdum mən də bir qəzəl,
Ayaq yalın, başı açıq.

Bitsin, bu dərdər də bitsin,
Eşitsin, Allah eşitsin,
Kim var, mənimlə yol getsin,
Ayaq yalın, başı açıq.

Ən ağllı da deyiləm,
Qolu bağlı da deyiləm,
Heç Koroğlu da deyiləm,
Ayaq yalın, başı açıq.

Toydan, məclisdən qovuldum,
Alışdım, yandım qovruldum,
Yoruldum, elə yoruldum,
Ayaq yalın, başı açıq.

Nə demişəm, düz demişəm,
Mən də bax belə Dərmişəm,
Görmürsən qeybdən enmişəm,
Ayaq yalın, başı açıq.

Kimsə bilməz nə günahım?
Olmadı heç kim pənahım,
Görmədi məni Allahım,
Ayaq yalın, başı açıq.

Ulu Nuhun nəfəsiyəm,
Dədə Qorqud nəvəsiyəm,
Mən heç kimin heç kəsiyəm,
Ayaq yalın, başı açıq.

Qarşımda yüz min əjdaha,
İnanmır biri Allaha,
Çəkdilər məni çarmıxa,
Ayaq yalın, başı açıq.

SONRA NƏ OLUR?..

Edam kötüyüdü bəzi ürəklər,
Orda sevgilərin başı kəsilir.
Mənasız görünür daha baxışlar,
Ağzında dilin də sözü tərs olur,
Quruyar gözün də yaşı kəsilir.
Daha nəfəsin də ah oyuncaĝı,
Sən mənim gözümün islaq naĝılı.
Ruhum ümidlərin qəm dayanacaĝı,
Ürəklər qəribə suiqəsd yolu…
Heçliyə uzanır yol ayrıcları,
Aĝıydı, aĝardı daha saçlarım.
Ayır saçlarından üçcə tel ayır,
Alışdır, bax görək sonra nə olur?..

BƏNÖVŞƏNİN DİBİNDƏYƏM

Məni məndə axtarmayın,
Bənövşənin dibindəyəm.
Hərənizə bir pay düşüb,
Bir şairin təbindəyəm.

Gözüm o gözə xərclənib.
Hamısı sizə xərclənib,
Xərclənib, düzə xərclənib,
Mən də belə bir bəndəyəm…

Nəfəsim aha boyanıb,
Ürəyim dözüb dayanıb,
Layla səsinə oyanıb,
Bilirəm doğru dindəyəm…

Sirrimi açıb ağartma,
Dərd verib daha ağlatma,
Söz demə, boşa aldatma,
Görmürsənmi, nə gündəyəm?

ÇATMIR NƏYİSƏ…

Nə ahım oyun-oyuncaq,
Nə baxtım oyun-oyuncaq,
Hüsnünə baxdım doyunca,
Dünyanın çatmır nəyisə…

Alın yazım səhv yazılıb,
Çəkdiyim ah, səhv yozulub,
Düzü əyri, səhv düz olub,
Dünyanın çatmır nəyisə…

Qaçdım yüzünün dalınca,
Getdim, üzülüb qalınca,
Döndüm özümün dalınca,
Dünyanın çatmır nəyisə…

Daş, başdan ağır, ən başdan
Xəbərsiz, qardaş qardaşdan,
Xəbərsiz Allah qarğışdan,
Dünyanın çatmır nəyisə…

Bənövşə anlar dərdimi,
Dünya qalacaq yerdimi,
Əskik beşdimi, birdimi?
Dünyanın çatmır nəyisə…

Bu xəbəri paylaşın: