Təhsil naziri: “Ali və peşə təhsilində əlçatanlıq problemimiz var”

“Ali və peşə təhsilində əlçatanlıq problemimiz var”. 


Bu sözləri Təhsil naziri Emin Əmrullayev Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxışı zamanı deyib. 


Nazir bildirib ki, Azərbaycanda IX sinfi bitirdikdən sonra təhsilalanların ali və peşə təhsilində əhatəliliyi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə xeyli aşağıdır:


“Ümumilikdə ölkənin təhsil müəssisələrinin potensialından maksimum istifadə etsək, təqribən 40-60 minə qədər insanın istər ilkin peşə, istər orta ixtisas, istərsə də ali təhsil səviyyəsini almaq imkanı yoxdur. Məncə, bu, həll olunması vacib olan problemlərdən biridir.


Təhsil Nazirliyi olaraq bu istiqamətdə bir sıra qısamüddətli kurslar, təhsil müəssisələrinin nəzdində peşə təmayüllü siniflər və s. layihələrə başlamışıq. Xüsusi olaraq qeyd edim ki, hər il təxminən 50 mindən bir az çox təhsilalanın formal da olsa, yəni ümumtəhsil müəssisəsində bu və ya digər səviyyədə peşə təhsilinə yiyələnmək imkanı yoxdur”. 

E.Əmrullayev onu da əlavə edib ki, bu problem qısa zaman ərzində innovativ yollarla həll olunmalıdır:


“Son illər aparılan müşahidələr göstərir ki, ali təhsildə tələbə sayında artım var. Son bir neçə il ərzində tələbələrin sayı 30 faiz artıb. Nazirlik təbii ki, daha çox insanın ali təhsil almasında maraqlıdır. Lakin, həm maliyyələşmə, həm də keyfiyyət baxımından xüsusilə ali təhsil səviyyəsində kəmiyyət artımının keyfiyyət tənəzzülü ilə bir anda baş vermədiyindən əmin olmalıyıq. Bu, gələcək iqtisadiyyatın düzgün qurulması baxımından çox vacibdir”.

Bu xəbəri paylaşın: